Bakıda ağır yol qəzası baş verib. Bu barədə APA-ya Sabunçu Rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün səhər saat 08.00 radələrində Zabrat-Maştağa yolunda qeydə alınıb. 198 saylı xətt avtobusu qarşıdan gələn digər sərnişin avtobusu ilə toqquşub, daha sonra isə işıqforun dirəyinə çırpılıb. Nəticədə hər iki avtobusda olan 10-dan çox sərnişin xəsarət alıb.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya bildirilib ki, xəstəxanaya avtobus qəzasında xəsarət alan 7 nəfər daxil olub. Bunlar 51 yaşlı Gülniyar İbrahimova, 39 yaşlı Naibə Babayeva, 47 yaşlı Zümrüd Hacıyeva, 43 yaşlı Elşad Təhməzov, 55 yaşlı Sarvan Kərimov, 28 yaşlı Əli Adıgözəlov və 24 yaşlı Fərid Kərimovdur.
Yaralıların bir qisminə isə elə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.