maks-taker-ai

Azərbaycan hakimiyyəti bəşəri dəyərlərdən uzaqdır

maks-taker-ai“Amnesty İnternational”ın rəsmisi Əliyevlərlə bağlı beynəlxalq birliyə çağırış etdi

Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətini başa salmalıdır ki, dinc nümayişləri dağıtmaqla, azad sözü boğmaqla hörmət sahibi ola bilməz”

Noyabrın 6-dan 9-na qədər Bakıda internet idarəçiliyi mövzusunda beynəlxalq konfrans keçiriləcək. BMT çərçivəsində təşkil olunan konfrans ideyasını “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı sərt tənqid edib. Təşkilatın Cənubi Qafqaz və Ukrayna üzrə koordinatoru Maks Taker “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, Azərbaycanın internet idarəçiliyinə dair beynəlxalq konfrans keçirməyə mənəvi haqqı yoxdur:

– BMT tərəfindən internetin daha yaxşı idarə olunmasına dair konfransın məhz Azərbaycanda keçirilməsi ideyası ironiya doğurur. Çünki Azərbaycan həmin ölkədir ki, orada internetlə bağlı inanılmaz dərəcədə məhdudlaşdırıcı qanunlar var.  Onlar insanların internetdəki fəaliyyətini izləmək, hökumət qərar verdiyi təqdirdə, bu fəaliyyətə müdaxilə etmək imkanı verir. Biz hesab etmirik ki, bu, interneti idarə etməyin düzgün yoludur. Biz bu məqamı, həmçinin Azərbaycanda fikirlərini internetdə ifadə edən jurnalistlərə, bloggerlərə qarşı baş verənləri beynəlxalq aləmə çatdırmaq istədik.

– Azərbaycan hökumətinin söz azadlığının məhdudlaşdırılmasına, o cümlədən müstəqil jurnalistlərə qarşı təqiblərinə görə tez-tez beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən tənqid olunduğunu nəzərə alsaq, o zaman niyə BMT bu konfransı Azərbaycanda keçirməyə qərar verib?
– Burada spekulyasiya etmək çətindir. Aydındır ki, Azərbaycan bu konfransa ev sahibliyi etməyə və bunun üçün lazımi pulu xərcləməyə hazırdır. Hesab edirəm ki, əsas faktor bu olub. Mən bilmirəm ki, başqa hansı ölkə bu konfransa ev sahibliyi etmək təklifilə çıxış edib. Zənnimcə, məsələnin mahiyyəti budur.

– Sizcə, Azərbaycan hökuməti niyə bu mövzuda və bu miqyasda konfranslar keçirməyə can atır?
– Azərbaycan hökuməti cidd-cəhdlə çalışır ki, ölkəni dünyaya müasir, proqressiv və demokratik göstərsin və bu üzdən belə tədbirlər təşkil etməyə can atır. Əslində isə hökumət bu addımıyla Azərbaycanın proqressiv cəmiyyət haqda təsəvvürü ilə başqaların bu haqda düşüncələri arasındakı təzadı dünyaya çatdırmış olur. Dünyada çox az ölkə tapmaq olar ki, orada hökumət insanların internetdəki söhbətlərinə məhkəmə qərarı olmadan müdaxilə etsin.

– Azərbaycanda internetlə bağlı başlıca problem nədir? Siz hesabatda bəzi hüquqi problemləri də qeyd etmisiniz…
– Əslində, qanunların təəccüb doğuran cəhətləri odur ki, hökumət internet provayderlərindən softveyr və hardveyrlərə xüsusi sistem yerləşdirmələrini tələb edir. Bunun da vasitəsilə Milli Təhlükəsizlik Nazirliyi məhkəmə orderi olmadan internetdə danışıqları izləyə bilir. Onlar yalnız iş məhkəmə müstəvisinə çıxarıldığı halda, onlar order alırlar ki, guya, izlənmə qanuni olub. Bu da hökumətin azad sözə inanılmaz müdaxiləsidir. Bu, eyni zamanda, Azərbaycanın da qoşulduğu Insan hüquq və azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının pozulması anlamına gəlir.

– Azərbaycanda media azadlığıyla bağlı ümumi tendensiyanı necə dəyərləndirirsiniz? Sizcə, vəziyyət pisləşir, yoxsa yaxşılaşır?
– Hesab edirəm ki, Azərbaycanda durum uzun müddətdir ki, çox pisdir və biz yaxşılaşmanın işarələrini görmürük. Biz çox narahatıq ki, Azərbaycan bu növ konfranslara ev sahibliyi edə bilir və bunu edərkən də beynəlxalq ictimaiyyətin qınağından yayınır. Biz bunu “Euroivision” müsabiqəsi zamanı da gördük. O zaman fəallar telekanal  qarşısında piket keçirməyə cəhd edərkən həbs olundular. Beynəlxalq jurnalistlər də həmin vaxt orada idilər və bütün bunları yaydılar. Amma beynəlxalq ictimaiyyət bunu lazımi kəskinliklə pisləmədi. Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətinə aydın şəkildə çatdırmalıdır ki, o, dinc nümayişləri dağıtmaqla, azad sözü boğmaqla dünyada hörmət sahibi ola bilməz.