Əvəz Zeynallının gözəl bir sözü vardı: “Bal kimi…”. Vardı deyəndə, yəqin indi də o sözlə tez-tez, məqamı düşdükcə dilini şirin eləyir. Ancaq indi həbsdədi. Onunla görüşmürük, görüşə bilmirik. Çünki dünyada pis adamlar var. Onlar pis işlər görürlər. Adamları gözləri götürməyəndə, ya adamlar onlara əyilməyəndə şərləyirlər, üzünə adamabənzər varlıqları durğuzurlar, həbs etdirirlər heç nədən.
Əminəm ki, indi Əvəz o sözü daha ürəklə işlədir. “Məni bal kimi buraxacaqlar”, – deyir, “bu cür şərəşür hakimiyyət bal kimi gedəcək” və s. və i.a.
Əvəzi həbslə sındırmaq olmaz. Getdikcə buna daha çox inanıram. Əvəz kimi iddialı və ideyalı adamları sındırmaq çox çətindi. Ama daha çox ona görə inanıram ki, Əvəz addımlarına görə vicdanına və dostlarına hesabat verən adamdı. Atdığı hansısa addımı yanlış hesab eləyəndə dostlarını çaya çağırırdı, filan işi düz eləmədim, deyirdi. Yəni heç nəyi gizlində saxlamazdı. Yəqin hesab eləyirdi ki, yanlış addımlar radioaktiv maddələr kimidi. Onları nə qədər dərində basdırsan belə, yenə də şüalanma qaynağı olaraq qalırlar və bu sulanmanı görən dostlar var…
Ən əsası budur ki, Əvəz niyə həbs olunduğunu yaxşı bilir. Bunu bildinsə, gerisi qolaydı. Sən səni şərləyənləri tanıyırsan, niyə şərlədiklərini bilirsən, necə şərəfsizliklə elədiklərini də bilirsən, bundan sonra əyilməkmi olar?
Zaman keçdikcə həyatda hər addımın bumeranq olduğuna da daha çox inanmağa başlayıram. Məgər bu sıradan bir faktdımı? Gülər Əhmədova Əvəzi hansısa gizli audio yazıyla şantaj edir, rüşvət tələbində suçlayır (halbuki həmin yazıda Əvəzin rüşvət tələb etməsi haqda bir kəlmə də yoxdu; indi Əvəz bunu bildiyinə görə Gülər Əhmədovanın məhkəmədə şahidi kimi çıxış edən oğluna israrla suallar verir, ondan dəfə-dəfə özünün həmin audio yazıda rüşvət tələb edib-etmədiyini dəqiq eşidib-eşitmədiyini soruşur və ona xəbərdarlıq edir: məhkəmədə yalan ifadə verməyə görə cinayət məsuliyyəti nəzərdə tutulduğunu xatırladır). Və bu şərləmənin üstündən çox keçmir, eyni şey daha aydın və daha qəddar şəkildə Əhmədovanın öz başına gəlir. Həm də audio deyil, video yazı şəklində. Həm də hansısa “bir illik qəzet xərci” qədərində yox, qos-qoca 2 milyon manat məbləğində. Hər kəs bu videonu izləyib, hər kəs gedən söhbəti bilir.
Və elə buradaca Azərbaycanın hüquq dövləti olmadığı bal kimi ortaya çıxır. Hansısa qeyri-müəyyən audio yazıya görə Əvəzi, bir Azərbaycan vətəndaşını həbsə atırlar, ama tam aydın şəkildə görünən, Ramiz Mehdiyevdən Mehriban Əliyevaya qədər ciddi fiqurların adlarının çəkildiyi video o birinin həbsinə səbəb ola bilmir. Sadəcə, millət vəkilliyinin alınması və nöqtə. Demək ki, bu dövlətdə qanun deyə bir şey yoxdu. Eləcə fərdlərə görə dəyişən yanaşmalar var, vəssalam.
Indi hər kəs yazır ki, Əhmədovaya hücumlar onun dövlət başçısına müraciətindən sonra səngiyib. Artıq yapistlər öz sərt tələblərini dilə gətirmir və Gülərin YAP-a ləkə olduğunu söyləmirlər. Nə var-nə var, o, “ağzımı açmasınlar” deyib. Görəsən o ağzını açsa nələr deyə bilər? Axı onsuz da videoda onun çəkdiyi adlardan yuxarısı yoxdu. Yəni bundan o yanası varmı? Bütün sistemin Gülər prinsipi ilə çalışdığı da kimsəyə sirr deyil bu ölkədə. Sadəcə, listəyə yeni adlar əlavə oluna bilər, bu qədər. Dövlətimizin adı isə istənilən bu cür siyahıda baş yerlərdə gəlir.
Dərd ondadı ki, Gülərin “ağzını açmasalar”, onda da Elşad Abdullayev ağzını açacaq. Daha doğrusu, video sandığının ağzını. Odla su arasında qalmaq buna deyirlər. Hakimiyyətin çökdüyünü görmək üçün bu da yetərlidi. Bir ağızın açılmasından qorxmaqdı çöküş.
Bu bal söhbətini Bal yarmarkasını prezidentin dağıtması haqda yazını oxuyandan sonra xatırladım. Ramin Deko yazıb…

Zəhər qatılan bal
•
•