Bu yazı Ilham Əliyevin “Hər bir vətəndaş ildə bir dəfə müayinəyə getməlidir” çağırışına cavab olaraq yazılır, amma sadəcə mülahizə ilə yox. Mən sizə bu talesiz vətəndaşın adını da yazacağam. Elə bu məqalədəcə.
“Hər bir vətəndaş ildə bir dəfə müayinəyə getməlidir” deməyə nə var. Baxın, bu çağırışa heç kim qoşulmur. Əvvəla, xəstəxanaya getməyə cibdə pul gərəkdir. Xalqımız isə kasıbdır. Bəlli bir qrup milyona pul demir, böyük çoxluq isə qəpiyə güllə atır, güc-bəla ilə dolanır, boğazından-canından kəsib başqa problemləri həll edir. Bir də baxırlar ki, can da əldən gedir artıq, həkimə getməyə də gecikiblər…
Ikincisi, gərək səhiyyənin gücünə də inanasan ki, ona həvəslə müraciət edəsən. Ölkəmizdə çox bacarıqlı həkimlər də var. Ayrılıqda bəzi klinikaların və xəstəxanaların müəyyən uğurları da var. Ümumilikdə isə səhiyyə yoxdur, səhiyyə isə ümumən olmalıdır, hərtərəfli, sistem halında. Xəstəsi olan o saat soraqlaşıb yaxşı həkim axtarır, onu kənddə də tapsa, ora gedir. Səhiyyəyə xalqın inanmadığını Səhiyyə Nazirliyi də etiraf edir dolayı yolla. Məsələn, elan edilir ki, Bakıdakı Diaqnostika Mərkəzinə Belarusdan bacarıqlı həkimlər gəlib. Özü də Belarusdan. Deməli, özününkülərdən yaxşıdır ki, onları reklam edirsən. Hər gün klinikalar və xəstəxanalar xaricdən dəvət etdiyi həkimləri reklam edir. Xalq inanmır öz səhiyyəmizə. Iran səhiyyəsini isə reklam edən yoxdur, amma görürsünüz ki, hamı ora axışır…
Bəli, vətəndaşların da bu sahədə davranışları, yanaşmaları olduqca bərbad vəziyyətə düşüb. Ölkənin ümumən yanlış idarəçiliyi, talana xidmət edən siyasəti, ağır siyasi, iqtisadi, mənəvi durum həm səhiyyəni pis günə gətirib, həm də vətəndaşların düşüncə tərzinə mənfi təsir edib. Təzadlı və acınacaqlı bir durumdayıq.
Ölkə prezidenti səhiyyədə normal islahatlar aparmaq, tibbi sığortanı tətbiq etmək, sağlam rəqabət şəraiti yaratmaq, yerli klinikalarla dünyanın güclü klinikalarının əməkdaşlığına dəstək vermək, korrupsiyanı kəsmək əvəzinə, sonradan boş qalan tibbi mərkəzlər tikir və xalqı ora müayinəyə çağırır. Şanlı səhiyyəmizlə bağlı mən burada çoxlu təzadlı rəqəmlər sadalaya bilərəm. Məsələn, səhiyyənin inkişafı barədə 5 illik dövlət proqramı çərçivəsində 5 il ərzində cəmi 200 milyon manat xərclənib, amma ARDNŞ özünə 185 milyon manata ofis binası tikir. Amma bu ölkənin əsl təzadı xəstələrin ölkədən qırağa, xüsusən də Irana qaçmasıdır. Yəni rəqəmlərsiz də hər şey ortadadır.
Səhiyyə saat kimi işləməlidir. Bu, 21-ci əsrdir, Loğman dövrü deyil, həm də insan taleyindən söhbət gedir. Səhv diaqnozlar, yanlış müalicələr taleləri dağıdır. Xəstəliklərin yayılma səviyyəsi də dəhşətə çevrilib. Heç bir monitorinq, elmi analiz aparılmır, tendensiyalar izah edilmir, öyrənilmir. Hər şey bir-birinə qarışıb. Təsəvvür edin ki, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov insanların müalicə üçün Irana getməsini orada qiymətlərin aşağı olması ilə izah edir. Bəs bizdə pulsuz dövlət səhiyyəsi vardı? Buna nə olub?
Dövlət səhiyyəsindən söz düşübsə, bir epizodu xatırlayım. 2005-ci ildə övladımı uşaq poliklinikasına aparmışdım, onun qarşısında ölkənin tanınmış bir ziyalısına rastlaşdım. “Oxumuş adamsan, adam da uşağı poliklinikaya gətirərmi?” deyərək məni danladı. Məsləhət gördüyü bir həkimin telefonunu verdi mənə.
Nəhayət, daha bir problem barədə. Səhiyyə qurumları əlavə xəstəlik mənbəyidir. Bu günlərdə öyrəndiyim bir faktı deyəcəyəm. Internetdə hər iki böyrəyi funksiyasını dayandıran, dializlə yaşayan bir qadının videoçıxışı yayılmışdı. Əri Qarabağ döyüşlərinin veteranı olan bu qadın evsizdir, kirayədə qalır, ailəsi çörək pulu tapmaqda çətinlik çəkir və müalicələrin xərci onu quru yerdə qoyub. Bu günlərdə öyrəndim ki, Iradə Qurbanova adlı həmin xanım dializ zamanı Hepatitə də yoluxdurulub. Onu da öyrəndim ki, ölkəmizdə dializlə yaşayanlardan bu virusa yoluxdurulanlar tək o deyil…
Xalqı müayinə çağıranlar, bu qadına cavabınız varmı? Onu kim xilas etməlidir? Ona kim yardım etməlidir? Bu xalqdan deyilmi o qadın? Səhiyyə naziri o qadını niyə görməməzliyə vurur? Ilham Əliyevin o qadına hansı çağırışı var indi?

Xəstəxanaya getdi, daha bir xəstəliyə yoluxdu…
•