“Gülər parlamenti”nin bir üzvünün hədyanları ilə başlayan və günlərdir rejimin bütün yandaş mediasının səfərbər olduğu, hədələrin, hədyanların, söyüşlərin havada uçuşduğu, ağalarına “bunları susdurun artıq!”, “bunların niyə hələ də başı üstündə, qələmi əllərindədir?”, “bunlara niyə dözürsünüz?”, “bunlara niyə hələ də Azərbaycanda yer var?” janrında mesajların verildiyi bir linç kampaniyası izləyirik.
Ilk baxışda hədəf taxtasında içində bəndənizin də olduğu üç yazardır, amma…
Gerçək məqsəd başqadır.
Əsl niyyət başqadır.
Gerçək məqsəd ölkədə həqiqətlərin birbaşa, çılpaq söylənməsini əngəlləməkdir.
Əsl niyyət Azərbaycanı “icazəli cəsarət” dövrünə qaytarmaqdır.
Qulların dilini – Ezop dilini diriltməkdir.
Istəyirlər ki, kimsə doğruları öz bildiyi kimi deyil, öz istədiyi kimi deyil, aydın, açıq, birbaşa deyil, icazəli şəkildə yazsınlar. Tənqidlər üstüörtülü olsun. Taleyüklü məsələlərdən yan keçsin və ancaq onuncu, yüzüncü dərəcəli məsələlərlə sınırlansın.
Özləri tarix qarşısında gözləri kölgəlidir, başqalarını da özləri kimi görmək istəyirlər – tıpkı cəhənnəmə gedən özünə yoldaş axtardığı kimi.
Istəyirlər biz də ölkəni bu qədər bəlanın, çirkabın, mənəviyyatsızlığın içinə soxan rejimi bir tərəfə qoyub ehsanda niyə banan verildiyi, toyda musiqinin niyə baş-beyin apardığı…
Gündüzlər küçələrdə niyə lampaların yandırıldığı..
Metro vaqonlarına niyə hələ də kondisionerlərin quraşdırılmadığı kimi mövzularda yazıb baş girləyək ki, sabah bunlardan oğruların maliyyələşdirdiyi saytlarda, qəzetlərdə oturub sonuncu dərəcəli məsələlərin arxasında gizlənmələrinin hesabı sorulanda onlara nümunə göstəriləcək başqaları olmasın.
Sistemin üzərinə birbaşa gedənlər olmasın ki, bunlar da hər kəs kimi olduqlarını üzlərinə tutalğac edib işin içindən çıxsınlar.
Hədəf taxtasında üç yazardır, amma əsl hədəf birbaşa tənqidi…
Icazəsiz tənqidi…
Açıqsözlülüyü bitirməkdir bu ölkədə.
Hesab istəyən…
Soruşan…
Sorğulaya bilən…
Hər kəsi və hər şeyi öz adıyla çağırmaq cürəti olan qəzetçiliyin axırına çıxmaqdır.
Mediadan Kukla Teatrı, əli qələm tutan hər kəsdən də kukla düzəltmək, onlara sadəcə, öz istədiklərini və öz istədikləri kimi yazdırmaqdır hədəf.
Qələm yenə bizim əlimizdə olacaq – amma o qələmi idarə edəcək beyin…
O qələmə hökm edəcək ürək…
O qələmə diqtə edəcək vicdan bizim olmayacaq.
Budur hədəf! Budur məqsəd! Budur niyyət!
Bilənlər bilir, anlayanlar anlayır.
Bilməyənlər də bilsin, anlamayanlar da anlasın deyə yazdım.
Şeyx Əbdül Mahmudbəyov vaqeəsi
“Mən bu gün indiki prezident Ilham Əliyevin siyasətini dəstəkləyirəm. Onun apardığı siyasət məni qane etdiyi üçün tövbə edib siyasətdən çəkildim. Ilham Əliyeevi müdafiə etməkdə heç bir marağım yoxdur. Mən haqqın tərəfdarıyam. Əgər bu gün Ilham Əliyev yaxşıdırsa, Mehriban Əliüeva mədəniyyətimizin, təhsilimizin inkişafı üçün bu qədər işlər görürsə, niyə mən onları tənqid etməliyəm”. Bu sözləri bir neçə il əvvəl “mediaforum”a müsahibəsində Şeyx Ədül Mahmudbəyov demişdi.
Srağagünsə Mahmudbəyovun “Qış bulvarı” tikiləcək ərazidəki evini beyqəfil uçurublar və Şeyx Əbdül bu dəfə saytlara açıqlamasında belə fəryad çəkib: “Əhvalım çox pisdir, vəziyyətim ağırdır. Əsəbimdən belimin ağrısı tutub, yeriyə bilmirəm. Xalq artistinin evini başına uçurublar. Bilmirəm necə edim? Evimin içində quşlar uçuşur. Moskvadaydım. Evdən zəng vurublar ki, durma gəl. Gəldim ki, evimin sakinləri ilə bir yerdə quşlar uçuşur. Qalmışam belə, mən necə edim? Başımı soxmağa evim yoxdur. Bu toz-torpağın arasında mən necə yaşayacam? Bu boyda sənətkarın halı ilə maraqlanan belə yoxdur”.
Acınacaqlıdırmı? Əlbəttə!
Acıdımmı? Əsla!
Bu toplum başqasının haqqı əziləndə susduqca, o da azmış kimi əzənin müdafiəçisi olmağa davam etdikcə, bunlar həmişə olacaq.
“Mənə dəyməyən ilanı min yaşasın” zehniyyəti toplumun qafasından çıxmadıqca…
“Məndən uzaq olsun, istəyir Misirə sultan olsun” düşüncəsi beyinlərə hakim kəsildikcə, biz belə aqibətləri hələ çooox yaşayacağıq.
Heç kim tələsməsin. Hamının növbəsi çatacaq, hamının!
Sadəcə, bir az geci-tezi var.

Üç yazara qarşı linçin gerçək üzü
•
•