Rahim Hacıyev: «Bu iqtidar üçün müstəsna əhəmiyyətli məsələ hakimiyyəti qoruyub saxlamaqdır»
Elxan Şahinoğlu: «Balanslaşdırılmış xarici siyasət Azərbaycan üçün təhlükəlidir»
Son dövrlər Azərbaycanla Rusiya arasında ciddi problemlər yaşanmaqdadır. “Wikileaks” saytının açıqladığı məlumatlarda Ilham Əliyevin Putin barədə səsləndirdiyi fikirlərin ardınca Qəbələ RLS ilə bağlı iki ölkənin razılığa gələ bilməməsi, Azərbaycanın Rusiya istehsalı olan avtomobillərin idxalına qadağa qoyması, Israillə silah anlaşmasının Rusiyanın etirazına səbəb olması, həmçinin Iran və Suriya məsələsində hər iki ölkənin fərqli mövqe tutması münasibətlərdəki gərginliyin göstəricisidir.
Azərbaycanın Putinin Avrasiya Ittifaqı layihəsinə müsbət cavab verməməsi də Rusiya tərəfinin narazılığına səbəb olub. Bu günlərdə Moskvada nüfuzlu azərbaycanlıların bir araya gəlməsinin rəsmi Bakının narazılıqla qarşılaması bu gərginliyi bir qədər artırıb. Çünki Azərbaycan hakimiyyəti bu məsələdə Rusiyanın rolunun olduğunu istisna etmir. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Moskvaya səfər etməsi də təsadüfi deyil. Xatırladaq ki, Azərbaycanın Iranla münasibətləri gərgin olan dövrdə də məhz Əli Həsənov Tehrana səfər edərək mövcud problemlərin aradan qaldırılmasına səy göstərmişdi. Ancaq indiki məqamda Rusiya ilə münasibətlərin sadəcə bir bəyanatla həllini tapacağını gözləmək olmaz. Bəs seçim qarşısında qalan Əliyev hansı addımı atacaq?
Siyasi ekspert Rahim Hacıyev ötən illərdə Rusiyanın Azərbaycan hakimiyyətinə mövqeyini qoruyub saxlamaq üçün yardım etdiyini xatırlatdı. 2006-cı ilin əvvəllərində isə Putin Bakıda olarkən Rusiya-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymalı olduğunu bildirib.
Ekspertin sözlərinə görə, Putin bununla Rusiyanın etdiklərinin əvəzinə Azərbaycanın onun maraqlarına uyğun hərəkət etməli olduğuna işarə vurub. Lakin sonradan Rusiya ilə münasibətlər Moskvanın istədiyi kimi davam etmədi və münasibətlər gərginləşdi. Azərbaycan hakimiyyəti Putinin təşəbbüslərinə də müsbət reaksiya vermir. Bunun başlıca səbəbi isə odur ki, Azərbaycan hakimiyyəti nə Rusiya ilə, nə də Avropa ilə yaxın münasibətlərdə olmaq istəyir. Çünki iqtidar üçün müstəsna əhəmiyyət kəsb edən məsələ hakimiyyəti qoruyub saxlamaqdır. Bu səbəbdən də müxtəlif variantlarla balans siyasəti tətbiq etmək istəyirlər. Lakin dünyada gedən demokratikləşmə prosesini unutmaq olmaz. Eyni zamanda Qərbin Azərbaycan hakimiyyəti ilə münasibətləri də gərgindir.
Ekspertin fikrincə, Rusiya demokratiyanın sərhədlərinin genişlənməsinə ciddi müqavimət göstərir. Putin bütün imkanlardan istifadə edərək bu dalğanın qarşısını almağa çalışır. Son günlər baş verənlər isə göstərir ki, Rusiya yaranmış vəziyyəti öz xeyrinə dəyişmək üçün müəyyən addımlar atır. Həmçinin Moskva Azərbaycan hakimiyyətindən narazı olan insanların təşkilatlanmasından öz məqsədləri üçün istifadə edəcək.
Ekspertin sözlərinə görə, bütün tərəflərlə münasibətlərin gərgin olması Azərbaycan hakimiyyətinin perspektivlərini şübhə altına alır. Lakin Azərbaycan hakimiyyətinin Rusiyanın şərtlərini qəbul edəcəyi inandırıcı deyil. Çünki demokratik Qərb dünyasının şərtlərini qəbul etmək Azərbaycan hakimiyyətini daha az təhlükəyə ata bilər, nəinki Putin kimi avtoritarın. Güman ki, hakimiyyət sonda Qərblə yaxınlaşmağa üstünlük verəcək.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu balanslaşdırılmış xarici siyasətin Azərbaycan üçün təhlükəli olduğunu bir daha qeyd etdi. Çünki hamı ilə eyni məsafə saxlamaq olmaz. Artıq Putin hakimiyyəti Azərbaycana çox böyük təzyiqlərə başlayıb. Bu da təsadüfi deyil. Bir sıra prinsipial məsələlərdə Azərbaycan Rusiya ilə anlaşmaq istəmir.
Ekspertin sözlərinə görə, Azərbaycan xarici siyasətində artıq seçimini etməlidir. Avropa Birliyi və NATO ilə sıx təmasları inkişaf etdirmək lazımdır. Həmçinin Türkiyə ilə hərbi əməkdaşlığı yüksək səviyyəyə qaldırmağa ehtiyac var. Çünki balanslaşdırılmış siyasət davam edərsə, Rusiyadan Azərbaycana təzyiqlər getdikcə artacaq.
Fizzə