Ərdoğan Avropa Birliyinə vaxt verdi

“Brüssel və Ankara arasında 2023-cü ilə kimi kompromis əldə olunmasa, Türkiyə Avropa Birliyinə üzv olmaq niyyətindən daşınacaq”. Bu sözləri Berlinə rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Səfər çərçivəsində baş nazir alman kansleri Angela Merkellə görüşüb. Görüşdən sonra rəsmilər birgə mətbuat konfransı keçirib. Angela Merkel, baş naziri əmin etməyə çalışıb ki, arada olan ziddiyyətlərə baxmayaraq, Avropa Birliyi “vicdanlı” şəkildə Ankara ilə üzvlük danışıqlarını davam etdirmək niyyətindədir.

“Biz Şimali Kipr Türk Respublikasını tanıyırıq, halbuki başqaları bunu təkrarlamır. Xanım Merkel özü də təsdiq edib ki, Cənubi Kiprin təkbaşına Avropa Birliyinə daxil edilməsi böyük səhv olub. Türkiyə nəticələr əldə etməlidir. Avropa Birliyinin mövcud olduğu 50 il ərzində heç bir ölkə bizə göstərilən belə münasibətlə qarşılaşmayıb”.

Birgə mətbuat konfransında liderlər Suriya problemindən də yan keçməyib. Türkiyənin baş naziri ölkəsinə sığınan suriyalı qaçqınlarla bağlı Ankaranın Almaniyanın dəstəyinə ehtiyac duyduğunu açıqlayıb.
Qeyd edək ki, Suriyadakı münaqişə ilə əlaqədar 170 min suriyalı sakin Türkiyə ərazisində sığınacaq tapmalı olub.
Ərdoğan Berlin səfərində Avropa Birliyinin valyuta siyasətini də tənqid edib. Baş nazirin fikrincə, bu siyasətə yenidən baxmaq lazımdır.
Ərdoğan Türkiyənin avrozonaya daxil olmamaq, əvəzində türk lirəsi (TL) zonası yaratmaq üzərində düşündüyünü deyib. Bu zaman o, Böyük Britaniyanın təcrübəsinə istinad edib: “Böyük Britaniya avrozonaya daxil olmayıb, bununla belə, ölkənin iqtisadiyyatı olduqca sabitdir. Bizə məhz elə bunu etməyi Böyük Britaniya hökuməti məsləhət görür: avrozonaya daxil olmamaq və bununla yanaşı, TL zonası yaratmaq”.