Son 10-15 ildə Abşeron yarımadasının görkəmi sürətlə dəyişir. Bakıda modern göydələnlər, hotellər, ziyafət sarayları, villalar, restoranlar, ofislər tikilir. Abşeron bağlarında 5 metrlik hasarlara alınmış hovuzu, saunası, tennis kortu olan möhtəşəm bağ evləri – imarətlər tikilir. Şəhərin küçələrində yüz minlərlə manatlıq minik avtomobilləri şütüyür. Az qala bütöv Azərbaycanın cəm olduğu Abşeron yarımadasında bağ evlərinin, imarətlərin, villaların, restoranların, şadlıq evlərinin, hotellərin, bahalı avtomobillərin kimə məxsus olduğunu müəyyən etmək çətin bir iş deyil. Kimdən soruşsanız, “vəzifəli qurdlarındır” deyəcək.
Təbii ki, bu obyektlər nə müəllimin, nə həkimin, nə mühəndisin, nə də sıravi Azərbaycan vətəndaşınındır. Cüzi bir hissəsi halal yolla qazananlarındır, yerdə qalanları Azərbaycan dövlətini içəridən dağıdan vəzifəli qurdlarındır.
Reallıq belədir. Bu gün öz halal zəhməti sayəsində bir kimsə yaşadığı komasını təmir etdirmək iqtidarında deyilsə, imarət tikdirə bilərmi? Hansı həkim, müəllim, fəhlə dövlətdən aldığı maaşla göydələnlərdən ev almaq gücündədir? Bu, nonsesdir.
Dövlətdə vəzifə tutan məmurlar qısa zaman kəsiyində inanılmaz şəkildə varlanır. Elə vəzifə sahibləri var ki, bir ilin içində on milyonlarla manatlıq sərvət toplaya bilir. Yüksək vəzifə sayəsində oliqarxa çevrilmiş saysız-hesabsız qurd məskunlaşıb Bakıda. Illik vəzifə maaşı 10 min manatlıq “Jiquli” almağa yetməyən məmurların özləri bir tərəfə, uşaqları, məşuqələri 100 min manatlıq “Mersedes” idarə edir. Hansı yolla? Cavabı hamınız bilirsiniz. Dövlətin verdiyi birillik maaşla üç otaqlı mənzilini təmir etdirmək iqtidarında olmayan məmur 300-500 min manatlıq təzə mənzil ala bilir. Necə alır? Bunu da bilirsiniz.
Abşeron yarımadası QURDLAR YARIMADASIna çevrilir və getdikcə bir zamanlar mafiya məkanı olan Sicilya yarımadasına bənzəyir. Bu yarımadada gözəgəlimli nə varsa, vəzifəli qurdlarındır. 5 ulduz hotel də, pullu ayaqyolu da qurdların nəzarətindədir. Və zaman-zaman qurdlar arasında baş verən razborkalarda istifadə olunan avtomat silahların səsi eşidilir.
Bu gün Bakıdakı qurdlar şəhərin mərkəzini, demək olar, tam ələ keçirib. Şəhər mərkəzinin kasıblardan təmizlənmə prosesi gedir. Illərlə mərkəzdəki evlərdə yaşayan imkansızlar qurdlarla qonşuluq etməyin mümkün olmadığını dərk edir və psixoloji rahatlıq üçün Əhmədli, Günəşli istiqamətinə üz tutur. Indi təkcə Bakıdakı canavarlar yox, rayonlardakı vəzifəlilər də sərmayələrini bu yarımadaya qoyur. Məhz qurdların fəaliyyəti sayəsində Azərbaycanda çox kəskin təbəqələşmə prosesi gedir və qəribə orasındadır ki, nə zəngindən hansı yolla varlandığını, nə də məzlumdan it günündə yaşamasının səbəbini soruşan var. Hələ ki, yoxdur…
Azərbaycanda Türkiyənin bir serialına – “Qurdlar vadisi” serialına yəqin ki, çoxları maraqla baxır. Və o serialdakı cinayətkar, mafioz obrazları – Baronu, Laz Ziyanı, Iplikçi Nedimi, Tataroğlunu, Hüsrev Ağanı, Tombalacı Mehmeti və başqalarını Abşeron yarımadasında da tapmaq mümkündür. Sadəcə Azərbaycanın Polad Alemdarı yoxdur. Yoxdur, o səbəbdən ki, yüz illərlə kölə vəziyyətində yaşadığımızdan biz azərbaycanlılar üçün DÖVLƏT, QANUN, MILLƏT və VƏTƏN anlayışı hələ ki, böyük əhəmiyyət kəsb etmir. Və nə qədər ağır olsa da yazmaq gərəkdir ki, bu, bizim ən böyük faciəmiz, bədbəxtçiliyimizdir.
Fəqət, pessimizmə yuvarlanmağa dəyməz. Cinayətkarlar yuvası Siciliya yarımadasında DÖVLƏT mafiyanı yendi. Abşeron yarımadasındakı qurdları da DÖVLƏT bir gün boğacaq. Inşallah, o vaxt bizdə də bir “Qurdlar yarımadası: Abşeron” serialı çəkilər. Və əminəm ki, cümlə azərbaycanlılar bu serialın hər növbəti seriyasını çox səbirsizliklə gözləyəcəyik

Qurdlar yarımadası: Abşeron
•