Müəllimlər Misir Mərdanovu aksiya ilə hədələdi

Onlar keçən ildən kəsilib verilməyən maaşlarını tələb edir

“Azadlıq”ın redaksiyasına müraciət edən 30 nəfərin imzaladığı məktubda məcburi köçkün müəllimlərinin problemi əks olunub. 65 yaşla bağlı üzləşdikləri çətinlikdən danışan köçkün müəllimlər yazır:
“Yaşayış tərzimiz son dərəcə dözülməz olduğundan həyatımız faciələrdən ibarətdir. Biz hökumət tərəfindən kəsilib verilməyən orta aylıq maaşımızı almaq üçün dövlət başçısına üz tuturuq. 27 mart 2012-ci il tarixli müraciətimiz Prezident Administrasiyasından əlaqədar ünvanlara göndərilib. Lakin həmin ünvanlarda tədbir görülmədiyindən yenə də dövlət başçısına müraciət etmək məcburiyyətində qalmışıq. Prezidentin bizlər barədə verdiyi fərman, qərar və sərəncamların üzərinə qara örtük çəkilərək məsələ bağlanıb. Bu sərəncamlara uyğun olaraq hökumət biz 65 yaşlı məcburi köçkün müəllim və həkimləri nəzərə ala bilərdi. Lakin hökumət əks mövqedə duraraq bizlərin faşist daşnaqları tərəfindən didərgin salındığını belə nəzərə almayıb. Müraciət etdiyimiz strukturlar bizə cavab versə də Təhsil Nazirliyindən xəbər gəlməyib.
Nazirliyin bizə qarşı mövqeyindən görünür ki, onlar bizi hicab aksiyası keçirən mollalarla dəyişik salaraq aksiya və neqativ hallara sürükləyir. Lakin biz adımızın sahibi olaraq dövlət mənafeyini həmişə üstün tutmuşuq və bundan sonra da sözümüzün sahibi olacağıq.
Bizə olan humanitar yardımlar kəsilib, kommunal xərclər, idarə, müəssisə və təşkilatda işləyənlərin çörəkpulu kəsilib. Yeni doğulan uşaqlar köçkün rayonların adına göstərilmir. Yeni evlənənlərin biri məcburi köçkün ailəsinin övladı deyilsə, onların statusu bilərəkdən ləğv edilir. 20 il ərzində köçkünlük şəraitində doğulanlar Qarabağ torpağının nə olduğunu bilmir.
Prezident 2012-ci ildə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün 300 milyon manat ayırıb. Bəs niyə hökumət 65 yaş senzini bəhanə edərək son dərəcə ağır bir yükü boynumuza qoyub? Hökumət qanunun hamı üçün olduğunu bildirir. Lakin bu qanun hamı üçün deyil. Hamının torpağı işğal olunmayıb, hamıya 60 milyard ziyan dəyməyib. Hamının dədəsinin qəbri düşmən tapdağında qalmayıb. Hamı yaşlı vaxtında uşaq bağçalarında, yataqxanalarda, zirzəmilərdə yaşamır. Yalnız biz, taleyi qara gəlmişlər bu münasibəti görürük.
Keçən 20 il ərzində ixtisasımıza ehtiyac olduğu halda, süni şəkildə yaradılan maneələrlə işlə təmin olunmamışıq. Bizim məcburi köçkün statusumuz ləğv olunub. Qarabağ adı unutdurulub. Yaşamağımızın qarantı olan 01 avqust 2011-ci il tarixdən süni şəkildə kəsilib verilməyən maaşımızın təmin olunmasını istəyirik. Ya ətəyinizi kəsin, ya əlimizi, ya da…”.

Sosial şöbə