Bir az əvvəl Tarix Institutunun direktoru Yaqub Mahmudov böyük Türk hökmdarı Sultan Süleymanın həyatından bəhs edən “Möhtəşəm yüz il” serialını tənqid atəşinə tutmuşdu. Filmdə tarixi hadisələrin kəskin təhrif olunduğunu deyən tarixçi, onu Türk tarixi üçün “zəhərli film” adlandırmışdı.
“Möhtəşəm yüz il” bu gün türk dünyasında ən çox izlənilən seriallar arasında yer alır. Azərbaycan əhalisinin mənimlə birlikdə hardasa 60-70 faizi də o seyrçilər sırasına daxildir. Təbii, televiziyaya çıxdığı gündən bəri bir çox “skandallar”a imza atmış bu film Türkiyənin özündə də çoxlu tənqidlərə məruz qalıb. Ümumiyyətlə, belə seriallara tarix salnaməsi kimi deyil, fantaziya məhsulu kimi baxmağın tərəfdarı olsam da, tənqid olunan ssenari yazarlarına haqq qazandırmaq fikrim də yox. Ötən yazıların birində Türkiyəli yazar Hüseyn Mümtazın məqaləsindən gətirdiyim sitatda deyildiyi kimi: “Tarix yazmaq asan deyil, babanızın baqqal dükanındakı vərəsə dəftəri deyil tarixin yazıldığı səhifələr. Dəzgah arxasında qulaq arxasından çıxarılan diyircəkli qələmlə yazılmaz. Tarix ”bədəl” ödəyərək yazılar…”
Çox doğrudur. Bu mənada, Yaqub müəllimin dediklərinə haqq qazandırmamaq da olmaz. Amma üzümü Osmanlı tarixinin qızıl dövründə yaşananların ibtidai film variantından çevirib, Yaqub müəllimin də oturduğu Milli Məclis “sarayı”na çevirincə, məhz o “vərəsə dəftəri” yadıma düşür. O “vərəsə dəftəri” ki, orada yazılanlar bütün müasir tariximizin yönünü yanlış istiqamətə çevirib. Bu dəftərdə insanlar, hadisələr, yerlər, adlar belə, alt-üst edilib, yalanlaşıb, saxtalaşıb.
Yaqub müəllim deyir ki, adı tarixə Qanuni ləqəbilə düşmüş Sultan Süleymanın ABŞ Konqresində belə, barelyefi var, onun bir qadın tərəfindən idarə olunduğunu göstərmək kökündən yanlışdır. Sözüm yox, əlbət ki, keçmişin gizlinlərini də tarixin kitabını yazmış bir şəxs daha yaxşı bilər. O zaman həmin şəxs Azərbaycanda ilk demokratik cümhuriyyətin memarı sayılan bir siyasi xadimin yerinin də harada olduğunu gözəl bilsin gərək. Bolşevik istilası dövründə yazılan kitablarda adı yasaqlanan Məhəmməd Əmin Rəsulzadənin yeri indi haradadır? Bəs bugünkü tarix kitablarında onun kimliyini gələcəyə çatdıracaq nə var? Onunla bərabər cümhuriyyət uğrunda həyatını fəda etmiş böyük insanların haqqı harada qalıb? Yaqub müəllim, sizin tarixçilər orada – o Tarix Institutunda kitablara nələr yazır?..
Hələ bunlar azmış kimi, cəmi 23 ay yaşamış AXC hökumətini Azərbaycan torpaqlarının verilməsində ittiham edirsiniz. O zaman bu sualın cavabını da verməlisiniz: haradadır AXC dövründə Azərbaycanın sahib olduğu 114 kv. km torpaq ərazisi?
Bu gün uşaqdan-böyüyə hər kəs bilir ki, Azərbaycanın tarix dərslikləri ağ yalanlarla doludur. Bir tarixçi dostumuz danışırdı ki, kiminləsə olan şəxsi münasibətlərinə görə Bakıda 20 yanvar hadisələrinə rəhbərlik edən Yevgeni Primakovun adı belə, tarix kitablarına salınmayıb.
Bəli, bu gün Azərbaycan tarixi məhz o şəxsi münasibətlər və şəxsi “monopoliya qanunları” əsasında yazılır. Təəssüf ki, siz də bu “qara salnamə”nin yazılmasına rəhbərlik edirsiniz. Üzvü olduğunuz parlament hər addımda tarixi baş-ayaq çevirən qərarlara imza atır. Siz də bu saxtakarlıqların şərikinə çevrilirsiniz.
Elə zəhərli yalanlar var ki, insanı o dünyada da rahat buraxmaz. Bir gün kiminsə babasının, atasının, anasının, əmisinin, xalasının xeyrinə saxtalaşdırılan tarix hökmən yenidən yazılacaq. Hər kəsin “baqqal dükanındakı vərəsə dəftəri” qarşısına gələcək. Sultan Süleymana qalmayan dünyadır…

“Möhtəşəm yüz il” və Sultan Süleymana qalmayan dünya
•