Hakimiyyət mer seçkilərinə getməyə qorxur

Avropa Şurasının tələblərindən sonra iqtidar bu məsələni prezident seçkisindən sonraya saxlamağa məcbur olub

Avropa strukturlarının Azərbaycanda mer seçkilərinin keçirilməsi ilə bağlı tələblərinə baxmayaraq hakimiyyət mövzudan yayınır. Xatırladaq ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin oktyabrın ikinci ongünlüyündə Strasburqda keçirilən toplantısında Azərbaycanda bələdiyyə sistemi ciddi tənqid edilib və Bakı rəhbərliyinin seçkilər yolu ilə formalaşdırılması yenidən gündəmə gətirib.
Konqres çox tezliklə Bakı meriyasının yaradılması, seçkilərin keçirilməsi və Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması məsələlərini bütün siyasi qüvvələrlə, vətəndaş cəmiyyəti institutunun təmsilçiləri ilə açıq müzakirələrə çıxarmağı, eləcə də ən qısa zamanda bu istiqamətdə real addımlar atmağı tələb edib. Əks təqdirdə, Bakının paytaxt rəhbərliyini öz nəzarətində saxlaması AŞ qarşısında götürülən öhdəliyin ciddi şəkildə pozulması kimi qiymətləndiriləcək və bu məsələ qurumun Parlament Assambleyasında müzakirəyə çıxarılaraq qərar qəbul ediləcək.
Azərbaycan hakimiyyəti isə indiki vəziyyətdə mer seçkiləri keçirməkdə maraqlı deyil. Iqtidar ideoloqları düşünür ki, prezident seçkisi ərəfəsində mer seçkilərinə getmək əlavə problemlərə səbəb olacaq. Birincisi, hakimiyyət prezident seçkisi ərəfəsində ölkədə siyasi aktivliyin artmasını istəmir. Mer seçkiləri isə istər-istəməz siyasi fəallığın artmasına səbəb olacaq. Digər tərəfdən hakimiyyət daxilində mer postu uğrunda iri oliqarxlar arasında mübarizə gedir. Bu sırada xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun və Milli Məclisin spikeri Oqtay Əsədovun adı çəkilir. Iqtidar ideoloqları hesab edir ki, mer seçkiləri qruplar arasındakı mübarizəni daha da şiddətləndirə və bu hakimiyyət üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.
Hakimiyyətdaxili mənbələr bildirir ki, Avropa strukturlarının təkidli tələblərindən sonra hakmiyyət mer seçkilərinin heç olmasa prezident seçkisindən sonraya saxlanılmasına razılıq verib.
Modern.az-ın yaydığı bir xəbər də deyilənlərin əsassız olmasını göstərir. Avropa Şurasının saytına istinadən verilən həmin xəbərdə deyilir ki, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycan hökumətini tövsiyələri həyata keçirmək üçün yenidən təxirəsalınmaz tədbirlər gerçəkləşdirməyə çağırıb. Konkret fəaliyyət planı çərçivəsində Konqres Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovu 2013-cü ilin oktyabrında müzakirələr üçün Konqresə dəvət edib. Məlumat üçün deyək ki, Azərbaycanda prezident seçkisi 2013-cü ilin oktyabrın 16-da keçiriləcək.