Ermənistan Azərbaycana qarşı iddia qaldırır
Ermənistan Ramil Səfərovun ekstradisiyası, qətlə yetirilən erməni zabiti Qurqen Marqaryanın varisləri və cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Hayk Mukuçyanın hüquqlarının müdafiəsi məsələlərilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır.
Ramil Səfərovun işi ilə bağlı Avropa Insan Haqları Məhkəməsinə müraciət etmək məqsədilə müvafiq işçi qrup yaradılıb, müxtəlif istiqamətlərdə iş aparılır. “BBC Azərbaycanca”nın yaydığı məlumata görə, bunu Yerevanda jurnalistlərlə görüşü zamanı Ermənistan ədliyyə naziri Hrayr Tovmasyan deyib.
“Işlər bütün istiqamətlərdə sürətlə davam edir, konkret taktika seçilib”, – deyə nazir “bir sıra məqamları nəzərə alaraq” təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, erməni zabitinin qətlilə əlaqədar Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana verilərək əfv edilməsindən dərhal sonra Ermənistan prezidenti Serj Sərkisyan ölkənin səlahiyyətli orqanlarına beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək tapşırığı vermişdi.
Onu da əlavə edək ki, iş üzrə zərərçəkmiş qismində tanınan Hayk Mukuçyan da 2004-cü ildə Qurqen Marqaryanla Budapeştdə ingilis dilinin təkmilləşdirilməsi üzrə hərbi kurslarda iştirak edib. O, istintaqa ifadəsində bildirib ki, Ramil Səfərov Qurqen Marqaryanı öldürdükdən sonra onun da otağının qapısını sındırmağa cəhd edib.