beyubov

Bəylər Əyyubov iş adamının obyektini sökdürür

beyubovİsgəndər Xəlilova məxsus «Bakı» mehmanxanasının sökülməsi ilə «Milyarderlər klubu» arasında əlaqə varmı?

“Bakı” mehmanxanasını sökməyə başladılar. Xeyli vaxtdan sonra hotelin yerlə-yeksan olunmasında maraqlı məqamlar nəzərə çarpır. 4 gündür ki, müəssisədə söküntü işləri gedir. “Bakı”nın hər tərəfi hasarlanıb. Səməd Vurğun bağı ilə üzbəüz yerləşən 12 mərtəbəli mehmanxananın sökülməsinə səbəbsə müasir tələblərə cavab vermədiyi bildirilir. Bir sözlə söküləcək və yenisi inşa olunacaq.
Səhmdarlar isə buna etiraz edirlər. Bu məsələyə bir azdan qayıdacağıq.

“Səhmdarıqsa hamımızın hüquqları qorunmalıdır”

“Mehmanxana Bakı” ASC Idarə Heyətinin sədri Xanlar Abbasov mətbuata açıqlamasında yeni bina tikilməsi barədə qərar 6 il əvvəl qəbul edilib, ancaq maliyyə problemləri üzündən həyata keçirilməyib: “Layihə üçün investisiya cəlb edilərkən minoritar səhmdarların (168 fiziki şəxs) hüquqları pozulmayacaq. Müşahidə Şurasında təmsil olunan macoritar səhmdarlar səhmlərini satmaq istəyənlərdən onları müqavilə qiyməti ilə almaq niyyətindədirlər. Qalan səhmdarlar təsərrüfat fəaliyyətindən divident əldə edəcəklər”.

Ancaq 1998-ci ildə vauçer hərracı ilə özəlləşdirilən mehmanxananın 168 səhmdarı söküntü işlərindən xəbərsizdir. Onlara binanın nə məqsədlə və nə zaman söküləcəyi barədə xəbərdarlıq almayıblar. Idarə Heyətinin ümumi yığıncağı təşkil olunmayıb və səhmdarların hüquqları elə ilk mərhələdə pozulub. Buna etiraz əlaməti olaraq ötən gün səhmdarlar mehmanxananın qarşısında etiraz aksiyası keçirdilər. Onlar tələb edirlər ki, ümumi yığıncaq dərhal çağırılsın və hər kəsə binanın taleyi barədə hesabat verilsin. Narazılar dövriyyədə nominalı 2 manat olan 800 min səhmin olduğunu bildirirlər. Qanunsuzluqla üzləşən səhmdarlar müəssisənin avadanlıqlarının kimə və hara satıldığı barədə heç bir məlumata malik deyillər. Səhmlərin 95 faizinin bir nəfərin əlində olduğunu deyən etirazçılar söylədilər ki, kiçik səhmdarlara məhəl verilmir, onların sözləri qulaq ardına vurulur: “Biz şəhərin abadlaşmasının əleyhinə deyilik. Ancaq qanun çərçivəsində aparılsın. Xanlar Abbasov ümumi toplantı keçirməli və orada səhmdarlara elan etməlidir ki, bina söküləcək. Bilməliyik ki, səhmdarların aqibəti necə olacaq. Bizə sənəd təqdim etmirlər ki, bilək buranı kim, niyə sökür? Izahat versinlər, bilək ki, nə baş verir. Binanın söküntüsü zamanı avadanlıqlar hara satılıb və o vəsait haradadır. Bütün bunlar haqda bizə hesabat versinlər. Səhmdarıqsa hamımızın hüquqları qorunmalıdır”.

“Aksiyalar davam edəcək!”

Etirazçılar təkcə alminium pəncərələrdən 1 milyon vəsait əldə olunduğunu deyirlər: “Ortada böyük qanunsuzluq var və bunlar hamının gözü qarşısında baş verir. Biz məsələ ilə bağlı ölkə başçısına, əmlak komitəsinə və bütün aidiyyatı orqanlara müraciət etmişik. Müraciətlərimizi nəticəsiz qalıb. Hər şey göz önündədir – səhmdarların xəbəri və razılığı olmadan mehmanxana sökülməyə başlanıb”.
Səhmdarlar daha sonra jurnalistlərin müşayiəti ilə binanın həyətinə daxil oldular. Onlar iş icraçılarını çağırıb hesabat tələb etdilər. Ancaq özünü təqdim etməyən bir şəxs nümayəndə qismində gəlib jurnalistlərlə kobud danışmağa və davranmağa başladı. O, “siz kimsiniz məni çəkirsiniz” “rədd olun!”(daha təhqir ifadələrlə – R.D) və bu kimi ifadələrlə çəkilişə mane olmağa çalışdı. Hətta jurnalistlərin əlindən videokamera və fotoaparatı alıb sındırmaq istəyirdi. Söküntünün niyə və kim tərəfindən aparıldığına dair suallara cavab verməyən “qəhrəmanımız” sonra ərazini tərk etdi. Daha doğrusu, binanın həyətindəki “bina”ya daxil olub qapını kilidlədi.
Səhmdarlar isə söküntü işləri qanunsuz həyata keçirildiyinə görə aksiyaları davam edəcəklərini bildirdilər. Narazılardan bir neçəsi isə məhkəməyə müraciət edib.

“Bakı”nın sahibi kimdir?

Mehmanxananın kimlər tərəfindən ələ keçirilib sökülməsi ilə bağlı prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun birbaşa nəzarəti altında olduğu iddia edildi. Obyektin dağıdılması işlərini də Əyyubova məxsus olduğu deyilən “Alyans NN” inşaat şirkəti icra edir.  
Qəribəsi odur ki, məşhur iş adamı Isgəndər Xəlilova məxsus şəhərin mərkəzindəki bu mehmanxananın uçurulması birdən-birə yada düşüb.
Bir vaxtlar Dövlət Əmlak Komitəsinin balansında olan mehmanxana AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevə satılıb. Ramiz Mirzəyevdən sonra mehmanxana ölkə başçısı Ilham Əliyevin əmisi Cəlal Əliyevin olub. Ondan sonra isə mehmanxana tanınmış iş adamı Isgəndər Xəlilova məxsusdur. Bir müddət əvvəl Isgəndər Xəlilovun satışa çıxardığı bu obyektin sökülməsi indiki məqamda sökülməsi təsadüfi hesab edilmir. Belə mülahizələr var ki, obyektin sökülməsi Rusiya Azərbaycan Təşkilatları Ittifaqı (RATI) ətrafında baş verənlərə əlaqəlidir. Məlumat üçün deyək ki, Isgəndər Xəlilov RATI-nin təsisçilərindəndir. Azərbaycan hakimiyyəti bu qurumu Kremlin layihəsi hesab edir və bu baxımdan təşkilata qarşı hücumlar var. Hətta bu məsələyə görə Isgəndər Xəlilovun Bakıya çağıralaraq danlanıldığı barədə məlumatlar var. Görünür, hakimiyyət Isgəndər Xəlilovu danlamaqla kifayətlənməyərək onun obyektini sökməyə qərar verib.  

***

Bir neçə il öncə də Bakıda səhmləşdirmə metodu ilə “Moskva”, “Azərbaycan”, “Cənub”, “Köhnə inturist”, “Şərq” və başqa hotellər özəlləşdirilib. Ilk iki hotel – “Moskva”, “Azərbaycan”ın yerində “Baku Fires” və “Hilton Baku” hotel və biznes mərkəzləri tikilib

Ramin DEKO