Astronomya elminin parlaq siması Uluqbəy

Fateh Əmir Teymurun nəvəsi…

Dünya elmində, xüsusən astronomiya və astrologiyada xüsusi yeri olan Uluqbəy (tam adı Məhəmməd Taraqay bin Muinüddin Şahrurdur) Əmir Teymurun nəvəsi olub. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinə başçılıq edib. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır.Uluqbəy 1395-ci ilin 22 martında qədim türk yurdu Səmərqənddə dünyaya gəlib. Bursalı Qadızadə Rumidən dərs alan Uluqbəy hələ uşaqlıqdan öz istedadı ilə saray əyanlarını mat qoyurdu. Hələ erkən yaşında qardaşlarından fərqli olaraq saraydan, dövlət işindən uzaq dururdu.
Meydanlarda at çapmaq, qurşaq tutmaq və qılınc oynatmaq kimi hərb işi ilə maraqlanmırdı. Bütün bunlar ona irad tutulsa da, o, inadından dönmürdü. O, yeniyetmə yaşlarında ikən Qurani-Kərimi əzbərləmiş, ərəb dilini mükəmməl şəkildə öyrənmişdi.
Uluqbəy 1411-ci ildə Mavəraunnəhr əyalətinə xaqan naibi kimi göndərilmişdir. Atası vəfat edəndən sonra hakimiyyəti ələ alıb, Səmərqəndi özünə paytaxt seçmişdi. Uluqbəy Səmərqənd sultanı sarayında riyaziyyat və fizika alimlərini, şairləri, ədibləri, sənətkarları toplayar və söhbət edərdi.ÿO, elmin inkişafına, ticarətə və iqtisadiyyata böyük önəm verərdi. Dünya elm tarixinin o vaxta qədər yetişdirdiyi ən böyük astronomiya alimi kimi şöhrət qazanmasının bir səbəbi də 1420-ci ildə Səmərqənddə tikdirdiyi rəsədxana olmuşdu. Burada aparılan araşdırmalar 12 il sürmüş, Ayın və ulduzların hərəkətlərini göstərən cədvəllərin yer aldığı səma xəritəsi 1437-ci ildə tamamlanmışdı. Səmərqənddə qurmuş olduğu rəsədxanada Yer kürəsinin Günəş ətrafındakı tam dövrünü – yəni, bir ili 365 gün, 6 saat, 9 dəqiqə, 6 saniyə olaraq hesablamışdı.
Amma Uluq bəyin hökmdarlığı uzun sürmür. Oğlu Əbdüllətif ona qarşı çıxır. O da oğlu ilə mübarizə aparmaqdan imtina edir. 24 oktyabr 1449-cu ildə təslim olur və aman istəyir. Şeyxlər elə həmin gün ona məhkəmə qurur. Onu zalımlıqda, ədalətsizlikdə günahlandırırlar. O, məhkəmədən yalnız bircə şey – Səmərqənddə qalmağa və elmlə məşğul olmağa icazə istəyir. Məhkəmə isə günahlarını yumaq üçün onun Məkkəyə getməsi barədə qərar çıxarır. Lakin şeyxlərin elə həmin gecə çıxardığı başqa bir qərarla Uluqbəy ölüm cəzasına məhkum olunur.
Üç gündən sonra Uluqbəy Hacı Xorasanla Məkkəyə yola düşür və Səmərqəndə yaxın kəndlərin birində 1449-cu ilin 25 oktyabrında öldürülür.
Dünya alimlərinə cığır açan elmi irs
Tarixin təzadlı səhifələrində göstərilir ki, münəccim Uluqbəyin qətlindən bir il keçməmiş Əbdüllətif taxtdan salınır. Sonra da ata qatili kimi edam olunur. Hakimiyyətə gələn yeni xan siyasi məqsədlə Uluqbəyin cənazəsini Guri-Əmir məqbərəsində dəfn etdirir. Vaxtilə Uluqbəyin ölüm fitvasını verdirən və qətli hazırlayan şeyxlər isə sağ-salamat qalırlar. Həm də cənazənin qalıqlarınıy məqbərəyə gətirilməsində böyük canfəşanlıq göstərirlər.
Cəmi 54 il ömür sürən böyük münəccim və astronom, siyasi xadim və şair özündən sonra böyük bir irs qoyub.
Uluqbəyin öldürülməsindən sonra onun yaxın dostu astronom Əli Quşçu Əbdüllətifin ondan da intiqam alacağından ehtiyat edərək, ulduz cədvəlini, həmçinin dostunun yazdığı əsərlərin bəzilərini götürərək Həccə getmək adı altında Səmərqəndi tərk edir. O, Istanbula gəlir və burada dostunun və müəlliminin ulduzlarla bağlı əsərlərini çap etdirməyə başlayır. Məhz onun səyləri nəticəsində Avropa Uluqbəylə yaxından tanış olur və onun ulduzların öyrənilməsinə həsr edilən əsərlərini müxtəlif dillərə tərcümə edirlər. Bu əsərlər Uluqbəyə Avropada və dünyada böyük şöhrət gətirir. Əli Quşçu 1470-ci ildə Istanbulda Ayasofya mədrəsəsinə professor təyin edilir. Uluqbəyin Türküstanda başlatdığı böyük elmi astronomik tədqiqatları o, burada davam etdirməyə başlayır.
Təəssüflər olsun ki, Uluqbəyin özündən sonra qoyub getdiyi rəsədxana sonralar əhali tərəfindən dağıdıldı və onun qalıqlarını itirmək məqsədi ilə üstünə torpaq tökdülər. Yalnız xeyli sonralar – 1908-ci ildə arxeoloq V.L.Vyatkin, çox çətinliklə də olsa, rəsədxananın yerini müəyyən edə bildi. Onun rəhbərliyi altında aparılan uzunmüddətli qazıntılar sonda öz bəhrəsini verdi, rəsədxananın qalıqları aşkar edildi. SSRI dövründə bu rəsədxana bərpa edildi və muzeyə çevrildi.
XX əsrin ən modern cihazları ilə aparılan hesablarla Uluqbəyin hesabları arasında sadəcə 58 saniyə fərq var. Bu səbəbdən də, Millətlərarası Astronomiya Dərnəyi tərəfindən Ayın görünən şimal yarımkürəsindəki bir bölgəyə “Uluqbəy krateri” adı verilib.
Böyük mütəfəkkirin Islam üçün gördüyü işlər də çox olub. Təkcə 1417-1420-ci illər arasında Səmərqənddə tikdirdiyi mədrəsənin adını çəkmək kifayətdir. Fəqət, günümüzə sadəcə, bu mədrəsədən quruca tikilidən və uçulub-tökülmüş minarələrdən savayı heç nə qalmayıb.
Dünya elmində əbədi imza
Uluqbəyin əsərləri ilə tanışlıq Avropada astronomiya elminin inkişafına yeni bir təkan verdi. Onun Avropada görkəmli bir astronom kimi tanınmasını 1648-ci ildə məşhur astronom Yan Hevel tərəfindən nəşr edilən “Göy ulduzlarının kataloqu” adlı əsər bir daha sübut edir. Adı çəkilən kataloqda dünyanın məşhur astronomlarının rəsmləri təsvir edilmiş qravüra var. Həmin məşhur astronomlar arasında Uluqbəy də var.
Uluqbəyin astronom kimi əldə etdiyi uğurlar Avropada ona böyük şöhrət qazandırdı. 1830-cu ildə onun adının əbədiləşdirilməsi qərara alındı. Böyük alman astronomu, Uluqbəyi özünə ustad hesab edən Iohann Henrix fon Medler Ayda kəşf etdiyi krateri Uluqbəyin adı ilə adlandırdı. Uluqbəyin əsərləri dəfələrlə Avropada nəşr olunub və indinin özündə belə, Avropa astronomları onu hörmətlə yad etməkdədirlər.
Uluqbəy böyük astronom olmaqla yanaşı, həm də mahir riyaziyyatçı idi. O, dərslik kimi istifadə edilən triqonometrik əsərlərin müəllifidir.
Uluqbəyin xidmətlərindən biri də çoxsaylı kitabxanalar inşa etdirməsidir. O, bu kitabxanalara Çindən, Hindistandan, Ərəbistandan və digər yerlərdən çoxlu sayda elmi kitablar gətirtmiş, orada işləmək üçün ən məşhur alimləri ölkəsinə dəvət etmişdi.
Uluqbəyin sarayında çalışanlar içərisində Anadolunun müxtəlif yerlərindən, o cümlədən Istanbuldan da çoxlu sayda elm adamları, memarlar, incəsənət nümayəndələri vardı.
Uluqbəy tarixə türk-islam dünyasının, eləcə də bütün dünyanın ən məşhur astronomu, elm və dövlət xadimi kimi düşmüşdür. Onun adı doğman vətəni Özbəkistanda əbədiləşdirilib və hər il doğum və ölüm günü xüsusi mərasimlərlə qeyd edilməkdədir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir