Məhərrəm Səfərli: «Hava limanında ümumiyyətlə, bu adda mağaza yoxdur»
“Olaylar” agentliyi Bakıdakı hava limanında yerləşən mağazalardan narazılıq edən vətəndaşın şikayəti əsasında məlumat yayıb. Məlumatda bildirilir ki, AZAL-a məxsus “Beautiful” mağazalar şəbəkəsindən aldığı malları kartla ödəmək istəyən şəxsə kartının işləmədiyini deyiblər. Aldığı məhsulların pulunu nəğd ödəyən vətəndaş kartını yoxlayanda həmin məbləğin kartdan da çıxarıldığını görüb.
Agentlik aeroport rəhbərliyinin bu cür məsələlərə diqqət yetirmədiyini də qeyd edib.
AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli isə bu məlumatı “fakta söykənməyən informasiya” kimi qiymətləndirib: “Aeroportun nəzdində ”Beautiful” mağazalar şəbəkəsi yoxdur. Belə bir alış-veriş mərkəzinin olmadığını bilsəm də, bu gün (dünən-red.) yenidən əraziyə baxış keçirərək bu adda satış obyektinin olmadığını yəqinləşdirdim. Şikayət edən şəxsin adı-soyadı, kim olduğu barədə agentlik məlumat verməyib. Anonim bir şikayət əsasında belə yalan məlumat yaymaq düzgün deyil. Həmin vətəndaş şəxsən mənə müraciət etsin, biz də onun alış-veriş etdiyi mağazadan şikayətinin araşdırılmasını təmin edək”.
Nigar