«Bu cinayət işini başladanlar sonda gülünc vəziyyətə düşəcəklər»
«Əsassız iddia irəli sürənlər bu saxtakarlığa görə cavab verəcəklər»
Elçibəy ailəsinin son müraciəti zəhərlənmə iddiası ilə bağlı başladılan saxta cinayət işinə və məzarın açılması cəhdlərinə qarşı etirazları bir qədər də gücləndirdi. Ölkənin fəal ictimaiyyəti, həmçinin ziyalılar ailə ilə həmrəylik nümayiş etdirərək məlum cinayət işini və məzarın açılacağı ilə bağlı iddiaları spekulyasiya və siyasi oyun adlandırıblar.
Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev “Şərq” qəzetinə verdiyi açıqlamada bildirib ki, Elçibəyin zəhərlənməsi ilə bağlı cinayət işinin başladılmasını absurd adlandırıb: “Bunun bir adı var – dəlinin biri quyuya daş atıb, min ağıllı çıxarda bilmir. Əgər Elçibəyin ailəsi və həkimlər onun zəhərlənməsi faktını təkzib edirsə, bu məsələnin şişirdilməsinə nə ehtiyac var? Bu, uydurma bir iddiadır. Elçibəyin məzarının açılmasına heç bir ehtiyac yoxdur. Hesab edirəm ki, bunu həyata keçirmək istəyənlər Hafizin səviyyəsinə düşməməlidirlər. Əslində dəlinin quyuya atdığı daşa fikir vermək lazım deyildi”.
E.Quliyev deyir ki, Elçibəyin zəhərlənməsi ilə bağlı açılmış cinayət işinə dərhal xitam verilməlidir: “Bəyin zəhərlənməsi faktı heç cür inandırıcı görünmür. Düzdür, bəyi mənəvi tərəfdən zəhərləyənlər kifayət qədər olub. Elə bu dəqiqə onun zəhərlənib öldürülməsi iddiasını irəli sürən adamlar da başda olmaqla, bəyə qarşı mübarizə aparanların əksəriyyəti onun ruhunu və mənəviyyatını zəhərləməklə məşğul olublar. Amma onun fiziki, klinik cəhətdən zəhərlənib ölməsinə inanmıram. Belə bir şey qətiyyən ola bilməz. Belə bir cinayət işi əvvəldən açılmamalı idi. Bu işi qaldıranlar sonda gülünc vəziyyətdə qalacaqlar”.
Keçmiş təhsil naziri, professor Firudin Cəlilov deyir ki, Elçibəyin ruhunu incitmək çox böyük günahdır: “Əsassız iddiaları irəli sürən insanlar bu saxtakarlıqlarına görə cavab verməli olacaqlar. Bəy rəhmətə getməmişdən 2 ay qabaq mənə zəng etmişdi. Xeyli söhbət etdik. Xəstəliyindən xəbərdar idi. Və artıq mənəvi cəhətdən özünü ölümə hazırlamışdı. Ona görə də onun zəhərlənərək öldüyünü demək ağılsızlıqdır. Xəstə, sayılı günləri qalan adamı zəhərləmək kimə lazımdır? Həm də ki, o, Gülhanə xəstəxanasında tibbi müayinədən keçib. Analizləri var. Başa düşmürəm, Elçibəyin zəhərlənib öldüyünü iddia edənlər, mütəxəssislərdən çox bilir? Hər halda elə bir fakt olsa, həkimlər deyərdilər. Hansı məqsədlə belə bir şayiə yayıblar bilmirəm. Onu deyə bilərəm ki, çox yanlış bir hərəkətdir. Mən də ailəsi ilə həmfikirəm. Bəyin silahdaşı, yaxın dostu olaraq, onun məzarının açılmasına və ruhunun incidilməsinə qəti etiraz edirəm”.