Zakir Qaralov İlham Əliyevdən qərar gözləyir

«Gülər Əhmədova olayı» ilə bağlı hansı addımlar atılacaq?

Baş prokuror Zakir Qaralov məzuniyyətdən qayıdıb. O, artıq iş başındadır. Zakir Qaralov “Gülər Əhmədova olayı”ndan bir neçə gün sonra məzuniyyətə çıxmışdı. Onun bu addımı “Gülər Əhmədova olayı”nda üz-üzə gələn hakimiyyət daxili qrupların təzyiqindən yaxa qurtarmaq, məsuliyyəti öz üzərindən atmaq cəhdi kimi dəyərləndirilirdi. Bu cəhd var idisə belə, sonsuzluğa qədər davam edə bilməzdi.
Prokurorluğa yaxınlığı ilə seçilən mənbə “Azadlıq”a bildirib ki, Zakir Qaralovun məzuniyyətə çıxması doğrudan da “Gülər Əhmədova olayı”ndan yayınmaq məqsədi daşıyıb. Məhz baş prokurorun gedişindən sonra prokurorluq Gülər Əhmədova məsələsilə birmənalı qərar qəbul etməkdə çətinlik çəkib. “Hamı Zakir Qaralovu gözləyirdi. Artıq Zakir Qaralov gəlib. Indi o Ilham Əliyevin məsələ ilə bağlı qərarını gözləyir”, deyə mənbə bildirib. Mənbə həmçinin əlavə edib ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin məsələsilə bağlı da qərar verilməlidir. Zakir Qaralov hər iki işlə əlaqədar Ilham Əliyevlə müzakirələr aparmaq niyyətindədir və atılacaq addımlar müzakirələrin nəticəsindən asılı olacaq.  
Hakimiyyətin xüsusilə “Gülər Əhmədova olayı”nı ört-basdır edəcəyi bir qədər inandırıcı görünmür. Çünki bu məsələ ictimailəşib, eyni zamanda hətta YAP-çılar da Gülər Əhmədovanın məsuliyyətə cəlb olunmasını tələb edib. Bu baxımdan yəqin ki, yaxın vaxtlarda “Gülər Əhmədova olayı” ilə bağlı hansısa addımlar atılacaq.