azeri-oliqarxlar-rus

Milyarderlərlə bağlı yeni məlumatlar

Əli Həsənov Kremldə məyus olub; Polad Bülbüloğlu Bakıya gəlir; Filip Kirkorovun konserti milyarderlərə görə baş tutmayıb

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Rusiyadakı görüşləri gözlənilən nəticəni verməyib. Bu barədə məlumatı hakimiyyətdaxili mənbələrdən əldə etmişik. Məlumatlarda deyilir ki, Əli Həsənovun Kremldəki görüşləri barədə rəsmi və hökumətyönlü qəzetlərdə heç bir məlumat verilməməsi də bununla bağlıdır.
Əli Həsənovun Moskvaya səfəri Rusiya Azərbaycan Təşkilatları Ittifaqının(RATI) təsis olunması ilə izah edilirdi. Yada salaq ki, bu təşkilat bir qrup nüfuzlu azərbaycanlı tərəfindən təsis edilib. Qurumun sədri baş nazirin sabiq müavini Abbas Abbasovdur. Yarandığı gündən təşkilat Azərbaycan hakimiyyətinin hədəfinə gəlib. Bakı düşünür ki, Azərbaycanlı milyarderlərin birliyi olan RATI Kremlin layihəsidir. Lakin təşkilatın təsisçiləri israrla bu iddianı təkzib edirlər. Hətta Abbas Abbasov məxsusi olaraq bu məsələyə aydınlıq gətirmək üçün Ilham Əliyevlə görüşməyə cəhd edib. Ölkə başçısının isə görüşü rədd etməsi barədə məlumatlar var.
Digər tərəfdən məlumatlara görə, yaxın günlərdə Azərbaycanın Rusiyadakı diaspor təşkilatları RATI-yə qarşı bəyanatla çıxış edəcəklər.
Bu arada məlumat yayılıb ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıya gəlir. Onun gəlişi atası Bülbülün heykəlinin açılışı ilə əlaqələndirilsə də, “modern.az” saytı yazıb ki, səfirlə başqa bir məsələ də müzakirə olunacaq. Söhbət əlbəttə ki, RATI-nin təsis olunmasından gedir. Qeyd edək ki, RATI-yə hücumlar olanda qurumun təsisçilərindən olan Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının (AzerRos-un) prezidenti Söyün Sadıqov bildirmişdi ki, RATI-nin yaranmasında Polad Bülbüloğlu da məlumatlı olub. O, hətta qurumun təsis olunmasına xeyir-dua da verib.
Rusiyalı müğənni Filip Kirkorovun Bakıda gözlənilən konsertinin təxirə salınması da “milyarderlər klubu” ilə Azərbaycan hakimiyyəti arasında konfliktlə əlaqələndirilir.  
Xatırladaq ki, Filip Kirkorovun noyabrın 8-də “Baku Crystal Hall”da konserti planlaşdırılırdı. Lakin gözlənilmədən konsertin baş tutmayacağı elan edildi və bu texniki səbəblər izah edildi.
Kirkorov baş verənlər barədə məqalə ilə çıxış edib. Müğənni Rusiya KIV-ində yayılan “Yeddi not və beşinci bənd” məqaləsində bildirir ki, konsertin təxirə salınmasını izah etmək onun üçün çətindir. Bununla belə Kirkorov məsələnin kökündə milli mənsubiyyət amilinin dayandığına işarə vurur.
Filip Kirkorovun bir neçə il əvvəl Dağlıq Qarabağa səfər etməsi onun Bakıya gəlişinə yasaq qoyulmasına səbəb olmuşdu.
Bu baxımdan ümumiyyətlə, indi onun Bakıya dəvət olunması qəribə görünürdü. Məlumatlara görə, bu məsələdə iş adamları Araz Ağalarovla Telman Ismayılovun ciddi rolu olub. Məhz onların səyi nəticəsində Bakı Kirkorovun konsertinə razılıq verib. Konsertin konkret vaxtı müəyyənləşib. Biletlər tam olaraq satılıb. Lakin sonra isə Prezident Administrasiyasından gələn tapşırıq nəticəsində konsertin baş tutmayacağı bəyan edilib. Araz Ağalarovla Telman Ismayılov RATI-nin təsisçilərindəndir. Konsertin təxirə salınması da milyarderlərlə hakimiyyət arasında problemin yarandığı vaxta təsadüf edib. Bu baxımdan ehtimal edilir ki, məsələnin kökündə əslində Bakı milyarderlərin savaşı dayanır.

Namiq