ilham-azersun

İlham Əliyev ölkənin ən böyük şirkətilə konfliktdə

ilham-azersunDövlət başçısı «Azərsun»la “soyuq müharibəyə” girib; Təfərrüatlar “Azadlıq”da

İlham Əliyevlə “Azərsun” holdinqin rəhbəri Abdulbari Gozal arasında ciddi problem yaşanır. Bu barədə “Azadlıq”a holdinqdəki mənbə məlumat verib.
Mənbə bildirir ki, Ilham Əliyev Imişliyə səfəri zamanı Abdulbari Gozala pərtlik yaşadıb. Dövlət başçısı rayonda olarkən Mərkəzi Xəstəxanada aparılan təmir işləri, Gənclər Mərkəzi və Bayraq Meydanıyla tanış olsa da, Heydər Əliyev Mərkəzinin açılışında iştirak etsə də, “Azərsun”un yerli müəssisəsinə baş çəkməyib.
Həmin səfər zamanı gözlənilirmiş ki, Ilham Əliyev “Azərsun”un Imişlidə yeni istifadəyə vermək istədiyi “Qənd zavodu”nun da qırmızı lentini kəsəcək. Zavodun açılışına təmtəraqlı hazırlıq uzun müddət imiş ki, gedirmiş.
“Abdulbari Gozal həmin gün fərəqət vəziyyətində prezidenti gözlədi. Prezident isə gəlmədi. Həmin gün Bari (”Azərsun”da Abdulbari Gozala “Bari bəy” deyə müraciət olunur) bəyə bıçaq vursaydın, qanı çıxmazdı. Çox dilxor idi. Ilham Əliyevin gəlməyəcəyi dəqiqləşəndən sonra onun halı pisləşdi və çox ağır halda, maşınına əyləşdirildi. Sonra bildik ki, onun şəkəri qalxıb, qolları da buna görə keyləşib”, – deyə mənbə bildirib.
Məlumatda o da qeyd olunur ki, Ilham Əliyev bir qədər əvvəl Lənkəranda “Azərsun”un yeni açılış etdiyi “Konserv zavodu”nu da baykot edib, ora qatılmayıb.
Abdulbari Gozalın ümidi varmış ki, dövlət başçısı ilə aralarında yaranan gərginliyi Imişli səfəri zamanı ortadan qaldıra biləcək. Lakin bu dəfə də o, buna müəssər ola bilməyib.
Maraqlıdır ki, Ilham Əliyev ötən səfərlərində bir qayda olaraq, “Azərsun”un Imişlidəki hotelində gecələyirmiş. Bu dəfə oradan da imtina edilib.
Mənbə bildirir ki, holdinq rəhbərinin qəzəbə düçar olmasının əsas səbəbi iyulda Heydər Əliyev Mərkəzində baş verən yanğındır. Həmin mərkəzin tikintisini “DIA Holdinq” həyata keçirib. Bu şirkət isə “Azərsun”a daxildir.
Rəsmi olaraq isə “DIA Holdinq” Türkiyə şirkəti kimi təqdim olunur və Azərbaycanda bir sıra iri tikinti layihələrini, o cümlədən üç nəhəng binadan ibarət “Alov qüllələri” (“Flame Towers”) kompleksinin tikintisini həyata keçirir. Holdinqi 2006-cı ildə Türkiyənin “IC Holdinq” tikinti şirkətilə “Azərsun” şirkətinin törəmə şirkəti olan “Intersun Holdinq” Birləşmiş Ərəb Əmirliklərində birgə təsis edib. “DIA Holdinq” statusuna görə beynəlxalq tikinti şirkətidir, onun qazandığı layihələrin böyük əksəriyyətində tikinti işlərini “IC Içtaş Inşaat” şirkəti həyata keçirir. “DIA Holdinq”in layihələrinin çoxu Azərbaycandadır. Bakıda Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Qusarda “Şahdağ” Turizm Kompleksi holdinqin ən böyük layihələridir.

Natiq