Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illiyi münasibəti ilə Daşkəsəndə düzənlənən tədbirdə icra başçısı Əhəd Abıyev bir sürprizə imza atdı. Başçı YAP-ın rayon təşkilatına minik avtomobili – “CEEP” bağışladı. Və bu avtomobili şəxsi vəsaiti hesabına – 40 min manata aldığını açıqladı. Etik özəllikləri hələ Milli Məclis üzvü olarkən cəmiyyətə bəlli olan Əhəd Abıyevin maddi durumu məni əsla ilgiləndirmir. Aylıq maaşı 1000 manat olmayan icra başçısının 40 min manatlıq avtomobil hədiyyə etməsi bir az qəribə görünə bilər və bu qəribəlik təəccübünüzə səbəb olmasın deyə yazıram ki, Qubanın sabiq icra başçısının səltənəti viran qoyularkən, kabinetindəki seyfdən iki, ya da üç milyon manatın çıxdığını qəzetlər xəbər vermişdi. Və elə buradaca deyirəm ki, DÖVLƏT marağında olsa, neçə-neçə iri vəzifə sahibinin seyfindən neçə-neçə milyon manat tapıb çıxara bilər. Buna əmin olun.
Əhəd Abıyevin 40 minlik avtomobili məhz YAP-ın Daşkəsən rayon təşkilatına hədiyyə etməsi də sizi təəccübləndirməsin. Təkcə Daşkəsəndə deyil, bütün rayonlarda icra hakimiyyətinin başçıları YAP-ın rayon təşkilatlarına hamilik edir, təşkilatın problemlərini həll edir və bunu özlərinin ən müqəddəs vəzifəsi sayırlar. Bir icra hakimi göstərə bilməzsiniz ki, YAP-ın rayon təşkilatının sədri ilə konfliktə girsin. Əhəd Abıyev də məlumdur ki, diribaş adamdır və 40 minlik hədiyyənin ünvanını çox dəqiq bilir.
Işdir, başçı 40 min manatının başından keçib deyək ki, rayon xəstəxanası üçün bir təcili yardım maşını alsaydı, yaxud o 40 min manatı rayonun yetim uşaqlarına paylasaydı, təəccüb doğurardı. Adamın şəxsi vəsaitini tam təyinatı üzrə xərclədiyini yazmaq istəyirdim ki, yadıma Çovdar kəndi düşdü.
“Azadlıq” radiosunu qızıl yataqları ilə bağlı Daşkəsənin Çovdar kəndindən hazırladığı reportaj yəqin ki, baxanların beynində dərin iz buraxıb. (Xəbərsizlər, bu linkə müraciət edə bilər: http://www.azadliq.org/content/article/24569260.html?s=1)
Deyim ki, məni o reportajda ölkə sərvətlərini kimlərin talan etməsindən daha çox Çovdar kəndinin və çovdarlıların görüntüləri təəccübləndirdi. Kəndin yaşayış evləri, kənd sakinlərinin qiyafətləri, danışdıqları çox düşündürücü idi. Reportajı izləyən təsdiqləyər ki, Çovdar kəndi sivilizasiyadan çox-çox uzaqda qalıb və 45 ton qızılın üstündə gəzən kənd camaatı dünyadan xəbərsizdir.
Dəyərli oxucu, başdan-başa utancgətirici səhnələrdən ibarət olan o videoreportaja bir də bax. Bax, və icra hakimiyyəti başçısının YAP rayon təşkilatına 40 min manatlıq avtomobil hədiyyə etməsini gözünün önünə gətir. Ağlından “DÖVLƏT Daşkəsən rayonun icra hakimiyyətinin başçısı Əhəd Abıyevin bu hərəkətinə necə baxır” sualı keçirsə, o zaman icra başçısının yubiley mərasimində dediklərinə diqqət et: “Allah ümummilli liderimiz Heydər Əliyevə rəhmət eləsin. Allah hazırkı prezidentimiz və partiyamızın sədri Ilham Əliyevin canını sağ eləsin. Onların qurub yaratdığı partiya üçün mən də əlimdən gələni edirəm və etməliyəm”.
Sizcə, bu gün Ilham Əliyevin başında dayandığı DÖVLƏT bu deyilənlərdən sonra Əhəd müəllimdən və onun kimilərdən gəlir barədə bəyannəmə-deklorasiya tələb edərmi heç?
Bu gün Əhəd Əbiyev də, başqa icra hakimləri də, YAP-a sədaqətlərini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxırlar. O kəslər üçün DÖVLƏT YAP-dan sonra gəlir. Çünki öndə DÖVLƏT dayansaydı, nə bir icra hakimi milyonlarla sərvətə sahib ola bilərdi, nə də ki, özlərini rayonda padşah kimi aparardı.
Əhəd Abıyev YAP-ın rayon təşkilatına 40 min manatlıq maşın hədiyyə etdi. Cümlə daşkəsənliləri demirəm, görəsən, Çovdar camaatının bu hədiyyədən xəbəri varmı? Varsa, necə qarşılayıblar? Maraq edirəm.

Əhəd Abıyev, “CEEP” və Çovdar əhli
•