YAP-çılar artıq Gülər məsələsinin bitdiyini elan etdilər. Məncə də haqlıdırlar. Bəli, bitdi. Bu rejimin dövründəki bütün digər cinayətlər kimi, o da hüquqi qiymətini almadan arxivləşdirildi.
Açığı, başından bəri mənim bu məsələ ilə bağlı heç bir gözləntim yox idi. Güləri cəzalandıracaqlarına ümumiyyətlə, inanmırdım.
Bu, rejimin özü-özünü cəzalandırması olardı. Öz oturduqları budağı kəsməsi, öz bostanlarını daşlamaları olardı. Çünki rejim gülərlərdən başqasından ibarət deyil.
Gülərin cəzalandırılması pis presedent, yanlış təsəvvür yarada bilərdi. Buna yol vermək olmazdı. Axı sistem var olduqca gülərlərə, onların xidmətlərinə də ehtiyaclar var olacaq, elə isə onlarda qorxu, xof yaratmaq nə işə yarayardı? Niyə yerdə qalan və ya potensial gülərlər elə fikirləşməlidirlər ki, onları nə vaxtsa əməllərinə görə cəza gözləyir?
Onların bundan sonra da xidmətlərini davam etdirməsi, prosesə yeni-yeni gülərlərin cəlb olunması üçün heç bir cəzalandırmadan söhbət gedə bilməzdi və getmədi də.
Rejim sübut etdi ki, korrupsiya – onun yeganə varlıq formasıdır.
Rejim təsdiqlədi ki, saxtakarlıq, milli iradə ilə alver onun varlığını sürdürə bilməsinin, ayaqda qalmasının yeganə şəklidir.
Rejim etiraf etdi ki, cəzasızlıq – onun idarəçiliyinin mahiyyətidir.
Onun üçün cinayətkarlıq adi hal olduğu kimi, cəzasızlıq da artıq qaydadır. Normadır.
Biz bunları bilirdik, Gülər məsələsi isə bunları bizə bir daha anlatdı. Həm də bilməyənlərə, bilib özünü bilməməzliyə vuranlara dərs oldu.
İlham Əliyevin “ilə bir dəfə müayinə” çıxışına daha bir sözardı
Dünən Ilham Əliyevin vətəndaşları ildə bir dəfə müayinəyə getməyə çağırması barədə yazmışdım.
Iqtisadçı Natiq Cəfərli isə bu mövzuda daha maraqlı bir məqama toxunub. Aktual, aktual olduğu qədər də möhtərəmin həvəslə vəsf etdiyi səhiyyə sisteminin əsl mahiyyətini ifşa edən həmin məqamı Natiq bəy belə açıqlayır: “Hakimiyyət artıq bir neçə ildir ki, məcburi tibbi sığorta layihəsini bilərəkdən həyata keçirmək istəmir. Səbəbi çox bəsitdir: layihə həyata keçsə, həkimlərin sistemdən asılılığı azalacaq, ciddi islahatlara ehtiyac yaranacaq.
Indi bilərəkdən elə şərait yaradıblar ki, həkimlər rüşvətlə dolanaraq gözükölgəli olsunlar ki, hakimiyyət də onlardan seçkilərdə, təbliğatda istifadə etsin. Bu gün ölkə üzrə seçki komissiyalarının 80 faizindən çoxu həkim, müəllim və büdcə təşkilatlarında çalışanlardan ibarətdir. Gözükölgəli olmaq məcburiyyətində olan həkim də seçkidə saxtalaşdırmada iştirak edir. Ölkədə bütün həkimlərin il ərzində aldığı maaş 35 milyon manatdır, həkimlərin maaşı 5 dəfə artsa, buna cəmi 140 milyon manat lazımdır (bir körpüyə xərclədiklərindən də az), üstəgəl məcburi tibbi sığorta da işə düşsə, həkimlər sistemdən asılı olmadan, alnı açıq pul qazanacaqlar və vətəndaşlar da sığorta şərtlərindən istifadə edib müayinədən keçə biləcəklər”.
Iqtisadçı dostumuzun söylədiklərinə nə əlavə edə bilərik? Heç-zad, dünənki bir fikri yenidən xatırlamaq, kifayətdir: siz ölkəni korrupsiyayla, saxtakarlıqla, yalanla xəstələndirib, sonra da vətəndaşları vaxtlı-vaxtında müayinəyə getməyə çağırarsınızsa, bu əsla və əsla vətəndaşa canıyananlıq sayılmaz, sadəcə, adamlar gülüb keçər.
Çingiz Sultansoy – 60
Vicdanlı qələm adamlarımızdan Çingiz Sultansoyun 60 yaşı tamam oldu.
Çingiz bəy bu yaşa doğruya xəyanət etmədən, düz sözə sırtını çevirmədən, qələmini komfort, karyera naminə yalanlara satmadan gəlib və Azərbaycan kimi ölkələrdə bunun nə demək olduğunu anlatmağa ehtiyac yoxdur.
Məncə, dostların təbrikləri Çingiz bəy üçün nə qədər qiymətli olsa da, ən qiyümətli təbrik, ən dəyərli hədiyyə onun özü-özünə dediyi təbrik, özü-özünə verdiyi hədiyyədir: yalansız yaşanan bir ömür, satılmayan bir qələm.
Sağ ol, bəy, var ol!

Gülər məsələsi bitdimi?
•
•