«Bu cinayət işi hansısa qrupun maraqlarına xidmət edən oyundur»
«Elçibəyin adı ətrafında baş verənlər siyasi alverdən başqa bir şey deyil»
Mərhum prezident Əbülfəz Elçibəyin ailə üzvlərinin baş prokuror Zakir Qaralova müraciəti Baş Prokurorluğa daxil olmayıb. Bunu, “Media forum”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. E.Sultanov cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etdirildiyini də deyib.
Qeyd edək ki, Elçibəyin ailəsi onun zəhərlənməsi iddiasıyla başlanmış cinayət işinə növbəti dəfə kəskin şəkildə etiraz bildirib. Elçibəyin xanımı Həlimə Əliyeva, oğlu Ərturqut Əliyev və qızı Çilənay Səmədbəyli birgə müraciət yayaraq sözügedən cinayət işinin dərhal dayandırılmasını və bəyin ruhunun rahat buraxılmasını tələb edib. Mərhum prezidentin ailə üzvləri bildirib ki, Elçibəyin məzarının açılmasına, barəsində aparılan hər hansı cinayət işinə və əməliyyata qarşıdılar: “Biz eyni zamanda, Əbülfəz bəyin adının və məzarının ətrafında aparılan spekulyasiyaları və siyasi oyunları pisləyirik. Biz Elçibəyin ölüm səbəbilə bağlı açılmış cinayət işinin dərhal dayandırılmasını tələb edir, onun ruhunun narahat edilməməsini hər kəsdən xahiş edirik!”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Elçibəy ailəsinin tələblərini haqlı sayır və onlarla tam həmrəy olduğunu bildirir: “Ailə tamamilə haqlı mövqedən çıxış edir. Onlar nə deyirsə, elə də olmalıdır. Bu cinayət işi hansısa qrupun maraqlarına xidmət edən bir oyundur. Məzarın açılmasına gəlincə, Elçibəyi sevənlər buna imkan verməyəcəklər”.
Hüquqşünas Aslan İsmayılov da hesab edir ki, Elçibəyin adı ətrafında baş verənlər həm də mənəvi-əxlaqi tərəfdən dəyərləndirilməlidir: “Bunu etmək əxlaqsızlıqdır. Elçibəyin ailəsini birmənalı dəstəkləyirəm. Bu gün Elçibəyin adı ətrafında baş verən məlum olaylar siyasi alverdən başqa bir şey deyil. Amma qanuni baxımdan məhkəmə qərarı varsa, yaxınlarının razı olub-olmamasından asılı olmayaraq məzar açıla bilər. Istənilən halda Elçibəy ailəsinin mövqeyini dəstəkləyirəm. Bu hakimiyyət həqiqətən də Elçibəyi istəyən idisə, niyə bu illər ərzində bunu etmirdi? Elçibəyə hörmətsizlik edən adamlar indi onun qeydinə qalırlar? Bir şey ki Balıq Hafizin adı ilə bağlıdır, onu ciddi qəbul etmək olmaz”.