Sabiq rektorun vəkili o videoların hakimiyyətdə vəlvələ yarada biləcəyini deyir
“Mahir Abdullayev itkin düşməmişdən bir neçə gün əvvəl «Qarabulaq»da olub; Gülər Əhmədova olayının iştirakçısı Sevinc Babayeva video yayılandan dərhal sonra ölkədən gedib”
Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin sabiq deputat Gülər Əhmədova ilə bağlı yaydığı videolar, qardaşı Mahir Abdullayevin itkin düşməsilə əlaqədar kifayət qədər yüksək rütbəli şəxslərin ünvanına səsləndirdiyi ittihamlar təxminən ay yarımdır ki, ölkədə əsas müzakirə mövzusu olaraq qalır.
Elşad Abdullayevin vəkili, ölkənin nüfuzlu müdafiəçilərindən olan Adil İsmayılov isə bu müddətdə ara-sıra müəyyən açıqlamalar versə də, prosesləri daha çox kənardan izləməyə üstünlük verirdi. Nəhayət ki, dünən Adil İsmayılovla söhbətləşib, bütün bu baş verənlərlə bağlı onun fikirlərini ətraflı şəkildə öyrənə bildik:
– Elşad Abdullayev qardaşının itkin düşməsilə bağlı bir sıra vəzifəli şəxslərin adlarını çəkir. Bunların arasında elə adlar var ki, onların birgə iş görməsi mümkünsüzdür. Bu da ittihamların əsaslılığına kölgə salır…
– Elşad Abdullayevin bu məsələ ilə əlaqədar müxtəlif adamlarla ünsiyyəti olub. Prosesin gedişində bu adamların bir qismi onu aldadıb, hətta pulunu alanlar da olub. Bu barədə də vaxtında hüquq-mühafizə orqanlarına məlumat verilib, lakin bunların heç biri yoxlanılmayıb. Indi isə Elşad Abdullayev ona məlum olan nə varsa, hamısını birdən açıqlayır və istər-istəməz, dediyiniz fikir yaranır. Həqiqətən, elə adamların adları hallanır ki, bir-birinə ziddir. Yəni, onların ikisinin birgə iş görməsi mümkünsüzdür. Məsələ burasındadır ki, o adamlar və ya onlarla bağlı məlumatlar Elşad Abdullayevə müxtəlif zamanlarda gəlib.
– Həmin adlar Mahir Abdullayevlə bağlı istintaqa da təqdim olunubmu?
– Elşad Abdullayevin mütəmadi olaraq, müxtəlif səviyyələrdə müraciətləri olub. 2009-cu ilin əvvəllərindən təkcə prezidentə 9 müraciəti olub və onların hamısında indi açıqladığı məsələlər, adlar öz əksini tapıb. Bu mənada indi açıqlananlar ictimaiyyət üçün yenilik ola bilər, amma hüquq-mühafizə orqanları üçün yeni deyil.
– Bir müddət əvvəl Mahir Abdullayevin itkin düşməsilə əlaqədar Müstəqil Istintaq Komissiyası yaradıldı. Bundan sonra istintaqın işi irəli gedibmi?
– Elşad Abdullayev prezidentə son müraciətində qardaşının işilə bağlı müstəqil komissiyanın yaradılmasını istəyirdi. Çünki o inanmırdı ki, hüquq-mühafizə orqanları bu işlə məşğul olacaqlar. Səbəb də budur ki, şübhələndiyi adamların əksəriyyəti bu orqanlarda çalışır. Onların arasında bu gün də kifayət qədər yüksək vəzifə tutan adamlar var.
Şəxsən mən düşünürdüm ki, bu komissiyanın tərkibində hüquq-mühafizə orqanlarının əməkdaşlarıyla yanaşı, kənardan da şəxslər cəlb olunacaq. Hesab edirdim ki, o komissiyada Elşad Abdullayevi təmsil edən şəxslər, konkret olaraq mən, qardaşı və ya hüquq-mühafizə orqanlarında çalışan digər yaxını da ola bilər. Təsəvvür edirdik ki, belə bir komissiya ya prezidentin sərəncamı, ya da parlamentin qərarıyla yaradılacaq. Oktyabrın əvvəlində məni Respublika Prokurorluğuna çağırdılar və Müstəqil Istintaq-Əməliyyat Komissiyası yaradıldığını elan etdilər. Əvvəla, qanunvericilikdə “müstəqil istintaq-əməliyyat komissiyası” anlayışı yoxdur. Ikincisi, yaradılan komissiyanın tərkibi Daxili Işlər, Milli Təhlükəsizlik nazirlikləri və prokurorluq əməkdaşlarından ibarətdirsə, bunun nəyi müstəqil oldu? Soruşdum ki, bu komissiyaya kim nəzarət edəcək? Dedilər ki, baş prokuror özü. Əgər Elşad Abdullayev həm də prokurorluğun işindən narazıdırsa, bu nə dərəcədə doğrudur?
Bu qərarı oxuyandan sonra məndə belə bir qənaət yarandı ki, çox güman, prezident müstəqil komissiya yaradılması haqda göstəriş verib və bunun necə formalaşdırılacağı barədə ona heç nə deyilməyib. Deməyiblər ki, müstəqildirsə, ona baş prokuror nəzarət eləyə bilməz. Beləcə, həm prezidentin göstərişinə əməl olunub, həm də guya, özü-özlüyündə vəziyyətdən çıxış yolu tapıblar.
Komissiyadan mənə bildirdilər ki, Mahir Abdullayevlə bağlı işin açılması haqda göstəriş verilib və qardaşının dediyi məsələlərin hamısı araşdırılacaq. Hələ ki, bu istiqamətdə müəyyən işlər görülür, amma nəticə necə olacaq, bu başdan demək çətindir.
– İş materiallarıyla tanışlıqdan sonra necə düşünürsünüz, Mahir Abdullayevlə bağlı cinayət işi mürəkkəb olduğuna görə indiyədək açılmayıb, yoxsa başqa səbəblər var?
– Təəssüf ki, bu gün mən yalnız Elşad Abdullayevin mənə göndərdiyi sənədlərlə tanışam. Onu da deyim ki, Elşad Abdullayevin özü bu işlə bağlı hətta mənim gözləmədiyim səviyyədə araşdırma aparıb. Öz imkanları hesabına telefon danışıqlarının cədvəlinə qədər xeyli lazımlı məlumatlar əldə edib. Eyni zamanda, bu işlə bağlı çoxlu sayda video və audio yazılar var. Elşad Abdullayev bu məsələ ilə əlaqədar kiminlə ünsiyyətdə olubsa, mətbuatda adı çəkilən və çəkilməyən çoxsaylı adamların demək olar ki, hamısının lent yazısı var. Yəni, onun əlində şübhələrini əsaslandıracaq kifayət qədər material var. Həmin lent yazılarını Elşad Abdullayev mənimlə yanaşı, hüquq-mühafizə orqanlarına da göndərib. Onu da deyim ki, mənə təqdim olunanlar da tam arxiv deyil, müəyyən hissəsidir. Mənə təqdim olunan lent yazılarına, sənədlərə baxaraq, hesab edirəm ki, bu işin açılmaq imkanı böyükdür. Sadəcə, istək lazımdır.
– İndiyə qədər bu işin açılmaması burada hansısa yüksək rütbəli məmur və ya məmurların əlinin olmasından irəli gələ bilərmi?
– Məni tanıyanlar bilir ki, bilmədiyim şeydən danışmağı xoşlamıram. Müxtəlif səbəblər ola bilər, o cümlədən də dediyiniz. Elşad Abdullayev bu məsələ barədə kiminlə danışırsa, ona deyirlər ki, “sən özün qardaşının harada olduğunu bilirsən…” Eynilə Elşad Abdullayev də mənə deyir ki, “bu məsələnin necə olduğunu, qardaşımı kimin oğurladığını hamı bilir…” Yəni, Elşad Abdullayev hesab edir ki, hüquq-mühafizə orqanları məsələni bilirlər. Onlar da iddia edir ki, Elşad Abdullayev özü qardaşının yerini yaxşı bilir. Elşad Abdullayevlə söhbətlərdən sonra mən bu fikirdəyəm ki, onun, qardaşının harada olması barədə məlumatı yoxdur. Hüquq-mühafizə orqanlarının bunu bilib-bilmədiyi isə şəxsən mənim üçün də qaranlıqdır.
– İş materiallarıyla tanışlıqdan, Elşad Abdullayevlə söhbətlərdən sonra siz hansı fikirdəsiniz: Mahir Abdullayev sağdır, yoxsa qətlə yetirilib?
– Burada iki əsas versiya var. Birincisi budur ki, Mahir Abdullayev özü harasa çıxıb gedib və yaxınları da bunu bilir. Bu versiyanın axırına çıxmaq çox asandır. Qalır, Mahir Abdullayevin həqiqətən oğurlanması versiyası ki, bunun özünü də iki istiqamətə bölmək olar: Mahir Abdullayevin oğurlanması ya dövlət qurumlarının işidir, ya da bu cinayət adam oğruları tərəfindən tamah məqsədilə törədilib. Bunların hər ikisi yoxlanılmalıdır.
– Səslənən versiyalardan biri də qadın məsələsilə əlaqədar qisasçılıqdır. Hətta Mahir Abdullayevin itkin düşməsi vaxtilə Narkotiklərə Qarşı Mübarizə Idarəsinin şöbə rəisi Azər Ismayılov məsələsinə bənzədilir…
– Bu versiya ümumiyyətlə, inandırıcı deyil. Əsaslı olsaydı, indiyə qədər həmin qadının kimliyi bəlli olardı. Bu məsələdə ortada problemli qadın yoxdur.
Azər Ismayılov məsələsi bilinirdi, konkret qadınlar var idi, problemlər bəlli idi. Bu işdə isə konkret hansısa qadınla problemin olduğunu eşitməmişəm. Mətanət Isgəndərliyə gəlincə, hesab edirəm ki, bu da araşdırılmalıdır. Ilk növbədə ona görə ki, Elşad Abdullayev qardaşının onun evindən oğurlandığını bildirir və əlindəki telefon danışıqlarının cədvəlinə əsaslanır. Sənədə əsasən, Mahir Abdullayev həmin gün Mətanət Isgəndərlinin evinin də yerləşdiyi ərazidəki antenanın əhatə dairəsində olub. Lakin istintaq bu məsələni də tam araşdırmayıb.
Mətanət Isgəndərli ilə Mahir Abdullayevin münasibətlərinin olmasına gəlincə, bu faktdır və Mətanət xanım da bunu danmır.
– İstintaq Mətanət İsgənlərlini dindiribmi?
– Vaxtilə dindirilib, indi yenidən dindirilib-dindirilmədiyini isə bilmirəm. Təəssüf ki, qanunvericilik zərərçəkmişin istintaqda iştirakına məhdudiyyət qoyur. Biz bu gün istintaqın gedişi, kimlərin dindirilməsi haqda məlumatsızıq.
– Bu cinayətin 2003-cü ildə keçirilən prezident seçkilərilə əlaqəsi olduğu haqda da fikirlər səslənir…
– Maraqlı, eyni zamanda düşünüləsi versiyadır. Çünki Mahir Abdullayev seçkidən iki gün əvvəl – oktyabrın 13-də itkin düşüb. Həmin gün də o, Respublika stadionunda prezidentin seçicilərlə görüşündə iştirak etməli idi. Amma tədbirə gəlməyib…
– Mahir Abdullayevin itkin düşməsinin Hacı Məmmədovun dəstəsilə əlaqəsi ola bilərmi?
– Bunun özü də yoxlanılması tələb olunan versiyalardandır. Mahir Abdullayev itkin düşməmişdən bir neçə gün əvvəl Hacı Məmmədova məxsus “Qarabulaq” istirahət mərkəzində olub. Düzdür, belə fikirlər də var ki, guya, Hacı Məmmədovun işilə əlaqədar bu versiya yoxlanılıb, təsdiqini tapmayıb. Mən xatırlayıram ki, həmin cinayət işində Mahir Abdullayevlə bağlı təxminən 8-10 səhifəlik material var idi, amma nəticəsi olmadı ki, bu işə aidiyyəti təsdiqləndi, yoxsa yox. O zaman Azərbaycanda adam oğurluqlarıyla bağlı nə qədər açılmamış iş var idisə, hamısını gətirib Hacı Məmmədovun işinə birləşdirmişdilər. Sonradan təsdiq olunmayanları ayırdılar. Onların arasında Mahir Abdullayevlə bağlı cinayət işini görmədim. Yəni, bu iş nə birləşdirilməmişdi, nə də sonradan ayrılmamışdı. Dediyim 8-10 səhifəlik material isə istintaq yox, sadəcə, əməliyyat materialı idi. Oradan da görünürdü ki, Mahir Abdullayev itkin düşməmişdən bir neçə gün əvvəl “Qarabulaq”da olub və məhz bunu nəzərə alaraq, həmin versiyanı araşdırmalıydılar.
– Elşad Abdullayevin əlindəki digər videoları yayacağı gözlənilirmi?
– Mən özüm çoxlu sayda videolar görmüşəm. Bir çoxları deyir ki, Elşad Abdullayevdə yayılanlardan artıq video yoxdur, dedikləri sadəcə, şantajdır, əgər əlində fakt varsa, qoysun ortaya və s. Bu, çox qorxulu çağırışdır. Şəxsən mən hesab edirəm ki, Elşad Abdullayevin əlindəki videoların ictimailəşdirilməsi çox böyük fəsadlara səbəb olacaq. Ən azı indiki hakimiyyət üçün, onu söyləyən adamlar üçün… Bəlkə bunu deyən adamlar arxayındılar ki, özlərinin videosu yoxdur. Məsələn, bu yaxınlarda Mübariz Qurbanlı dedi, ondan əvvəl də deyənlər olmuşdu. Şükür Allaha ki, bizim hakimiyyətdə təmsil olunanların əksəriyyəti bir-birilə qohumdur və mən sizi inandırıram ki, orada bir çox adamların özlərinin olmasa da, qayınatasının, qudasının, qardaşının, əmisi oğlunun və s. lent yazıları var. Bu videoların hamısının yayılması elə hakimiyyətin özündə çaxnaşma yarada bilər. Məsələn, mən gördüyüm videolarda polis rəisi var, hakim var, prokuror var, MTN əməkdaşı var…
Onu da deyim ki, bu videoların əksəriyyəti istintaq komissiyasına göndərilib. Ondan əvvəl də prokurorluğa və MTN-ə göndərilmişdi.
Yeri gəlmişkən, “Azadlıq” qəzetinin bizim xahişimizi nəzərə alaraq yaymadığı, lakin sonradan başqa mənbələrin yaydığı video ilə əlaqədar istintaqla bizim aramızda narazılıq yarandı. Bir daha demək istəyirəm ki, o videonu Elşad Abdullayev hələ xeyli əvvəl kiməsə verib və indi ortaya çıxdı. Elşad Abdullayevin mənə dediyinə görə, o, vaxtilə bu videoların bir hissəsini kimlərəsə verib. Yəni, bundan sonra həmin videoları Elşad Abdullayevin adından kimlərsə yaya bilər. Bizimsə Elşad Abdullayevlə danışığımız belə olub ki, istintaq komissiyası bir iş görənə qədər o videolar yayılmasın. Amma bu o demək deyil ki, başqa mənbələr əllərində olan o videoları yaymayacaq. Lakin Elşad Abdullayev özü yaymalı olsa, öz imzasıyla ictimaiyyətə müraciətlə yayacaq.
– Gülər Əhmədova ilə bağlı istintaq nə yerdədir? Elşad Abdullayev zərərçəkmiş qismində tanınıbmı?
– Cinayət işi başlanması hələ heç nə demək deyil. Cinayət işi üzrə istintaq getməli və istintaqın nəticələri olmalıdır. Bu iş üzrə hələ ki, nə məsuliyyətə cəlb olunan var, nə də barəsində tədbir görülən. Hətta bildiyimə görə, həmin işin iştirakçılarından Sevinc Babayeva video yayılan kimi Azərbaycanı tərk edib.
Son vaxtlar ictimai maraq doğuran bir neçə işdə vəkil kimi iştirak etmişəm. Konkret olaraq, Xədicə Ismayılova ilə bağlı cinayət işində bir ay ərzində Bakı şəhər Prokurorluğu işlə bağlı 3-4 dəfə açıqlama yaydı. Hətta Xədicə Ismayılovanın evinə gəlib-gedənlər, yəni, heç bir əhəmiyyəti olmayan məsələlər barədə də… Bu işlə əlaqədar isə ictimaiyyətə heç bir rəsmi məlumatın verilməməsi artıq müəyyən şübhələr yaradır. Elşad Abdullayev də istintaqın gedişindən narazıdır və bu yaxınlarda məktub da göndərib ki, onu zərərçəkmiş şəxs kimi tanısınlar.
Bəzən belə fikirlər səslənir ki, Elşad Abdullayev gəlməsə, bu işin nəticəsi olmayacaq. Amma qətiyyən belə deyil, o gəlsə də, gəlməsə də istintaqın nəticəsi olmalıdır. Onu da qeyd edim ki, Gülər Əhmədova ilə bağlı təxminən 5 saatlıq videokaset tam şəkildə istintaqa təqdim olunub.
Aytən Məmmədova