DIN rəsmisi şantaj dolu siyasi bəyanatlar verdi; general ağır suallar qarşısında
Azərbaycan hakimiyyəti müxalifəti, vətəndaş cəmiyyəti fəallarını daim və yerli-yersiz ölkədəki prosesləri siyasiləşdirməkdə suçlayır. Bu, əlbəttə, sübutu olmayan və tamamilə qərəzli mövqedir. Ölkədə əsl problem hakimiyyətin siyasətdən kənar qurumları siyasi ambisiyasına və maraqlarına alət etməsidir.
Biz dəfələrlə güc orqanlarının YAP rəsmiləri kimi danışmalarını tənqid etmişik, hakimiyyət isə bunu danmağa çalışıb.
Indi təqdim edəcəyimiz fakt isə o qədər parlaqdır ki, hakimiyyət nümayəndələri, xüsusilə DIN bunu da təkizb etməyə çalışsa, onda bizim Gebbelsin ölənlərinə rəhmət oxumaqdan savayı əlacımız qalmayacaq.
Zəruri qeyd: Azərbaycan qanunvericiliyinə görə polis siyasətdən kənar qurumdur. Onun siyasətə qarışması, siyasi mövqe sərgiləməsi yolverilməzdir. “Polis haqqında” qanunda yazılır: “Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur”.
Indi isə biz 2006-cı ildən Daxili Işlər Nazirliyi Mətbuat Xidmətində qrup rəhbəri vəzifəsində çalışan Sahil Kərimlinin “facebook” səhifəsində paylaşdığı siyasi və şantaj dolu bəyanatı sizə təqdim edirik.
Sahil Kərimlini Azərbaycan cəmiyyəti “Lider” TV-dən yaxşı tanıyır. O, bu kanalda qərəzli və müxalifətə qarşı təhqiramız süjetləri ilə bədnam olan biridir.
DIN rəsmisi Sahil Kərimli yazdığı statusda BQP sədri Fazil Qəzənfəroğlu ilə köşə yazarları arasında başlanan skandala münasibət bildirib. Öz daxili mənəviyyatına və əxlaqına uyğun formada jurnalistləri təhqir edib, onların barəsində hədyanlar bildirib.
S.Kərimlinin “facebook” qeydini olduğu kimi təqdim edirik. O, Fazil Mustafanın köşə yazarlarına qarşı məqaləsini yayıb və həmin yazıya belə bir şərh bildirib: “Kimsə bu həyasızlaşmış, korrupsiyalaşmış, ləyaqətini onu-bunu şantaj edib pul qazanmaqla bookitirən ”demokratlar”ın cavabını, dərsini verməlidir. Vaxtilə bu tiplərlə biz demək olar ki, 2-3 nəfərlə təkbaşına mübarizə aparmışıq. Efirdən səsimizi eşidəndə Raufla Qənimət qorxudan sarfa kimi saralıb tir-tir əsirdilər. Çünki zəif yerlərindən vurub yerlərində oturdurduq! Amma indi? Indi bunların qabağına çıxan yoxdur! Harınlayıblar! “Cəzasızlıq” şəraitində buğlanırlar! Ona görə azğınlaşıblar! Belə getməyəcək! Rauf məmurları hədələyir, şantaj edir ki, haqlarında arxivimizdə kompromatlar var. Bizim də Arxivimizi Raufla, Qənimətlə, Azərlə, Xədicə ilə bağlı zəngin komplolar bəzəyir… Ağıllı olsunlar!”.
Göründüyü kimi, adam DIN işçisindən çox, siyasi rəqib kimi davranır; adam sanki Hafiz Hacıyevin müavini və ya Əhəd Abıyevin köməkçisidir.
Insanların fikir və söz azadlığı önəmlidir. Sahil Kərimli də bir insan kimi öz fikirlərini ifadə etməkdə azaddır. Lakin onun DIN-nin mühüm bir qrumunda çalışması general Ramil Usubovu ciddi suallar qarşısında qoyur.
Bu statusdan belə başa düşülür ki, dünyada Azərbaycanın başını aşağı edən gizli çəkilişləri elə DIN özü çəkir, onları müxalifləri zərərsizləşdirmək üçün arxivində qoruyur və “oyan-buyan” edənə həmin çəkilişlər barədə xəbərdarlıq edərək “ağıllı ol” mesajını verir.
Və sonda… müasir texnologiya imkan verir ki, virtual aləmdə ixtiyari bir insanın adına hesab, sayt yaradıb ordan həmin şəxsin mövqeyinə, iradəsinə zidd materiallar yayılsın. Lakin Sahil Kərimlidə bu məqam istisna olunur. Çünki onun “facebook” səhifəsində yazdıqlarından hər kəs, onun yaxınları xəbər tutur. Bu məsələ problem olsaydı ona çatdırılar və qarşısı önlənilərdi.
Qeyd edilən “Sahil Kerimli” facebook hesabında keçmiş liderçi telekanalların birində çalışan Y.K.-ni özünə “qardaş” kimi əlavə edib. “Facebook”un aktiv iştirakçısı olan Y.K. qardaşının yazdıqlarını ardıcıl olaraq bəyənib. Deməli, bu hesabın saxta olmamasına S.Kərimlinin ailə üzvləri də şəhadət gətirir.
Bu qədər. Hadisənin gerisi DIN-ə aiddir.
“Azadlıq”