Onun şahzadə dostu Bakıdakı vəziyyəti səfirdən öyrəndi; “Telegraph” korrupsiya və repressiyanı yada saldı
Böyük Birtaniya şahzadəsi, York hersoqu Endryu ölkəsinin Azərbaycandakı səfiri Peter Bateman ilə Bukkinqem sarayında görüşüb. Bu barədə kraliça sarayından “BBC Azərbaycanca”ya bildiriblər. Saray sözçüsü deyib ki, səfir şahzadəni Azərbaycanda hadisələrlə bağlı məlumatlandırıb, ancaq o, heç bir təfərrüat açıqlamayıb. “The Telegraph” qəzeti də şahzadənin səfirlə görüşməsini şərh edib. Qəzet yazır ki, Endryu Britaniyanın Ticarət və İnvestisiya üzrə xüsusi nümayəndəsi vəzifəsindən ötən il istefa versə də, bu şahzadəyə Azərbaycana şəxsi maraq göstərməyə mane olmur.
Şahzadənin səfiri qəbul etməsi barədə açıqlama verən Bukkinqem sarayının sözçüsü deyib ki, Endryunun Azərbaycan rəhbərliyi ilə 10 illik dostluq münasibəti var. Onun İlham Əliyevlə hələ də yaxın münasibətlərinin olub-olmamasına dair sualı cavablandıran sözçü bildirib ki, şahzadə Azərbaycana bir müddətdir getmir. Sözçü həmçinin şahzadənin Azərbaycana nə zaman səfər edəcəyi barədə hər hansı plandan xəbərsiz olduğunu söyləyib. “The Telegraph” daha sonra yazıb ki, şahzadə Endryu Azərbaycan prezidentini beş ildə səkkiz dəfə ziyarət edib. Səfərlərdən ikisi “tam özəl” kimi təsvir olunub.
Qəzetin saytında Azərbaycan “dünyanın ən korrupsiyalı ölkələrindən biri kimi” təsvir olunub:“Prezidentin seçkilərdə səsləri oğurlamaqda iştirakı haqda iddialardan başqa, prezidentə qarşı siyasi opponentlərinə işgəncə verilməsinə dair iddialar da səslənir. Azərbaycanda hakimiyyət ölkədə seçkilərin şəffaf və ədalətli keçirildiyini dəfələrlə bəyan edib, işgəncələrə dair iddiaları rədd edib. Hersoq Azərbaycana o qədər tez-tez səfər edir ki, yerli media onun regionda biznes əlaqələri, o cümlədən Xəzər dənizi sahilində qolf kurortunun olmasından yazır. Kraliça sarayı da bu iddiaları rədd edir”.
Məqalədə o da vurğulanır ki, şahzadə 2009-cu ilin iyununda özəl təyyarə ilə üç günlük Azərbaycana uçub və bu səfər Britaniya vergiödəyicilərinə 60 min funt sterlinqə başa gəlib. “Onun həmçinin dünyanın ən yaxşı masajçısı kimi təsvir olunan kor rus masajçını işə götürmüş prezident Əliyevin dəbdəbəli sağlamlıq mərkəzinə getdiyinə dair məlumatlar da var”.
İnformasiya şöbəsi