YAP-ın iki yetirməsinin paxırını açdığı Milli Məclisin üzvü Rəfael Cəbrayılov “Sərbəst toplaşmaq azadlığı” haqqında Qanuna əlavə və dəyişikliklərlə bağlıÿtəşəbbüsdə bulunub. Urvatdan salınmış parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi də bu təşəbbüsdən feyziyab olaraq dərhal “Sərbəst toplaşmaq azadlığı” haqqında Qanuna və buradan irəli gələn Cinayət Məcəlləsinə və Inzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirəyə çıxardı. Layihədə hökumətin razılıq vermədiyi kütləvi aksiyanın iştirakçılarına 500 manatdan 1000 manatadək, təşkilatçıları üçün 1500 manatdan 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə (məsələn, siyasi partiyanın rəhbəri və ya funksioneridirsə), onun 3000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi təklif olunub. Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), layihədə ona 15000 manatdan 30000 manatadək cərimə tətbiq edilməsi təklifi irəli sürülüb.
Məlum mandat olayından sonra buraxılması gündəmə gələn Milli Məclisin bəzi üzvlərinin müxalifəti cəzalandırmaq üçün təşəbbüs istehsalı ilə məşğul olmaları başadüşüləndir. Beşillik müddətin qalan üç ilinin də kefini çıxarmaq istəyirlər. Və buna görə də deputat Cəbrayılovun təşəbbüsü əsla təəccüblü deyil. Maraqlı olan Cəbrayılovun “sosial sifarişi nəzərə alıb” bu müzakirəni tezləşdirdiyinə görə komitə rəhbərliyinə təşəkkür etməsidir. Deputatın “sosial sifariş” deyəndə Prezident Administrasiyasını (PA) və ya Milli Məclis rəhbərliyini nəzərdə tutduğuna yəqin ki, kimsənin şübhəsi yoxdur. Nədən ki, sifariş Azərbaycan tipli dövlətlərdə yalnız yuxarılardan gələ bilər. Aşağıların sifariş-filan göndərməyə halı olsun gərək, hər kəs başını aşağı dikib ayın sonunda alacağı maaşı, paketi gözləyir.
Cəmiyyətin fəal kəsimi olan müxalif partiya üzvlərinin Milli Məclisə sifariş yollamasına necə baxırsınız? Bəlkə cəbhəçilər və müsvatçılar Milli Məclisə müraciət edib məhkəmələrin özlərinə kəsdiyi cərimənin artırılması məsələsini qaldırıb?
Cənab Cəbrayılovun məntiqsizliyini isbatlamaq fikrində deyiləm. Çünki mətləbə keçməyin zamanıdır. Bu məmləkətdə başı ilə düşünən hər bir şəxs bilir ki, mövcud iqtidar müxalifətə düşmən münasibəti sərgiləyir. Və Qərbdən çəkinib müxalifətlə biryolluq haqq-hesab çəkə bilmədikləri üçün müxtəlif üsullarla ona zərbə vurmaq istəyirlər. Cəbrayılovun “Sərbəst toplaşmaq azadlığı” haqqında Qanuna əlavə və dəyişikliklərlə bağlıÿçıxış etməsi də bu üsullardan biridir. Düşünürlər ki, cərimənin miqdarını artırmaqla müxalifətin səsini kəsəcəklər. Anlamaları gərək ki, Belarusun səfeh diktatoru Lukaşenkonun ölkəsində tətbiq etdiyi metoddan yararlanmaq uğur gətirməyəcək. Çünki nə müsavatçıların, nə də cəbhəçilərin ağzını yumması qeyri-mümkündür. Müxalifətin səsini kəsməsi üçün dövlət korrupsiya və rüşvətə qarşı müharibə elan etməlidir, dövləti talayan vəzifə sahibləri cəzalandırılmalıdır, siyasi-iqtisadi islahatlar gerçəkləşdirilməlidir. Və nə qədər ki, Azərbaycanda oğrulara gözünün üstündə qaşın var deyən yoxdur, harınlar və zalımlar dövlətin təməlini dağıdır, məzlumların haqqını yeyir, cərimənin miqdarı 100 min manata qaldırılsa da, etirazlar kəsilməyəcək.
Hətta, cəbrayılovlar Iranda, Əfqanıstanda, Pakistanda, Səudiyyə Ərəbistanında qüvvədə olan şallaq cəzasının tətbiqini gündəliyə gətirsə, bu qanun Əli Hüseynovun sədri olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsində bəyənilib Milli Məclisdə öz təsdiqini tapsa da nəticəsi olmayacaq. Mitinqə, piketə çıxan cəbhəçilərin və müsavatçıların hər birinə Əli Əhmədovun, Mübariz Qurbanlının və Siyavuş Novruzovun şəxsən özləri belə ürəklərindən tikan çıxması üçün 100 şallaq vursa da xeyiri yoxdur, müxalifət sözünü deyəcək…
Qavranması zor deyil, mitinqə, piketə çıxanlar korrupsiyaya, rüşvətə, saxtakarlığa “YOX” dediyi üçün korrupsiya, rüşvət və saxtakarlıqla səltənət quranların qəzəbinə tuş gəlir. Bu ədalətsizliyin, bu haqsızlığın bir gün sonu olacaq. Və nə cərimə, nə şalllaq cəzası O SONUN gəlişinə əsla əngəl ola biləcək.

Şallaq cəzası
•