Aeroportda dil qalmaqalı

Məhərrəm Səfərli: «Bu məlumat yalandır!»

“Olaylar” agentliyi Bakıdakı hava limanında dövlət dilimizə hörmətsizlik barədə məlumat yayıb. Məlumatda bildirilir ki, hava limanının gözləmə və elan zallarında Azərbaycan dilinə qarşı hörmətsizlik nümayiş etdirilərək, sərnişinlərə bütün məlumatlar yalnız rus dilində elan edilir.
Agentlik, hətta hava limanının işçilərinin də sərnişinləri rus dilində danışmağa vadar etdiyini, Azərbaycan dilindən heç bir dialoqda istifadə olunmadığını qeyd edir. Hava limanında rəsmi dil kimi rus dilindən istifadə olunduğu da agentliyin məlumatında yer alıb.
Sözügedən məlumatla əlaqədar AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli ilə əlaqə saxladıq. M.Səfərli yayılan məlumatın yalan olduğunu söyləyərək, bunu “jurnalist etikasına sığmayan hərəkət” kimi qiymətləndirdi. Bildirdi ki, hava limanında uçuşlar barədə elanlar bir qayda olaraq, Azərbaycan, ingilis və rus dilində verilir.
“Aeroportda ən çox istifadə olunan isə rəsmi dövlət dilimizdir. ”Olaylar”ın diqqətinə çatdırmaq istəyirəm ki, rus dili həm də Beynəlxalq Mülki Aviasiya Təşkilatının rəsmi dillərindən biridir. Unutmaq lazım deyil ki, Azərbaycana rusdilli sərnişinlər daha çox gəlir. Hava limanında personalın sərnişinlərlə rus dilində danışması qəbahət deyil”, – deyə AZAL-ın xidmət rəisi bildirib.
Məhərrəm Səfərli əlavə edib ki, beynəlxalq aeroportda çalışan personalın əcnəbi sərnişinlərlə ingilis dilində danışmasında da qəbahət yoxdur. Çünki bu dillər qəbul olunmuş beynəlxalq normalara uyğundur və Azərbaycanın qoşulduğu konvensiyalar da bunu tələb edir: “Bura beynəlxalq hava limanı olduğu üçün orada hansı dil lazımdırsa, ondan da istifadə oluna bilər”.

Nigar