Ələt yolunda maşınımızın burnu polis kordonuna dirənib sürəti xeyli yavaşlayıb dayananda sürücü yoldaşım sual dolu baxışlarla bir polislərə, bir mənə baxanda günlərdir informasiyadan bilmərrə uzaq düşdüyüm halda düşünmədən dedim: “Yəqin qardaş yenə də harasa lent kəsməyə gedir”.
Sürücünün üzü bir az narazı şəkil aldı: yəni ta bu qədər də yox da!.. Təbii ki, bu “bu qədər də” prezidentə yox, mənə aid idi. Yəni mütləq hər şeyi ona bağlamaq zorundasanmı?..
Yox, mən hər şeyi ona bağlamaq zorunda deyiləm. Elə bir qayğım da yoxdu. Ama bağlamaq kəlməsi neynirsən elə… mütləq ona bağlıdı və illah da söhbət yoldan gedirsə. Indi də mən ona yox, o mənə bağlayıb.
Bu bağlılığı yaradan mən deyildimsə də, sürücü yoldaşım eyhamından qalmadı: “Yəqin biliblər sən gəlirsən, yolu bağlayıblar…”.
Maşından düşüb siqaretimi yandıranda biri “görəsən nə olub?” – deyə, o boyda qələbəlikdə üzünü məhz mənə tutanda da, görməzə-bilməzə eyni sözü söylədim və qardaşın cavabı hazırmış kimi son dərəcə narazı halda açıldı: “Ala, nooldu e… Bu uzunluqda lent olar?”.
Sonra belə fikir yarandı ki, dövlət başçısı Beyləqana gedir. Hamı gözünü Bakıdan gələn yola dikdi ki, “qubernator” haçan gəlib keçəcək. “Allah bu telefonu, feysbuku icad edənin atasına rəhmət eləsin,- sürücü qardaşımız dedi,- öyrəndim, prezident Beyləqanda növbəti ”Heydər Əliyev” mərkəzinin lentini kəsib geri qayıdır. Bundan sonra gözlər Beyləqandan gələn yola dikildi.
Artıq maşın qafiləsinin uzunluğu iki kilometrə çatmışdı. Bir nəfər polislə cəhlləşməyə başlamışdı. Buraxılmasını tələb eləyirdi. Polis isə əsəbindən bağırırdı: “Sən bu qədər adamın hansından artıqsan ki?!! Açıl başımdan, məni pis adam eləmə…”. Adam qəfildən kiridi və elə gözdən itdi ki, gözlərim onu nə qədər arasa da tapmadı.
Kimi gözləməkdən bezib maşındaca nahar eləyir, kimi polislərin həndəvərinə yığışıb alacaqları şad xəbər anını qaçırmamaq üçün qulaqlarını şəkləyir, kimi nə üçünsə durmadan vurnuxur, kimi sıxışdığına görə iki kilometrlik məsafədə 4 cərgədə düzlənən avtomobilin tutduğu bu ərazidə təbii ehtiyaclarını harada ödəyə biləcəyi yeri, o yer tapılmazsa, başına nə çarə qılacağını düşünürdü. Sürücümüz əvvəl nikbin görünür, sanki bu nikbinliyi ilə dövlət başçısının günahını yumağa çalışırdı. “Darıxmayın, çox çəkməz, yolumuz açılar”,- deyə-deyə bizi gələcəyə ümidləndirən sürücümüz bekarçılıqdan yeməyə başladığı mandarinlərdən bezəndən sonra qəfildən partladı: “Qardaş, siz Ələt yolunun dərdini çəkirsiz, ancaq dərd bu deyil. Bu ölkədə bütün yollar bağlıdı, bütün yollar. Yol sözüylə yanaşı işlənə biləcək nə varsa, bağlıdı. Bakını ralli yarışları iflic eləyib, gəlib-gedən ulduzlar iflic eləyib, qazıntılar, dağıntılar, əyalət yolları da belə…”.
Maşınımızın yanında dayanan iki nəfər də təbii olaraq yol mövzusunda söhbət eləyirdi. Üzlərindən əsəb, giley-güzar, narazılıq, etiraz yağırdı: “A kişi, belə də şey olar?!! Bəlkə burda birinin xəstəsi var, təcili Bakıya çatdırmalıdı…”. Adama üzümü çevirib ürəyimdən keçirdim: “Qardaş, məgər burdakıların hamısı təcili surətdə xəstəxanaya çatdırılası xəstələr deyil ki?..”. Qardaşlar fikrimi yüz faiz oxumadılar, çünki gözləri Beyləqandan gələn yola dikilmişdi. Indi gözlərini “Azadlıq”a diksələr, bəlkə oxuya bilələr. Ancaq çətin. Güman ki, indi də Bakının hansısa küçəsində tıxacda deyinməklə məşğuldular.
Qəfildən yörəmizdəki maşınlar hərəkətə gəlib özünü qabağa dürtüşdürməyə başlayanda adamlar duyuq düşdülər və dəli sevinc içində maşınlarına doğru yüyürməyə başladılar. Belə məlum oldu ki, dövlət başçısı gözlərin dikildiyi yoldan ötüb keçib. Ancaq nə vaxt keçmişdi anlamadım. Görünür, sürət çox itiymiş.
Sürücü dostum mühərriki işi salıb dedi: “Hələ bu yazıq millətin sevinməyinə bax… Az qalır sevincdən ürəkləri yerindən çıxa. Prezident nə elədiyini yaxşı bilir. Bu yetim millətin də sevinmək haqqı var, ya yox…”.

Prezidentin yol əhvalatı
•
•