azeri-oliqarxlar-rus

Milyarderlərə qarşı total hücum başlayır

azeri-oliqarxlar-rusDiaspor təşkilatlarına Rusiyada yeni yaranan ittifaq əleyhinə bəyanatlar vermək tapşırılıb

Azərbaycan hakimiyyəti nüfuzlu azərbaycanlıların təsis etdikləri Rusiya Azərbaycan Təşkilatları Ittifaqına (RATI) qarşı kampaniyanı kütləviləşdirmək qərarına gəlib. Hakimiyyətdaxili mənbələrdən “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, artıq Rusiyada bütün diaspor təşkilatlarına bu barədə xüsusi direktiv göndərilib.
Bu təşkilatların hamısı RATI-yə qarşı çıxmalıdır. Yaxın vaxtlarda bu kampaniyaya start veriləcəyi bildirilir. Bütün diaspora təşkilatları təxminən eyni məzmunlu bəyanatlar səsləndirməklə RATI-nin təsis olunmasını pisləyəcəklər.
Dünən həmçinin məlumat almışıq ki, RATI-nin sədri, baş nazirin sabiq müavini Abbas Abbasov ölkə başçısı Ilham Əliyevlə görüşmək üçün cəhdlərini davam etdirir. Lakin ölkə başçısı israrla Abbas Abbasovla görüşmək istəmir.
Məlumat üçün deyək ki, hələ RATI təsis edilməmişdən bir qədər əvvəl Abbas Abbasov Ilham Əliyevlə görüşmək istəyib. Lakin hansısa səbəbdən ölkə başçısı bu görüşü rədd edib. RATI təsis olunandan və Azərbaycan hökuməti tərəfindən bu təşkilata qarşı hücumlar başlanandan sonra qurum fəaliyyətini dayandırdığını bəyan etmişdi. Bəyanatda vurğulanırdı ki, təşkilatın sonrakı taleyi Abbas Abbasovla Ilham Əliyevin görüşünün nəticələrindən asılı olacaq. Bundan sonra isə Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının (AzerRos-un) vitse-prezidenti, Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasov mətbuata açıqlamasında bildirdi ki, Abbas Abbasov artıq Bakıdadır və o, Ilham Əliyevlə görüşüb yeni təşkilatın prioritetləri barədə ölkə başçısını məlumatlandırmaq niyyətindədir. Lakin çox keçməmiş Abbas Abbasov Vidadi Abbasovu təkzib etdi.
Bəzi məlumatlara görə, Abbas Abbasov həqiqətən Bakıda olub, lakin Ilham Əliyev onu qəbul etmədiyinə görə, xəbəri təkzib etmək məcburiyyətində qalıb. Nəzərə alsaq ki, RATI yaranmamışdan əvvəl də Abbas Abbasov bir neçə dəfə Ilham Əliyevlə görüşməyə cəhd edib. Ölkə başçısı hansısa səbəbdən onu qəbul etmək istəməyib.
Bu arada məlumat yayılıb ki, Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdiri, Azərbaycan iqtidarının sözçüsü sayılan Əli Həsənov hazırda Rusiyanın paytaxtındadır. “Musavat.com”un yazdığına görə, o, Kremldə bir sıra dövlət qurumları, müvafiq strukturlarla görüşlər keçirir. Görüşlərin əsas mövzusu xeyli maraqlıdır – dövlətlər və regionlararası münasibətlər, diaspora məsələləri. Məlumatı dəqiqləşdirmək üçün edilən zənglərə Əli Həsənov cavab verməyib.
Əli Həsənovun indiki vaxtda Kremldə görüşlər keçirməsi hakimiyyətin RATI ilə bağlı narahatlığından irəli gəlir. Hakimiyyət ilk gündən bu təşkilatın Kremlin layihəsi olduğunu düşünür. RATI-yə qarşı hücum da məhz bununla bağlıdır.
Əli Həsənovun Rusiyaya səfəri həm də Ilham Əliyevin qapıları milyarderlərin üzünə birmənalı qapatması anlamına gəlməlidir. Yəni, ölkə başçısı Kremlin mesajlarını Abbas Abbasovdan eşitməkdənsə, Əli Həsənovu ora göndərməyi tərcih edib.

İnformasiya şöbəsi