Hekayədəki kimi bir adam

Bir neçə gün öncə baş verib bu. Birdən-birə 100-ə qədər adam üstümə töküldü ki, yox, onun 60 yaşının olmasına inanmırıq. Düz demirsən. Heç 50 yaş da verə bilmərik. 40-45 yaş. Mən də israr etdim. Dedilər, inanmırıq sənə. Hətta onu illərlə tanıyan insanlar söylədi bunu. Ciddi-ciddi etiraz etdilər. Adamlar haqlı deyildi, onun doğrudan da 60 yaşı tamam olurdu. Amma onların buna inanmamasında da qəribə heç nə yox idi. O yaşı vermək doğrudan da mümkün deyildi. 50 də çox olar. Düzdür, biz onu cavan və gümrah qalmasına görə sevmirik, amma buna da çox sevinirik. Xüsusən də, onu nəzərə alırıq ki, o, cavan qalması üçün bir normal insanın üzləşə biləcəyi hər cür yükdən qaçanlardan, özü üçün yaşayanlardan deyil. Komfort, zəngin həyat, təminatlılıq onun üçün heç vaxt öndə olmayıb… 
Hamı da bilir bunu. Bəlkə də ona görə bu cavanlığın sirri hamıya maraqlı idi. Mən də söz verdim ki, açmağa çalışacağam bu sirri. Amma gəlin qayıdaq əvvələ. Kimdən söhbət gedir? Bu nə zaman olub?
Oktyabrın 27-də tanınmış jurnalist Çingiz Sultansoyun 60 yaşının tamam olması münasibəti ilə kiçik bir təbrik yazdım. Dərhal da iki məsələ məndə xoş və təəccüb dolu bir ovqat yaratdı. Facebook-da olduqca böyük diqqət və hörmət gördüm ona qarşı. Çox da sevindim. Təkcə Çingiz bəyə görə deyil, yaşadığımız toplumun adına sevindim. Bu qədər dəyərli, təmiz, savadlı, cəsur bir adamı görüb qiymətləndirmək çox yaxşı haldır. Yalanın hər yanı işğal etdiyi, yalançıların başda oturduğu bir ölkədə dürüst bir insanın sevilməsi gözəldir.
Adətən biz yubileylərdə yaxınlarımızı, dostlarımızı pafoslu təqdim etməyi sevirik. Çox da qəribə deyil bu. Amma nə yaxşı ki, elə adamlar var ki, biz onların yubileyində onu doyunca öyə bilərik, barəsində pafosla danışa bilərik, amma yanılmarıq, yalan demərik. Çingiz bəy həmin adamlardan biridir.
Bütün həyatı boyu dürüst yaşamaq, bütün həyatı boyu doğrunu yazmaq – bu, Çingiz bəyin əsas keyfiyyətidir. Onu aldada biliblər, amma o heç vaxt aldatmayıb. Bu, tərif deyil. Bu, yubiley pafosu deyil… Həmişə haqlının yanında olub, həmişə sözünü deyib, həmişə ölkəsi və soydaşları üçün doğruları söyləməkdən çəkinməyib. Qıraqda qalıb, sözünü qıraqdan deyib. Yorulmadan çalışıb. Yorulmadan yenə də çalışır. Dayanmadan oxuyub, indi də dayanmadan oxuyur.
Sadədir, amma heç kimə bənzəmir. Heç kimə bənzəmir, amma heç bir əcaibliyi də yoxdur. Hərdən ona baxıb soruşuram: Bu nə biçim bir adamdır? Nə yazmaqdan, nə oxumaqdan, nə də yaşamaqdan doyur və yorulur. Iddiası da yoxdur. Bir ədəbiyyat obrazı kimi durub gözümüzün qabağında, gəzir yanımızda, yaşayır aramızda.
Bəs cavan və gümrah qalmağının sirri nədir? Gözəl ənənələri olan bir ailədə böyüyüb, atası prinsipal və tanınmış alim olub. Özünün yaxşı ailəsi, gözəl övladları, şirin nəvələri var. Yaxşı dostları var. Amma belə insanlar az deyil və onlar buna nail ola bilirmi?
Idmanı sevir, pəhriz gözləyir, yoqa ilə də məşğul olur bəzən. Lakin bu cür adamlar çoxdur və heç də onun kimi cavan və gümraha qala bilmirlər.
Təbii ki, bütün bunlar yaxşıdır. Amma onu bu cür cavan saxlayan bir sirr var. Dürüst olmaq, tamahsız olmaq, həqiqətə sevgi, mübarizlik, bir də kitablar. Tarix sübut edib ki, bu cür adamlar hətta Soljenitsin kimi ən ağır həbs həyatına və ən ağır xəstəliklərə qalib gəlir.
Idman elə, amma kitab oxuma, onda o cür sağlam həyata imkan verən düşüncə və ürəyə sahib ola bilməyəcəksən. Yaxşı həyat yoldaşın olacaq, amma həyatın ağırlıqlarına tab gətirəcək ruhun da lazımdır. Yaxşı maddi imkanların olacaq, bəs fərəhlə duruş gətirməyə mənəvi zənginliyin olacaqmı?
Çingiz bəydə bunların hamısı var. Ən başlıcası, onun sağlam ruhu var. “Sağlam bədəndə sağlam ruh olar” deyənlərdən, “sağlam ruh sağlam bədəni qoruyar” deyənlər daha haqlıdır.
Təbrik etməyi az qala unudacaqdım. Imzasını müasir mətbuatımızın tarixinə yaza bilmiş Çingiz bəyi bütün həmkarları adından uğurlarına görə, ən əsası isə, özünü qazandığına görə təbrik edirəm.