Güllələnən diaspor fəalı ilə bağlı şok məlumatlar

İslam Hüseynovun adı qətl hadisəsində hallandırılır

Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin sədri Islam Hüseynovun ötən ay sui-qəsdə məruz qalaraq güllə yarası aldığı barədə məlumat vermişdik. I.Hüseynov baş verən hadisələrə görə, Rusiya Federasiyası Təhqiqat Komitəsinin Ulyanovsk bölməsinin rəhbərliyini günahlandırmışdı. O bildirmişdi ki, sui-qəsdi Təhqiqat Komitəsinin həbsdən azadlığa buraxdığı quldurlar törədib. Dediyinə görə, Ulyanvskda bütün cinayətkarlara Təhqiqat Komitəsi havadarlıq edir: “Mən onlarla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etmişəm. Bu şəhərdə baş verən korrupsiya hallarına qarşı mübarizə aparanlar Təhqiqat Komitəsinin düşmənləridir. Ona görə də mənə bu sui-qəsdi etdilər.
Bütün bu işlərin arxasında Təhqiqat Komitəsinin sədri Yevdokimov, müstəntiq Vinaqradov, müstəntiq Polzunov, regional prokurorluğun xüsusi mühüm işlərin təhqiqatı şöbəsinin rəhbəri Kireyev durur. Məhz Təhqiqat Komitəsinin sifarişi əsasında bu hadisə baş verib. Onlar ağzımı yummaq istəyirdilər, çünki onlar barədə Federal Təhqiqat Xidmətinə şikayət yazmışdım. Məndən yanıqlı idilər, buna görə də məni məhv etmək üçün öz banditlərini üstümə göndərmişdilər. Sui-qəsdə qədər təhdid dolu telefon zəngləri alırdım. Təhdid edirdilər, ailəmin, övladlarımın, biznes və imicimin bundan zərər çəkəcəyini bildirirdilər”. Bunlar I.Hüseynov hadisədən sonra mətbuata verdiyi açıqlamalar idi.
Bugünlərdə redaksiyamıza bəzi rəsmi sənədlər daxil olub və o sənədlərdə I.Hüseynov barədə ilginc məlumatlar yer alıb. Sənədləri redaksiyamıza göndərən şəxs iddia edir ki,
I.Hüseynovun adı bugünə qədər bir çox cinayətlərə qarışıb. Həmin iddialara görə, I.Hüseynov 1994-cü ildə adam öldürərək Moskva şəhərinə qaçıb: “1996-cı ildə öz bacanağına odlu silahdan atəş açdığına görə həbs olunub. Həmin vaxt o, istintaqa özünü Arif kimi təqdim edib və məsuliyyətə elə bu ad altında cəlb edilib. Daha sonra isə cinayəti anlaqsız vəziyyətdə törətməsi əsası ilə məsuliyyətdən azad edilib. 2000-ci ildə saxta yolla öz adına Rusiya vətəndaşının pasportunu alıb. Azərbaycan dövləti tərəfindən Islamın verilməsinə dair müraciətə Rusiya tərəfindən rədd cavabı verilib. Və bu imtina Islamın Rusiya vətəndaşı olması ilə əlaqələndirilib. Daha sonra cinayət işinin materialları Rusiyanın Samara vilayətinin prokurorluğuna göndərilib. Sonradan barəsindəki cinayət işinə Tolyatti Prokurorluğu tərəfindən xitam verilib. Ulyanovsk Prokurorluğu tərəfindən aparılan araşdırmalar nəticəsində onun pasportunu saxta yolla aldığı müəyyən edilib və Islam 2004-cü ildə cinayət məsuliyyətinə cəlb olunub. Lakin sonradan şərti olaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib”.
I.Hüseynovla bağlı həm Azərbaycan, həm də Rusiyanın ayrı-ayrı prokurorluqları tərəfindən verilmiş rəsmi sənədlərdə də maraqlı məlumatlar var. Məsələn, Azərbaycanın Baş Prokurorluğunun bu ilin avqust ayında Gəncə sakini Şərqiyə Xəlilovaya ünvanladığı cavab məktubunda aşağıdakılar qeyd olunur: “Qardaşınız Səfərov Həmzə Rza oğlunun Hüseynov Islam Rövşən oğlu tərəfindən qəsdən öldürülməsi ilə əlaqədar cinayət işi üzrə təqsirləndirilən şəxsin məsuliyyətə cəlb olunmaması barədə müraciətinizə baxılıb. Istintaq zamanı Həmzə Səfərovu qəsdən öldürmüş şəxsin Islam Hüseynov olduğu müəyyən edilmiş, lakin Islam Hüseynov Rusiya vətəndaşı olmaqla həmin dövlətin ərazisində gizləndiyindən barəsində olan cinayət işi cinayət təqibinin davam etdirilməsi üçün Rusiyanın Baş Prokurorluğuna göndərilib”. Gəncə Şəhər Prokurorluğundan gələn məktubda isə deyilir ki, I.Hüseynov bir neçə nəfərlə Həmzə Səfərovu 18 avqust 1994-cü ildə Gəncədəki “Xatirə” parkına apararaq döyüb və yandıraraq öldürüb. Sonra da Samux rayonu ərazisində basdırıb. Gəncə Şəhər Prokurorluğundan da bildirilib ki, iş Rusiyaya göndərilib və bu səbəbdən zərərçəkən tərəf Tolyatti Şəhər Prokurorluğuna müraciət etməlidir. Növbəti belə sənəd Ulyanovsk Prokurorluğundan gəlib. Sənəddə zərərçəkənin ailəsinə məlumat verilir ki, I.Hüseynov Rusiya Federasiyasına gəldikdən sonra başqasını pasportundan istifadə edib və araşdırma zamanı onun bu saxtakarlığı üzə çıxıb. Prokurorluq bildirib ki, məlum ölüm işi araşdırılmaq üçün Samara Prokurorluğuna göndərilib. Samara Prokurorluğundan gələn cavabda isə onların cinayət işi barədə məlumatlı olduğu bildirilir. Lakin qeyd edilir ki, iş üzrə dindirilən şahidlər ilkin olaraq I.Hüseynovun əleyhinə ifadə versələr də, sonradan ifadələrini onun xeyrinə dəyişiblər. I.Hüseynov özü də cinayəti törətdiyini boynuna almayıb. Samara Prokurorluğu məsələ ilə bağlı Azərbaycan tərəfinə bəzi suallar ünvandığını, lakin cavab ala bilmədiyini də qeyd edib.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Informasiya şöbəsi