Bir qrup YAP üzvü qanunsuzluqdan təngə gəldiklərini yazırlar
Gədəbəy rayonundan “Azadlıq”a müraciət edən bir qrup YAP üzvü yazıda bəhs olunanların dövləti düşünən bütün rayon camaatının etirazı olduğunu bildirib. Müraciətdə deyilir:
“Bu müraciəti hazırlayanların çoxu rayonda dövlət qulluğunda çalışır, buna görə də çox adama baxanda babat dolanırıq. Buna görə birtəhər keçinmək olar. Amma mənliyimizi əzən bir məsələni yazmaq istəyirik. Indiyə kimi cəbhəçiləri tənqid etdiyimiz işlər indi öz başımıza gəlib. Dünyanın hər yerində bir qədər çox, bir qədər az qanunsuzluq, ədalətsizlik var. Buna dözmək olar. Amma Gədəbəy rayonunda anarxiya var. Mənfur erməniyə yerini göstərən rayon indi az qala onlardan betərlərin əlində aciz qalıb.
Qeyd edək ki, Gədəbəydə bir yox, üç icra başçısı var. Təəccüb etməyin. Onların biri rayon maliyyə idarəsinin müdiri, milyonçu Namiq Məmmədovdur. Digər icra başçısı postunu isə Musayev cütlüyü idarə edir. Paşa Musayev rayon icra hakimiyyəti aparatının ümumi işlər müdiri, onun qardaşı oğlu Vüsal Musayev isə rayon icra hakimiyyəti başçısının müavinidir. Rayon maliyyə idarəsinin müdiri, milyonçu Namiq Məmmədovun dəstəsi – Ramiz Məmmədov əmisi oğlu, rayon təhsil şöbəsinin müdiridir (N.Məmmədovun vəzifələrə qoyduğu qohumları və yaxınları o qədərdir ki, yazılsa, siyahıda o birilərə yer qalmayacaq). Eləcə də Paşa və Vüsal Musayevlərin vəzifəyə qoyduğu qohumları olduqca çoxdur. Ramazan Muradov RIH aparatının şöbə müdiri, onun kürəkəni isə icra aparatının məsləhətçisidir. Qabil Allahverdiyev (tamada Qabil kimi tanınır) şəhər məktəbinin direktoru, onun oğlu və qaynı isə Zəhmət və Qaradağ kəndində məktəb direktorudur. Elşadla Elxan Hüseynovlar icra başçısı və deputatın köməkçiləridir. Qüdrət Paşayev icra başçısının birinci müavini, qardaşı Ədalət Paşayev generaldır. Cahangir və Məhəmməd Qasımovlar da rayonda vəzifə tutur. Qabil Murğuzov maliyyə idarəsinin müdir müavini, oğlu Yusif Murğuzov rayon icra hakimiyyəti aparatının məsləhətçisidir. Yusif Əliyev icra aparatının baş məsləhətçisi və Vergilər nazirliyinin qeyri-rəsmi əməkdaşı, baldızı Mətanət Həsənova məktəb direktoru, qaynı Ibrahim Həsənov DSMF rayon şöbəsində müavindir. Bundan başqa, Namiq Şirinov rayon qaz təmiri idarəsinin müdiri, bacısı Sevinc Şirinova şəhər məktəbinin direktorudur. Bir sözlə, rayon bu həqiqi, həmçinin qondarma icra başçıları və onların qohumlarının sərəncamındadır. Rayonda adicə sorğu və ya yoxlama aparılsa, hələ çox suallar ortaya çıxacaq.
Gədəbəydə imkanlı, möhürlü qohumun varsa yaşa, yoxdursa, ya ölməlisən, ya da rayonu tərk etməlisən. Icra başçısı Ramiz Yediyarov isə bunlara ya bilə-bilə susur, ya da susdurulub”.
Sosial şöbə
P.S. Yazıda adı hallanan şəxslər də öz mövqeyini bildirə bilər.