Sabiq rektor baş prokuror Zakir Qaralovla tələbə yoldaşı çıxdı
Əsgər Ələkbərovun qardaşı oğlunu Xanlar Vəliyevin isə qardaşını oğurlayıblarmış
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı müəmma hələ davam edir. Elşad Abdullayev ölkə başçısı Ilham Əliyevə və KIV-ə ünvanladığı müraciətlərdə bildirir ki, qardaşı 2003-cü il oktyabrın 13-də evdən çıxıb və bir daha geri qayıtmayıb. O, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, hər hansı nəticəsi olmayıb. Bu baxımdan özü müstəqil şəkildə araşdırmalara başlayıb.
Araşdırmalar nəticəsində Elşad Abdullayevə bəlli olub ki, qardaşı MTN və DIN-in yüksək rütbəli zabitlərinin də üzvü olduğu mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanıb. Elşad Abdullayev bu məsələdə əsasən hazırda milli təhlükəsizlik nazirinin müavini olan Hilal Əsədovu, MTN-nin idarə rəisi Akif Çovdarovu, daxili işlər nazirinin müavini Vilayət Eyvazovu, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi və s. yüksək çinli məmurları ittiham edir.
Hələ ki, bu şəxslərin heç biri Elşad Abdullayevin ittihamlarına cavab verməyib. Onların sükutu sabiq rektorun söylədiklərinin əsassız olması barədə iddialara kölgə salır. Elşad Abdullayev doğru söyləsə belə, Mahir Abdullayevin nədən hədəf seçildiyi bəlli deyil. Pula görəmi? Elşad Abdullayev qardaşının qaytarılması üçün kifayət qədər pul verib. Bəs niyə Mahir Abdullayev ailəsinə qaytarılmayıb? Bəlkə Mahir Abdullayev öldürülüb? Öldürülübsə, hansı səbəbdən? Meyit niyə ortalıqda yoxdur? Bütün bunlar Elşad Abdullayevin qurduğu böyük bir oyun ola bilərmi? Yəni, Mahir Abdullayev iddia edildiyi kimi ailənin “kassasından” böyük miqdarda pulu götürüb ölkədən çıxır, Elşad Abdullayev isə bu pulu geri almaq üçün hakimiyyəti şantaja başlayır. Belədirsə, nədən istintaq Elşad Abdullayevi ifşa etmir? Göründüyü kimi müəmmalar çoxdur. Ictimaiyyət isə bütün bunlara aydınlıq gətirilməsini istəyir. “Azadlıq” qəzeti olaraq biz də “Mahir Abdullayev müəmması”nın açılmasında və prosesin obyektiv işıqlandırılmasında maraqlıyıq. Ona görə də bu məqsədlə davamlı olaraq materiallar dərc edirik…
Bu dəfə oxuculara vaxtilə Mahir Abdullayevin itkin düşməsi faktı ilə araşdırma aparan və mövzu ilə bağlı kifayət qədər məlumatlı olan, tanınmış hüquqşünas, “Femida-007″ qəzetinin baş redaktoru Əyyub Kərimlə müsahibəni təqdim edirik.
– Sizcə Elşad Abdullayev qardaşı ilə bağlı nə baş verdiyindən məlumatlıdır?
– Mən Elşad Abdullayevin bu barədə nə düşündüyünü, onda hansı məlumatların olduğunu dəqiqliyi ilə bilmirəm. Amma Elşad Abdullayevin açıqlamalarında xeyli ziddiyyətlər var. O, qardaşının mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlandığını deyir, müəyyən adlar çəkir. Amma adlara diqqət edəndə görürsən ki, bu adamların çoxu bir-birinə əks-qütblərdə təmsil olunur. Məsələn, Hilal Əsədov o zaman Bakı Şəhər Baş Polis Idarəsininin Mütəşəkkil Cinayətkarlığa Qarşı Şöbəsinin rəisi olub. Həmin vaxt “Qorotdel”in rəisi Məhərrəm Əliyev idi. Deməli, Hilal Əsədov Məhərrəm Əliyevin işçisi idi. Heç kimə sirr deyil ki, Məhərrəm Əliyevlə Ramil Usubov arasında çəkişmə var idi. Bu halda necə olur ki, Ramil Usubova yaxınlığı ilə seçilən şəxslərdən biri – o zaman Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi Vilayət Eyvazov Məhərrəm Əliyevin işçisi ilə eyni dəstədə təmsil olunur? Axı bu inandırıcı görsənmir? Əlbəttə bu mənim mülahizəmdir.
– Amma Elşad Abdullayev sübutlar gətirir ki, Hilal Əsədovla Akif Çovdarov ondan qardaşının qaytarılması üçün külli miqdarda pul alıblar…
– Bu ola bilər. Mən bir dəfə bu məsələ ilə bağlı müsahibəmdə bildirmişdim ki, Elşad Abdullayev qardaşının itkin düşməsi işində sanki “Məşədi Ibad” obrazıdır.
– Yəni, bu adamlar sadəcə baş vermiş hadisədən istifadə edərək Elşad Abdullayevdən pul qoparıblar?
– Ən yaxşı halda hə. Ola bilər ki, onlar Elşad Abdullayevin xeyli pulunun olduğunu biliblər və bu oyunu oynayıblar. Elşad Abdullayev də çıxılmaz vəziyyətdə qalaraq mənbəyi məlum olmayan pul kisəsinin ağzını açıb. Mən burada kimisə müdafiə etmək niyyətində deyiləm. Sadəcə məsələlərə soyuq məntiqlə yanaşıram və çalışıram ki, bacardığım qədər obyektiv olum. Gəlin, bir məqama diqqət edək. Elşad Abdullayevin qardaşı 2003-cü ildə itkin düşür. Kimdir bu Abdullayevlər? Elşad Abdullayev özü ölkə başçısı Ilham Əliyevin əmisi Aqil Əliyevlə birgə çalışır. Deyilənlərə görə, universitetdə hansısa pay söhbətləri olub. Həmçinin məlumatlara görə, o, baş prokuror Zakir Qaralovla tələbə yoldaşı olub. Elşad Abdullayevin qayınatası akademik Hüseyn Əhmədovdur. O, həm də YAP-ın icra katibi, deputat Əli Əhmədovun əmisidir. Elşad Abdullayevin başqa bir qardaşı Elsevər Abdullayev Respublika Prokurorluğunda çalışır. Onun qayınatası daxili işlər və ədliyyə nazirlərinin sabiq müavini Akif Rəfiyevdir. Səhv etmirəmsə, generaldır. “San-Marino” universiteti məhz onun ədliyyə nazirinin müavini olduğu dövrdə qeydiyyatdan keçib. Qeydiyyat sənədlərində onun imzası var. Mahir Abdullayevin özü MTN-də çalışıb. Qayınatası isə “AzərTac”ın rəhbəri olub. Adını indi xatırlamıram. Göründüyü kimi Abdullayevlər o qədər də zəif mövqeli olmayıblar. Ona görə də maraqlı görünür ki, niyə bu qədər güclü mövqeyi olan Elşad Abdullayev o zaman Hilal Əsədov, Akif Çovdarov, Arzu Kazımov kimi o qədər də güclü mövqeyə malik olmayan fiqurlara ağız açıb? Məgər Elşad Abdullayev bu məsələni elə o zaman hələ sağ olan Aqil Əliyevlə həll edə bilməzdi? Necə deyərlər, 124 min peyğəmbərə yalvarınca bir Allaha yalvaraydı. Amma o, hansısa naməlum səbəblərdən bunu etməyib. Yəni, Aqil Əliyevin gücündən yararlanmayıb.
– Bəlkə, Aqil Əliyevlə münasibətlərində hansısa problem olub?
– Hər halda hələ ki, ortada elə fakt yoxdur. Digər tərəfdən tutaq ki, Elşad Abdullayevlə Aqil Əliyevin arasında problem olub. Tutaq ki, Aqil Əliyev Elşad Abdullayevi eşitmək istəməyib. Bu xahişi ondan Hüseyn Əhmədov edə bilərdi. Onların ki, münasibəti yaxşı olub. Aqil Əliyevin bircə zəngi kifayət edirdi ki, bu məsələnin üstü açılsın. Niyə Aqil Əliyevə müraciət olunmayıb?
– Sizin ehtimalınız nədir?
– Mən düşünürəm ki, Elşad Abdullayev qardaşının işilə bağlı müəyyən məsələləri bilib.
– Bilə-bilə də hamıya pul paylayıb? Məntiq yoxdu axı.
– Bir dəqiqə. Elşad Abdullayev qardaşının başına nə iş gəldiyini təxmin edib. Özü müstəqil araşdırma aparıb və xeyli pul xərcləyib, ola bilsin işin sonuna çıxıb, müəyyən nəticələrə gəlib. Yəni, görüb ki, artıq Mahir Abdullayevi geri qaytarmaq mümkün deyil. Pullarını geri qaytarmaq haqqında düşünüb. Mənim ehtimalım budur. Amma o da ola bilər ki, ümumiyyətlə, Elşad Abdullayev sadəcə adıçəkilən şəxsləri şantaj edir.
– Əyyub bəy, Elşad Abdullayevin açıqlamalarında bir məqam da var ki, sən demə, daxili işlər nazirinin müavini Zahid Dünyamalıyevin də oğlu oğurlanıbmış…
– Açığı məndə bu barədə məlumat yoxdu. Amma o zaman daxili işlər nazirinin müavinlərindən birinin qardaşı oğlu, baş prokurorun müavinlərindən birinin isə qardaşı oğurlanıb.
– Əsgər Ələkbərovun qardaşı oğlu və Xanlar Vəliyevin qardaşının oğurlanması barədə məlumatlar var idi. Siz də bu şəxsləri nəzərdə tutursunuz?
– Bunlar keçmişdə qalıb. Bu barədə indi danışmaq məncə, doğru olmazdı. Vaxtilə mən bu barədə araşdırmalar aparmışam.
– O zaman Elşad Abdullayevin yaydığı ikinci video barədə danışaq. Söhbət DIN-in 7-ci şöbəsinin əməkdaşı ilə bağlı videodan gedir. Yəqin ki, videoya baxmısız, necə qiymətləndirirsiniz?
– Qısaca olaraq deyim ki, bunun adı biabırçılıqdır. Bu DIN-də hansı vəziyyətin hökm sürdüyünün bariz nümunəsidir.
Vidadi Məmmədov