Cəbhəçi gənclərdən yeni ideya

AXCP Gənclər Komitəsi yeni ideya ilə çıxış edib. Belə ki, təşkilat ölkədə fəaliyyət göstərən müxalif gənclər təşkilatlarının sərgisini keçirməyi təşkil edir.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, hakimiyyət hər il özünə yaxın gəncləri və qurumları ilə birlikdə Gənclər və İdman Nazirliyinin rəhbərliyi altında onların fəaliyyətini təqdim edən sərgi keçirir: “Sərgidə onların gördükləri işləri əks etdirən fotolar, videolar yayımlanır. Burada hakimiyyət yönümlü gənclərin iştirakına icazə verilir. Bu da hakimiyyətin gənclər siyasətinin göstəricisi kimi qələmə verilir. Ötən illərdəki sərgilərdən birindən sonra Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev narazılığını ifadə edərək vurğulayıb ki, biz gənclər təşkilatlarına maddi dəstək veririk, ancaq ortada normal nəticə yoxdur”.

Onun sözlərinə görə, biz də cəbhəçi gənclərlə siyasi partiyaların gənclər təşkilatı, ictimai təşkilatlar olaraq qərara aldıq ki, öz fəaliyyətimizin sərgimizi keçirək: “ Düşünürük ki, biz məhdud resurslar hesabına daha effektli fəaliyyət göstəririk. Bizim fəaliyyətimiz həmin hökumət rəsmilərini danışmağa vadar edir. Həmin sərgidə gənclər təşkilatı olaraq il ərzində gördüklərimizi ortaya qoyaq, hesabat verək. Beynəlxalq təşkilatlar və digər qurumlar fəaliyyətimizlə tanış olsunlar”.

Əbülfəz Qurbanlı bildirib ki, biz sərgimizi keçirtməliyik: “Bununla bağlı fotolar, videolar, lövhələr hazırlanır. Bəşəri dəyərlər uğrunda mübarizə aparan gənclərimizə aksiyalarda göstərilən münasibət həmin fotolarda izləyicələrə göstərilsin. Düşünürəm ki, bu hakimiyyətin gənclər siyasətinə zərbə olar. Bununla bağlı siyasi partiyaların gənclər təşkilatlarına, ictimai təşkilatlara, köşə yazarlarına, uşaq təşkilatlarına məlumat verəcəyik. Bu sərgidə ölkənin demokratik düşərəgəsinin təmsilçilərinin iştirakını istəyirik. Noyabr ayında ideyanı gerçəkləşdirməyi təklif edəcəyik”.