Bu sırada Polad Bülbüloğlu və Abbas Abbasovun adı çəkilir
Moskvada, keçmiş SSRI-nin rəmzlərindən biri olan SSRI Xalq Təsərrüfatları Sərgisi (VDNX) müttəfiq respublikaların öz məhsullarını nümayiş etdirmək üçün nəhəng bir kompleks idi. Daha doğrusu bu kompleks indi də durur. Sovetlər Birliyi dağılandan sonra həmin kompleksdə hər bir müttəfiq respublikaya Aid olan pavilyonlar həmin respublikaların mülkiyyətinə verildi.
Azərbaycan SSR-yə aid 14 saylı pavilyon da müstəqil Azərbaycanın mülkiyyətinə çevrildi. Amma həmin pavilyonlar keçmiş müttəfiq respublikalara veriləndə onların qarşılarına bir şərt də qoyulmuşdu ki, obyektlərdən məhz öz milli məhsullarını nümayiş və satmaq üçün istifadə edə bilərlər.
Başqa respublikaları bir kənara qoyaq, Rusiya ilə ciddi münaqişədə olan Gürcüstan, habelə Ermənistan hər ay həmin pavilyonlarda öz mallarını nümayiş etdirir, müxtəlif satış yarmarkaları keçirir, müqavilələr bağlayırlar.
Dünən “Moskovski novosti” qəzetində rast gəldiyimiz bir məqalə isə Azərbaycanla bağlı biabırçı bir vəziyyəti ortaya qoydu. Sən demə, Azərbaycana məxsus pavilyon Çindən gələn alverçilərə icarəyə verilib Qəzetin yazdığına görə, 14 saylı pavilyonda Azərbaycan malına rast gəlmək mümkün deyil. Burda Çindən gələn kiçik sahibkarlar ərzaq məhsulları, geyim və digər malların satışı ilə məşğul olurlar.
Moskvadakı mənbəmizin dediyinə görə, həmin pavilyonunun idarə edilməsi Moskvayla çox sıcaq əlaqələri olan baş nazirin keçmiş müavini Abbas Abbasova tapşırılıbmış. Deyilənə görə, pavilyon onun və səfir Polad Bülbüloğlunun xeyir-duası ilə çinlililərə icarə verilib. Mənbəmiz icarə haqqı ilə bağlı bir söz deməsə də, pavilyonun ərazisinin həddən artıq böyük olduğunu bildirdi.
Yazıda adı çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.
Hikmət