Məsəl var, deyirlər ki, yuxarı baxıb fikir eləməkdənsə, aşağı baxıb şükür eləmək daha məqsədəuyğundur. Bu günlərdə eşitdiyim ən əcaib xəbər Şimali Koreyadan olub. Nazirlərdən birini dahi rəhbərin dəfnində, necə deyərlər, ürəkdən kədərlənmədiyinə görə edam ediblər. Bu xəbəri eşidəndə fikirləşdim ki, yenə də buralara şükür! Biz dahi rəhbərin vəfatı zamanı nəinki kədərlənmədik, hətta bu günə qədər onu tənqid etməkdə davam edirik! Ona görə yox ki, biz bundan həzz alarıq və yaxud da indiki hakimiyyəti bir az sancdığımızı zənn edirik. Yox. Sadəcə o səbəbdən ki, bizim dahi rəhbər elə bir siyasi miras qoyub gedib ki, onun ağırlığını hələ on illər bundan sonra da çəkəcəyik.
Başqa məsələlərə gəldikdə isə, təbii ki, gündəmin maraq kəsb edən hadisəsi rusiyalı iş adamlarının bizim diasporu yenidən və əsaslı şəkildə qurmaq cəhdi ilə bağlı olan xəbərlərdir.
Heç bir vaxt tələsik nəticələrin tərəfdarı olmamışam, həmişə o prinsipə əsaslanıb fikir yürütmüşəm ki, qoy, gec olsun, amma əsaslı olsun. Məni bu təşəbbüsdə dərhal hakimiyyətə çox yaxın isimlərin olması bir qədər təəccübləndirdi. Təbii, bu, siyasi gediş də ola bilər. Bizim özümüzdə də belədi: bir işə başlamazdan əvvəl gedib böyük rəhbərin məzarını ziyarət edirik və hakimiyyəti əmin edirik vi, vallah-billah, biz sizin əleyhinizə deyilik. Bu məntiqlə elə bu son hadisəni də belə yozmaq olar: Rusiyadakı diaspora öz rolundan narazı bir durum yaşayır, amma hakimiyyətə yaxın adamları irəli verir ki, özünü bir qədər sığortalasın. Onlara ayrılan rol isə həqiqətən də ürək ağrıdır.
Bəli, bu adamların işi Rusiyanın müxtəlif şəhərlərində H.Əliyevin xatirəsini əbədiləşdirmək və bir də H.Əliyev Fondunun Rusiya filialının tədbirində əl çalmaqdır. Onlar özlərinin yeni məqsədini gizlətmirlər: deyirlər ki, biz də Dumada təmsil olunmaq, bələdiyyələrin işində iştirak etmək niyyətindəyik. Burada pis nəsə varmı? Güman etmirəm. Bu fəal ictimai mövqe tutan hər bir adamın istəyidir. Bir daha deyirəm ki, Rusiyadakı diaspora artıq “pul kisəsi” və dəyənək, yaxud da ki, “rupor” rolunu oynamaq istəmir. Amma onların bu hakimiyyətlə konfrontasiyaya gedəcəyini də güman etmir, buna böyük şübhə ilə yanaşıram. Bunun bir neçə səbəbi var.
Birincisi, iş adamları həmişə ehtiyatlı olur. Ikincisi də, onların kəskin siyasi mövqe tutacağı haqdakı gümanlar ondan qaynaqlanır ki, təşəbbüsə R.Ibrahimbəyov kimi müxalif düşüncəli adamlar da qoşulub. Amma mən elə burda bir detalı xüsusi qeyd etmək istərdim. R.Ibrahimbəyov son vaxtlarda çox tənqidi fikirlər səsləndirib, kəskin bəyanatlarla çıxış edib, amma həmişə sərhədi gözləyib. O belə hesab edib ki, prezidenti və hakimiyyətin əsas adamlarını savadsız və rüşvətxor adamlar əhatə edib, onları, necə deyərlər, işləməyə qoymurlar. O, həmişə əsl elitanın siyasi və ictimai proseslərə cəlb olunmamasından gileylənib. Düzdür, R.Ibrahimbəyov öz tənqidini etik çərçivələrdə qurmağa cəhd etsə də hakimiyyət bunu həmişə sərt qarşılayıb və ona qarşı addım atmayıb. Amma mən yenə də R.Ibrahimbəyovu əsl müxalifət və yaxud da hakimiyyətin dediyi kimi, radikal müxalifətin sırasına yazmağa təlsəməzdim. Həm də burda bir etika məsələsi var. R.Ibrahimbəyov o qədər yüksək səviyyəli insandır ki, sənətdən, mədəniyyətdən azacıq da xəbəri olan insan hansısa təşkilatın qapılarını onun üzünə bağlamaz, xüsusən Rusiya mühitində. R.Ibrahimbəyov həmin o mühitdə çox tanınır, həm də oradakı insanlar təsadüfi adamlar deyil. Bəs mən prosesin inkişafını necə görürəm?
Rusiyadakı diaspor israrlı və qətiyyətlidirsə, yaxın vaxtlarda onların parçalanacağını düşünürəm. Çox güman ki, diaspor iki hissəyə bölünəcək: I.Əliyev yönümlü hissəyə və bir də müstəqil hissəyə. Ən çox ürək ağrıdan budur ki, bu hakimiyyət hətta orada – Rusiyada məskunlaşan insanlara belə dinclik və sərbəstlik vermir, onların da əlini-qolunu buxovda saxlayır. Başqa diasporlar yaşadıqları ölkənin ictimai-siyasi həyatına daha çox inteqrasiya olunublar. Amma bizimkilər rəsmi Bakının siyasi instrumenti olmaqdan uzağa gedə bilmir, onlara bu fürsəti və imkanı vermirlər. Düzdür, rəsmi Bakının Rusiya ilə münasibətində guya ciddi problemlərin olduğunu güman edənlər də var, amma bu münasibətlər hələ də Rusiyada çalışan istənilən azərbaycanlının işini korlamaq üçün yetərli dərəcədədir.
Kiçik sözardı
Bəlkə də bu yazıda da tələsik nəticələr yer aldı. Amma mən bunu istəməzdim. Hər halda, daha ciddi mülahizələr üçün prosesin bir az da durulmasına ehtiyac var. Amma mən “Gürcü arzusu”na uyğun “Azərbaycan arzusu”nun belə tezliklə gerçəkləşəcəyinə o qədər də inanmıram.

“Azərbaycan arzusu”! O, realdırmı?
•