Ramil Usubov deputatın oğlunu işdən çıxardı

Hüseynbala Mirələmovun vurulması tapşırığı haradan gəlir?

Azərbaycanda bir neçə polis rəisi işdən çıxarılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrləri ilə Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəlil Mehmanov və Xəzər Rayon Polis Idarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov tutduqları vəzifədən azad ediliblər. Onların hər ikisi sərəncama götürülüb.
Məlumat üçün qeyd edək ki, F. Mirələmov Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun oğludur.
Hakimiyyət daxilindən gələn xəbərlərdə bildirilir ki, Hüseynbala Mirələmovu bitirmək barədə qərar verilib. Görünür ki, bu qərar Mehdiyev düşərgəsində verilib, Paşayevlər qanadı isə onun taleyində heç zərrə qədər də maraqlı deyillər. Mənbə bildirir ki, bu yaxınlarda Mirələmovun bütün obyektlərində total yoxlamalar təşkil ediləcək və deputat qanunsuz biznes fəaliyyəti ilə bağlı “vurulacaq”.
Mirələmov öz obyektlərini başqalarının adına keçirməyə cəhd etsə də, buna icazə verilməyib. Maraqlıdır ki, hələlik, Mirələmovun inzibati “budanması” əməliyyatına start verilib. Məlum olduğu kimi, onun oğlu Fərid Mirələmov polis rəisi vəzifəsindən kənara atılaraq sərəncama keçirilib.
“Bu, başlanğıcdır”, – deyə mənbə əməkdaşımıza bildirib.
“Mən ölkənin daxili işlər naziri Ramil Usubovu çox ədalətli və obyektiv bir nazir kimi tanıyıram. Necə olurdu ki, o mənim oğlumu hələ gənc ikən rəis təyin edəndə yaxşı olurdu, indi isə işdən çıxaranda pis? Mənim bu işə qarışmağım müdaxilə hesab oluna bilər, lakin məsələdə adım çəkildiyi üçün açıqlama vermək məcburiyyətindəyəm”. Bu sözləri isə “Qafqazinfo”ya açıqlamasında Hüseynbala Mirələmov deyib.
O, oğlunun işdən çıxarılmasını onun adı ilə bağlamağı doğru saymayıb: “Məni xalq seçib, millət vəkiliyəm. Hansı vəzifəm var ki, ”vursunlar” da? Sadacə olaraq Xəzər Rayon Polis Idarəsində yoxlama keçirilib. Öz işində nöqsana yol verənlər cəzalandırılıb. Onlardan biri də mənim oğlumdur. Məsələni başqqa cür yozmaq istəyənləri başa düşə bilmirəm. Adam işində qüsurlara yol verib cəzalandırılıb”.