Oktyabrın 20-də bir qrup müxalifyönlü gənc və siyasi fəal paytaxtın Fəvvarələr Meydanında «Parlament buraxılsın!» şüarı ilə keçirdiyi aksiyada həbs edilərək sutkalıq alan AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli və AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı oktyabrın 28-i axşam saatlarında azadlığa çıxıblar. Qeyd edək ki, onlar 8 sutka inzibati həbslə cəzalandırılmışdı. Bundan bir gün öncə isə 20 oktyabr aksiyasında həbs edilən Müsavat Partiyasının üzvləri Elşad Budaqov, Şahin Mirzəli, AXCP sədrinin müşaviri Şakir Abbasov, «Nida» Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər, «Azad Gənclik» təşkilatının sədri Ülvi Həsənli və AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənov buraxılıb.
AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli hakimiyyət ölkədə ədalətin müdafiəsinə qalxan şəxslərə qarşı bu cür tədbirlər reallaşdırmaqla məqsədinə nail ola bilməyəcək: «Biz bundan sonra da normal cəmiyyətin qurulması uğrunda keçirilən aksiyalarda fəal şəkildə iştirak edəcəyik. Bu baxımdan İctimai Palatanın təyin etdiyi növbəti aksiyanı dəstəkləyir və orada da ön sıralarda olacağıq».
T.Mirələmli onu da əlavə etdi ki, həbs müddətində saxlanma şəraitləri yaxşı olsa da, ancaq tutulan vaxt polis təzyiqlərinə, hədə-qorxuya məruz qalıblar.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı də vurğuladı ki, oktyabrın 20-də həbs olunması və bu yol ilə demokratik qüvvələrə təzyiq heç bir nəticə verməyəcək: «Hakimiyyətin bu cür həbslərə əl atmaqla bizi tutduğumuz yoldan döndərmək cəhdləri nəticə verməyib və bundan sonra da verməyəcək. Bu sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasıdır. Hakimiyyətin bu cür siyasət yürütməsi yanlışdır. Biz bundan sonra mübarizəmizi davam etdirəcəyik».
«Azad Gənclik» təşkilatının sədri Ülvi Həsənli bildirdi ki, həbslər hakimiyyətin ənənəvi təsir vasitəsidir. Son iki-üç il ərzində siyasi fəal gənclərə qarşı təzyiq kampaniyasının aparıldığını deyən Ü.Həsənli vurğuladı ki, iqtidar anlamalıdır ki, ideya uğrunda mübarizə aparanları təslim etmək qeyri-mümkündür: «Biz demokratik dəyərlər, ideyalar uğrunda mübarizə aparırıq. Həbslərlə, aksiyalarda zoakılıq tətbiq etməklə bizi mübarizə yolumuzundan döndərmək olmaz. Nə həbslər, nə icazəsiz aksiyalarda iştiraka görə cərimələrin fantastik artırılması bizi qorxutmur».
Xəyal