Gülər Əhmədova işçilərinin pulunu vermir

Sabiq deputat Gülər Əhmədovaya məxsus “Mərkəz” qəzetində işçilərin maaşlarının gecikdirilməsi səbəbindən narazılıq böyüyüb.
“Mərkəz”dən Modern.az saytına verilən məlumata görə, baş redaktor Gülər Əhmədova artıq iki aydır əməkdaşlarına maaş vermir. Qəzet əməkdaşlarının sözlərinə görə, baş redaktor işciləri hələ də gözlədir ki, “narahat olmayın, hər şey düzələcək”.
Həmkarlarımız deyirlər ki, əksinə, vəziyyət pisləşməyə doğru gedir, bir müddət öncə iki aylıq maaşın əvəzində hərəyə 100 manat verən sabiq deputat qəzeti də bağlamayacağını bəyan edib. Müxbirlərin sözlərinə görə, baş redaktor maaşı verməməklə sanki işçiləri girov saxlayır ki, heç kim qaçıb dağılışmasın.
“Pulların heç olmasa bir hissəsini vermir ki, işdən çıxıb getmək istəyənlər başlarına çarə qılsınlar. Deyir “verəcəm də…”, amma ortada bir şey yoxdur”.

Modern.az-ın əməkdaşı yayılan məlumatlara aydınlıq gətirilməsi üçün G.Əhmədovanın özü ilə əlaqə saxlamağa  çalışsa da, bu, nəticəsiz qalıb.
“Mərkəz” qəzetinin redaktoru Qızılgül Abdinova da telefon zənglərimizə cavab verməyib.

Respublika Uşaq Təşkilatının sədri olan sabiq deputat Gülər Əhmədova həm də “Mərkəz” qəzeti və merkez.az saytının baş redaktorudur. Bu təşkilatlar hazırda Hökumət Evində  yerləşir.