Öz mülkünü eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasına (ACP) icarəyə verən sahibkarın Fövqəladə Hallar Nazirliyində (FHN) yüksək vəzifələrdə olan iki qardaşı işdən çıxarılıb. BU barədə bir neçə gün qabaq “azpolitika.info” məlumat yayıb. Məlumatda deyilirdi ki, mülk sahibi Azər Əsgərovun Fövqəladə Hallar Nazirliyində yüksək vəzifə tutan iki qardaşı – Abbas və Yavər Əsgərovlar Kəmaləddin Heydərovun əmri ilə tutduqları vəzifələrdən azad olunublar, hətta onların həbs olunması ehtimalı da var.
Abbas, Yavər və Azər Əsgərovlar FHN başçısının müavini Orucəli Hacıyevin qayınlarıdır.
Bu gün isə “azpolitika.info” bu mövzuda daha bir maraqlı məlumat yayıb. Məlumatda bildirilir ki, bu mülkə görə böyük problemlə üzləşən Əsgərovlar Türkiyədə onu satışa çıxarıblar. Belə ki, ACP ilə 2 illik rəsmi müqavilə bağlayan sahibkar partiyanın öz mülkündən çıxara bilmədiyinə görə, onu satmaqla yaxa qurtarmaq istəyir. Məlumatı verən mənbə sübut kimi, əmlakın Türkiyənin «sahibinden.com» əmlak saytındakı elanının linkini (http://www.sahibinden.com/ilan/emlak-isyeri-satilik-azerbaycan-bakude-siyasi-parti-binasi-azerbaycan-genel-merkezi-90634230/detay/) də təqdim edib.
Həmin elanda mülklə bağlı bildirilir: «Azerbaycan, Bakü Nerimanov bölgesinde Şehir merkezinde Satılık Müstakil villa. Fotolar eski fotolardır önceki kiracılar restoran olarak işletmişlerdir. Şu andaki kiracılar Azerbaycan Siyasi Muhalifet Partisi Azerbaycan genel merkezidir. Aylık kira geliri 7.000 $ dır. 2 senelik sözleşmemiz vardır. Türkiyede araba + gayrimenkul ile takas olur. Satışa hazır durumdadır. Tek tapudur.»