“Yüz min təbib neyləyər, bir fələk qarğamışa”
Nə baş verir? Elşad Abdullayevin audio- video hücumları boşluqdan və ya bekarçılıqdan, yaxud sadəcə olaraq küncə qısdırılmış, bütün mövcudluq imkanları əlindən alınmış bir iş adamının əks-tədbirləridirmi, yoxsa daha sanballı izahı var? Moskva oliqarxlarının Elşad Abdullayev fenomeni ilə nə əlaqəsi var? “Azadlıq” və ya başqa qəzetlərin hamısı, özünü ciddi sayan analitiklər bu məsələlərdə ciddi, elə o qədər də tutarlı və əsaslandırılmış informasiya təminatı yaratmalı, boşluğa güllə atmamalıdırlar.
Elşad Abdullayevi oliqarxlara nə birləşdirir?
Moskva oliqarxları ilə Elşad Abdullayev fenomeni arasında əlaqələr axtarmağa dəyər. Amma bu əlaqələr birbaşa deyil, birmənalı deyil. Bu, dağılan bir tifaqın özünün dağılması üçün etdiyi bütün hərəkətlərin nəticəsində meydana çıxmış əlaqələrdir.
İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən atasının yolunu layiqincə davam etdirməyə başlayıb. Bu yol hər kəsin və hamının əlindəki haqları vahid bir ipə sarıyıb öz əlində saxlamaq yoludur. Siyasi partiyalardan ələ almağı, təhdid və hədə-qorxu ilə siyasətdən və ya ölkədən qovmağı bacardıqları ilə bir mərhələ başlayıb və bu mərhələ hələ də davam edir.
Azacıq fərqli baxışı və təşəbbüskarlığı olan dövlət məmurlarını dövlət aparatının bütün zəhmi və repressiya imkanları ilə boğmaq növbəti mərhələdir.
Ölkədəki biznes mühitinin cilovlanması, sahibkarların əllərindən onlara məxsus olan əmlakın tam həcmini öz əlinə keçirmək də bir başqa mərhələdir ki, bu proses hələ də davam edir.
Ölkənin xaricinə qovulmuş, didərgin salınmış insanları kontrol altına alaraq, “mən dünyadakı 50 milyonluq Azərbaycan xalqının prezidentiyəm” bəyanatını verməklə qorxaq, yaltaq diaspora formalaşdırmaq niyyəti də olduqca unikal mərhələ kimi mövcuddur.
Elşad Abdullayev fenomen olaraq yeni deyil
Bu zamana qədər də yuxarıda saydığım mərhələlərdən etirazlar gəlirdi. Sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə çıxışları kimsənin yadında deyilmi? Ya elə hətta bizim günlərdə də etiraz səsləri kəsilməyən, “ümidimiz göydə Allaha yerdə prezidentədir” deyərək əlindən qoparılmış əmlak uğrunda mübarizəsini çox ehtiyatla davam etdirən və başına gətirilənlərlə bağlı prezidentin sağındakı-solundakı adamları cəsarətlə ittiham edən Zülfüqarlı ailəsinin haraylarını eşitmirsizmi?
Əliyev hakimiyyəti öz fəsadlarında boğulur
Bütün bunlar hakimiyyətdə olan Əliyev ailəsinin tamahkarlığının və hakimiyyət ehtirasının doğurduğu “fəsadlardır”. Amma qanunauyğun fəsadlardır. Cəmiyyəti bir yerə qədər qovmaq olar. Bir yerə qədər tıncıxdırmaq olar. Sonra həmin cəmiyyət ayrı-ayrı dirəniş xətləri üzrə qabarır və ümummilli kontrol çat verməyə başlayır.
Elşad Abdullayev fenomeni Oliqarxlar İttifaqı ilə də, Zülfüqarlılarla da, Əli İnsanovla da bu qədər bağlıdır. Elşad Abdullayev bu şaxələrlə bundan artıq bağlı olduğunu söyləyə bilməz və əslində, bu qədər bağlılıq da yetərlidir. Yəni bu fenomenlərin hamısı Əliyevçi idarəetmənin doğurduğu gerçəkliklərdir.
Oliqarx azadlıq istəyə bilməzmi?
Maraqlıdırmı ki, Əliyev idarəetməsinin doğurduğu bu fəsadlar üzərində qazanmağa çalışanlar da olacaq. Təbii ki, olacaq. Bir qrup insanlar var ki, onlar ən dəhşətli təbii fəlakətlərdən də qazanc götürmək haqqında düşünürlər. (Əgər “Azadlıq” qəzeti imkan verərsə, bir sonrakı yazılarda bu cür təşəbbüslər haqqında da yazmağa çalışacağam).
Əslində, Elşad Abdullayevin nə istədiyi artıq, hər kəsə bəllidir. Birincisi (amma bu, birinci olmaya da bilər), bu insan oğurlanmış və ya öldürülmüş qardaşı haqqında dolğun bilgi istəyir. İkincisi, 2003-cü ildən bəri ondan müxtəlif yollarla qoparılan pullarını tələb edir.
Oliqarxların istədiyi fərqli predmetlərdir. Onlar hesab edirlər ki, Azərbaycan naminə diaspor fəaliyyətini YAP-laşdırmaq düzgün deyil. Bu işlərlə daha professional şəkildə məşğul olmaq lazımdır. Zeynal Nağdəliyevin oğlunun özlərinə rəhbər təyin edilməsini həzm etmirlər. Pul xərclədikləri təşkilatın Ramiz Mehdiyevin, Zeynal Nağdəliyevin, Polad Bülbüloğlunun, Əli Həsənovun nəzarəti altında olmasını istəmirlər.
Bu da bir azadlıq istəyir. Bəyəm oliqarxların azadlıq istəyi ola bilməzmi?
Çirkli adamlar və çirkli niyyətlər haqqında
Amma çox təəssüf ki, Azərbaycan mətbuatının bəzi “ünlü” sayılan isimləri və mediya orqanları bu prosesləri çox dumanlı və para iyi gələn sayaq şərh etməkdədirlər. Məsələn, bu şəkildə ki, Elşad Abdullayev çirkli adamdır, ona görə də onun ortalığa qoyduğu həqiqətlər dəyərli ola bilməz. Stop! Çox maraqlıdır. Azərbaycan xalqını Elşad Abdullayevin çirki maraqlandırmalıdır, ya onu idarə edən zümrənin? Bəyəm, Elşad Abdullayev Azərbaycan xalqından mandat əldə edib? Bu çirkə görə də onun ittiham etdiyi tərəf- İlham Əliyev cavab verməlidir, axı. Elşad Abdullayev nə qıdır çirkli olur-olsun, bu ailənin üzvləri ilə ortaq olub və bu gün də məhz onlarla münaqişədə olduğuna görə həmin çirkin ictimai məsuliyyəti elə həmin hakimiyyət ailəsindədir.
“Diktatora xəyanət” nə deməkdir?
Moskva olayları müxalif təşəbbüsdürmü? Qətiyyən deyil. Bu, eyni işi görən insanların fərqli taktika axtarışıdır, vəssəlam. Azərbaycanda despotizm o həddə qədər dərinləşib ki, eyni düşərgədə olan insanların fərqli baxışları da ən sərt şəkildə cəzalandırılmaqla hədələnir. Və bunu ictimai rəydə “diktatora xəyanət” kimi adlandıranların ictimai çəkisini bir yana qoyuram, siyasi mənşəyi də çox şübhəlidir. Öncə hansısa bir millət vəkili oliqarxların paradını Rusiyanın düymələrə basması kimi dəyərləndirdi. Onun arxasınca isə “müstəqil” qələm cəfakeşləri eyni ittihamları səsləndirməyə başladılar.
İndi bu “müstəqil qələm cəfakeşləri”nin bir qrupu da yaranıb ki, Azərbaycan diktaturasından qopmaq istəyən insanları və qrupları şantaj edərək varlanmaq həvəsinə düşüblər. (Bir sonrakı yazılarda bu adları bircə-bircə qeyd edəcəyəm). Məsələn, Elşad Abdullayevlə nə zamansa, kiminsə bir süfrə arxasında əyləşdiyini xatırladıb həmin anı qonorar iyinə çevirmək. Bu, elmi-kütləvi şantajdır.
Elşad Abdullayev prezidentin əmisinin ortağı olub. Dolayısı ilə, prezident ailəsi ilə ortaq olub. İndi həmin ortaqlıq zamanında yaranan cinayət əməllərinə görə prezident ailəsi məsuliyyət daşımalıdır, yoxsa ayrı-ayrı məmurlar?
Deyəsən, bir az sonra belə bir proses də başlayacaq: kim Abbas Abbasovla hansı hüzür mərasimində, hansı toyda yanaşı oturubmuş? Kim Elşad Abdullayevin salamına yalnız başını yelləməkıə deyil, hətta “əleyküməssəlam” deyərək cavab verib?
Şantaj çox murdar şeydir. Üstəlik, bu şantajı “müqəddəs niyyətlərə” bükərək təqdim etmək cəhdi ondan daha murdar cəhddir.
Mənə elə gəlir ki, “Azadlıq” bu kampaniyalara qoşulmamalıdır. Biz “Azadlıq”ı bu cür tanıyırıq. Bu qəzeti kimlərinsə murdar intriqalarının tribunasına çevrilməkdən qorumalıyıq.
Ənvər Ağayev