Hökumətə utanc verən nümunə

Van 240 milyona bərpa olundu, 460 milyon «yeyən» daşqın bölgəsi isə hələ də bərbad vəziyyətdədir
Türkiyənin Van vilayətində baş verən dağıdıcı zəlzələdən bir il ötür. Amma indi Vandakı o dəhşətli mənzərədən əsər-əlamət qalmayıb. Şəhərdə yeni evlər, məktəblər, ayrı-ayrı xidmət məkanları tikilərək istifadəyə verilib. Son günlər Türkiyə mediası ancaq Vanın yeni simasından danışır. Məlum olur ki, Türkiyə hökuməti son bir il ərzində Vanda 15 450 ev, 27 məktəb, 24 məscid, 10 ticarət mərkəzi, 13 iaşə obyekti tikərək təhvil verib.
Həmçinin şəhərin bütün kommunal sistemi yenidən qurulub – kanalizasiya, su, qaz, işıq xətləri çəkilib, su anbarları inşa edilib.ÿTürkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, dəymiş zərəri aradan qaldırmaq üçün 10 nazirliyə dövlət büdcəsindən 350 milyon türk lirəsi (152,5 milyon manat) ayrılıb. Bundan əlavə, iş adamları, böyük holdinqlər də müəyyən yardımlar ediblər. Həmin yardımlarda birlikdə yeni Van şəhərinin salınmasına 550 milyon lirə (240 milyon manat) sərf edilib(“Bizim yol”).
Indi gəlin, Azərbaycanda iki il əvvəl baş verən Kür-Araz daşqınlarının nəticələrinə və hökumətin bu müddət ərzində gördüyü işlərə nəzər salaq. Daşqınlar nəticəsində ölkənin 30-a yaxın rayonunda 20-mindən çox yaşayış binasına zərər dəyib. 110 min hektar əkin və örüş sahəsi sel suları altında qalıb. Indiyə qədər hökumət daşqınların ölkə iqtisadiyyatına, vətəndaşların təsərrüfatına və mülkiyyətinə vurduğu ziyanın həcmini qiymətləndirməyib. Amma fəlakətin nəticələrinin aradan qaldırılması üçün 330 milyon manatdan artıq birbaşa maliyə vəsaiti ayrılıb.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin sözlərinə görə, Türkiyədən fərqli olaraq Azərbaycanda korrupsiya tüğyan edir: “Əsas problem korrupsiyapdır. Həm də Türkiyədən fərqli olaraq burada məmurlar vətənə, dövlətə hörmətlə yanaşmırlar. Problem bundan qaynaqlanır. Kür-Araz daşqınlarından sonra bu bölgəyə 460 milyon manat vəsait ayrılıb. Bu çox rəqəmdir. Türkiyə ilə müqayisədə iki dəfə artıq vəsait deməkdir. Yüzlərlə insan var ki, bu problemdən qurtula bilməyiblər. Insanların hələ də ev, kompensasiya problemləri var. Bu gün təkcə 96 nəfərin işi məhkəmə müstəvisindədir. Son bir ildə mindən artıq insan korrupsiya və qanunsuzluğa görə ”Kür” Vətəndaş Cəmiyyətinə, aidiyyəti qurumlara müraciət edib. Azərbaycandakı korrupsiya hökumət səviyyəsində himayə olunur. Bu işi həyata keçirənlər də yüksək vəzifələrdə təmsil olunan şəxslərdir. Ona görə də, nə qədər vəsait ayrılsa da, problemlər həll olunmur”.