Rauf Arifoğlu: «Fazil Mustafaya cavab haqqı verilməsini Zamin bəylə razılaşdırmışdıq»
Ötən sayımızda “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacının deputat Fazil Mustafa ilə bağlı fikirləri yer almışdı. Z.Hacı deputatın “Yeni Müsavat” qəzetində dərc olunan “Cırıq üçlük” adlanan yazısına münasibət bildirmişdi. Həmin yazı isə köşə yazarının elə həmin qəzetdə F.Mustafa barəsində qələmə aldığı köşəsinə cavab idi.
Z.Hacı “Azadlıq”a açıqlamasında “Cırıq üçlük” yazısını dərc etdiyinə görə çalışdığı qəzetə etirazını bildirmişdi. Yazarın fikrincə, “Yeni Müsavat” F.Mustafanın yazısını çap etməməli idi: “Biz hökumət qəzetlərində özümüzə qarşı ”niyə bunları öldürmür, niyə məhv etmirsiniz?” tipli çağırışlara çox rast gəlmişik. Çox təəssüf ki, mənim öz qəzetimdə də bu cür çağırışlı yazılar gedir. Fazil adlı şəxs bu yazıda konkret olaraq hökumətə çağırış edir ki, mənə qarşı niyə tədbir görmürlər, niyə məni susdurmurlar. Bu da mənim öz çalışdığım qəzetdə gedib. Mən Rauf Arifoğluna da “təşəkkürümü” bildirdim ki, artıq bu vəziyyətə gəlib çıxmışıq”. Z.Hacı onu da bildirmişdi ki, bu məntiqlə müstəqil və müxalif fikirli köşə yazarlarını öz səhifələrində təhqir edən hökumət qəzetləri də onlara cavab haqqı tanımalıdır.
“Yeni Müsavat” rəhbərliyi isə məlum yazının dərcini belə əsaslandırmışdı ki, F.Mustafaya Zamin Hacının köşəsində deputatın şəxsinə yönəlik ağır ifadələri, ittiham və iddiaları, “KIV haqqında” qanunu, həmçinin jurnalistlərin Peşə Etikası Kodeksinə nəzərə alaraq cavab haqqı tanıyıblar.
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu Z.Hacının iradlarını şəxsən özündən dinlədiyini, lakin köşə yazarının aralarında olan söhbəti mətbuata çıxartdığını dedi: “Mən bir baş redaktor olaraq gərək Zamin bəyin yazısını çap etməyəydim. Və ondan israrla xahiş edərdim ki, o yazını verməsin. Çünki orada Fazil Mustafanın şəxsinə yönəlik çox ağır sözlər, təhqirlər var idi. Zamin bəyə dedim ki, əgər mən bu yazını versəm, gərək o adama cavab haqqı tanıyam. O da mənə söz verdi ki, mən hazıram, ona cavab haqqı tanıya bilərsiz. Mən Zamin Hacıdan icazə alandan sonra onun yazısının sonuna redaksiya qeydi etdim ki, Fazil Mustafaya cavab haqqı tanıyırıq. Fazil bəy də bütün xətləri, cizgiləri keçərək Zamin Hacının onun ünvanına səsləndirdiyi ağır ifadələrdən daha ağırını, daha yolverilməzini onun ünvanına yazıb. Mən Fazil bəylə əlaqə saxlayıb xahiş etdim ki, bu yazı bizdə getməsin. Razılaşmadı. Düzəliş təklif etdim, ona da razılaşmadı. Dedi ki, mən sizin qəzetdə təhqir olunmuşam, cavab vermək haqqım var. Ondan sonra təklif etdim ki, redaksiyada görüşək və bu məsələ ətrafında diskussiya aparaq. Hesab edirəm ki, Fazil Mustafanın bu yazısından və Zamin Hacının ona adekvat cavabından sonra onları bir araya gətirmək imkansız olacaq. Amma mən yenə də təşəbbüs göstərəcəm”.
R.Arifoğlu yalnız bir məqama görə Zamin Hacının iradını qəbul etdiyini deyir: “Mən gərək Zamin Hacının yazısını verməyəydim, bu halda ona cavab da olmayacaqdı. Lakin o yazı çap olunandan və redaksiya adından cavab haqqının tanınacağı barədə qeyd verəndən sonra Fazil Mustafanın yazısını verməmək qeyri-mümkün idi. Oyun qaydaları deyilən şey var, bunu qəbul edib, əvvəlcədən söz veririksə, buna qatlaşmalıyıq”.