Öncə qeyd edim ki, bu vəsait Prezidentin Ehtiyat Fondundan ayrılsaydı, heç bir narazılıq yaranmazdı. Belə ki, ayrılan o vəsaitin böyük hissəsi iqtidarı dəstəkləyənlərin qismətinə düşüb və adı çəkilən fonddan maliyyələşməni həm də prezidentin dəstəkverənlərə atalıq qayğısı kimi qələmə vermək lap yerinə düşərdi. Bu öz yerində, mətləbə keçək.
Hökumət faş edib ki, gələn il partiyaları maliyyələşdirmək üçün ilk dəfə olaraq dövlət büdcəsindən 2 milyon manat ayrılacaq. Nazirlər Kabinetinin açıqlaması da bir az yerində deyil. Nədən ki, hökumətdən ənam alacaq o qurumların əksəriyyəti siyasi partiya kimi deyil, siyasi dərnək kimi fəaliyyət göstərir. 2 milyon manatı aralarında kimlər bölüşdürəcək? Lütfən, nəzər yetirin:
1.Yeni Azərbaycan Partiyası (YAP). Bu qurumu siyasi partiya adlandırmaq tər-təmiz ədalətsizlikdir. O partiya rüşvətxorlar və korrupsionerlər toplumu və ya dərnəyi adlanmağa tam haqq edir. Bu partiyanın haqqında əlavə bir şey yazmaq fikrində deyiləm, nədən ki, onun barəsində ən mükəmməl fikirləri YAP-ın qurucuları olmuş Sirus Təbrizli və Əli Insanov açıqlayıb. Son mandat alveri olayı isə YAP-ın mahiyyətinə tər-təmiz ayna tutdu.
2.Vətəndaş Həmrəyliyi Partiyası (VHP). Bu partiyanın rəhbəri Sabir Rüstəmxanlı bir vaxtlar Azərbaycan Milli Azadlıq Hərəkatında önəmli rol oynayıb. Şair kimi cəmiyyətdə tanınır. Fəqət, hörmətli Sabir Rüstəmxanlının VHP-si cəmiyyətdə ciddi siyasi partiya kimi qəbul olunmur. O partiyada Sabir bəydən savayı cəmiyyətdə siyasi çəkisi olan beş nəfərin adını çəkməyə çalışın, nəticə əldə edə bilməyəcəksiniz.
3.Ana Vətən Partiyası (AVP). Fikrimcə, partiya adlanan bu qurum iki nəfərdən – Fəzail Ağamalıdan və Zahid Orucdan ibarətdir və onların da arasında baş verən fikir ayrılığı deyəsən, ayrılma ilə sonuclanacaq. AVP bir dərnək olaraq YAP-ın əlavəsi kimi fəaliyyət göstərir. Və əminəm ki, hörmətli Fəzail Ağamalının yaşı bu gerçəkliyi qəbul etməyə problem yaratmır. Zahid Oruc hələ gəncdir, AVP-nin dərnək yox, partiya olduğunu iddia edə bilər.
4.Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP). Azərbaycan Xalq Cəbhəsinin şinelindən çıxmış Qüdrət Həsənquliyev sədri olduğu qurumu siyasi partiyaya çevirə bilmədi. Qüdrət bəy savadlı hüquqşünas kimi siyasi partiyanın tərifini çox gözəl bilir.
5.Ümid Partiyası. Iqbal Ağazadə yaratdığı qurumun siyasi partiya kimi fəaliyyət göstərməsi üçün çox enerji sərf edir. O fikirdəyəm ki, Iqbal bəyin rəhbəri olduğu təşkilat strategiyasını və taktikasını qəti müəyyən etsə və şəxsən Iqbal bəyin özü müəyyən obyektiv və subyektiv faktorları düzgün dəyərləndirə bilsə, Ümid Partiyası partiya olaraq ictimai rəydə otura bilər.
6.Böyük Quruluş Partiyası (BQP). Fazil Qəzənfəroğlu BQP-nin dərnək və ya siyasi partiya olduğunu hər kəsdən yaxşı bilir.
7.Sosil Rifah Partiyası (SRP). Bu qurumla bağlı özəl bir xatirəm var. 2010-cu ilin parlament seçkilərində 2 saylı Şərur seçki dairəsində Məntəqə Seçki Komissiyasının bir üzvü ilə söhbətim oldu. Hansı partiyanı təmsil etdiyini xəbər aldım. “Sosial Rifah” adını eşidəndə doğrusu, təəccübləndim. Partiyanızın sədri kimdir sualına “Araz Əlizadə” cavabını aldıqdan sonra təəccübüm ikiqat artdı. Sosial Rifahı partiya adlandırmaq qəbahətdir, qardaşım. 8.Ədalət Partiyası. Təsdiq edərsiniz ki, bir vaxtlar bu partiyanın nüfuzu vardı. Hörmətli Ilyas Ismayılov da təsdiqləyər ki, indiki Ədalət əvvəlki Ədalət deyil.
9.Milli Dirçəliş Hərəkatı (MDH). Fərəc Quliyevin rəhbəri olduğu bu qurumun ofisi səhv etmirəmsə, metronun Nərimanov stansiyasına yaxındır. O metrostansiyanın yanındakı parkda beş-on çayxana var və yüzlərlə bekar domino-nərd oynamaqla məşğuldur. Rica edirəm, çay içənlərdən, ya da domino-nərd oynayanlardan MDH nə olduğunu, onun başında kimin dayandığını xəbər alın. Işdir, 100 nəfərdən biri MDH-ni Milli Dirçəliş Hərəkatı, Fərəc bəyi də o hərəkatın sədri kimi tanısa, xəbər verənə elə o parkda Ibrahim Ibrahimlinin də şahidliyi ilə samballı bir çay qonaqlığı mənim boynuma.
10.Vətəndaş Birliyi Partiyası (VBP). Bu dərnək haqqında bir şey yaza bilmədim. Nədən ki, dərnəyin nə işlə məşğul olduğundan xəbərsizəm.
11.Demokratik Islahatlar Partiyası (DIP). Yanılmıramsa, Asim Mollazadə rəhbərlik edir bu dərnəyə və onun nevropatoloq olduğundan xəbərim var. Ondan bir həmkar kimi aşağıda oxuyacağınıza münasib bildirməsini istərdim.
Homo Sapiens olaraq hər bir şəxs çəkisini, boyunun uzunluğunu, neçə ölçü ayaqqabı və kostyum geydiyini, cibindəki pulun miqdarını, başındakı ağılın səviyyəsini, və digər önəmli anatomik orqanlarının yararlı olub-olmadığını bilir. Sadalananları böyütmək və ya kiçiltmək Mərkəzi Sinir Sistemindəki patologiyadan xəbər verir. Asim bəy, yanılmıram ki?
Hökumətin 2 milyon manatı bu on bir qurum arasında bölünəcək gələn il. Sənə sual etməyin zamanıdır dəyərli oxucu, onlardan neçəsini siyasi partiya hesab etmək olar və bu onbirdən neçəsi iqtidarın dəstəkçisidir?
Yazmaq zorundayam, siyasi partiyanın üzvləri olar, məclisi, divanı, rəyasət heyəti, rayon təşkilatları olar. Siyasi partiya cəmiyyətdə təzahür edən proseslərə zamanında reaksiya verər, münasibət açıqlayar. Sədrindən və sədrin ətrafındakı beş-on nəfərdən ibarət bir quruma DƏRNƏK deyərlər. Cəmiyyət, o cümlədən Azərbaycanın əsas siyasi partiyaları sayılan Müsavat Partiyası və AXCP dəstəkçi dərnəklərə ayrılan vəsaitə görə əndişələnməsin. Başqa cür ola da bilməzdi. Türk qardaşlarımız demişkən, şurası Azerbaycan. Doğruların haqqını oğruların yediyi Azərbaycan.

Dövlət kimlərə vəsait ayırdı? Partiyalara, yoxsa dərnəklərə?
•