azeri-oliqarxlar-rus

Bakı milyarderləri Moskvanın əli ilə vurur

«Rusiya bu prosesdən öz mənafelərinə uyğun istifadə etməyə çalışacaq»

Rusiya Azərbaycan Təşkilatları Ittifaqının yaradılmasını Azərbaycan hakimiyyəti sərt qarşıladı. Baxmayaraq ki, istər təşkilatın yaydığı bəyanatda, istərsə də orada təmsil olunan şəxslərin açıqlamalarında bu qurumun siyasi məqsədlər üçün yaradılmadığı və heç bir dövlətlə bağlı olmadığı bildirildi.
“Azadlıq”a daxil olan məlumata görə, bu günlərdə Azərbaycanın Rusiyadakı səfiri Bakıdan aldığı tapşırıq əsasında bu ölkənin xarici işlər nazirinin müavinlərindən biri ilə görüşüb və Azərbaycan hökumətinin təşkilatın yaradılmasından irəli gələn narahatlığını çatdırıb. O, təşkilatın yaradılmasında Rusiyanın dəstəyinin olması ilə bağlı şübhələrinin olduğunu dilə gətirib. Görünür, Azərbaycan tərəfi təşkilatın məhz Moskvanın dəstəyi ilə yaradıldığına əmindir və səfir Rusiyanı quruma dəstək verməkdən çəkindirmək məqsədi ilə XIN müavinlərinin biri ilə görüşüb. Bəs Rusiyanın buna cavab addımı necə olacaq və Bakının bu məsələ ilə bağlı tələbləri yerinə yetiriləcəkmi?

Siyasi ekspert Rahim Hacıyev Rusiyada yaşayan imkanlı və kifayət qədər tanınmış bu adamların bir təşkilatda birləşməsinin Azərbaycan hakimiyyətini narahat etdiyini deyir. Iqtidar mənsublarının reaksiyası narahatlıq üçün ciddi əsasların olduğunu göstərir.  
Ekspertin fikrincə, hakimiyyətin yürütdüyü siyasət istər ölkə əhalisi, istərsə də xarici qüvvələrin ciddi narahatlığına səbəb olub. Təşkilatın yaradılmasına reaksiya da göstərdi ki, iqtidarın Rusiyada yaşayan məşhur şəxslərlə problemləri var. Azərbaycan hakimiyyətinin dikbaşğılı, başqalarının mənafelərinə hörmətsizliyi, ölkədə olan hər şeyin onlara məxsus olması ilə bağlı mütləq fikrin formalaşması belə nəticələr doğurmalı idi.
Ekspertin sözlərinə görə, hakimiyyətdə belə bir fikir var ki, təşkilatın arxasında bilavasitə Rusiya hökuməti dayanır. Bunun da obyektiv səbəbləri var. Azərbaycan hakimiyyəti bu vaxta qədər başqalarına göstərdiyi münasibətə görə indi artıq cavab verməyə başlayır. Hadisənin böyüməsinin, milyarderlərin yaratdığı təşkilatın Azərbaycan hakimiyyətinə qarşı çevrilməsinin qarşısını almaq üçün hakimiyyətin müxtəlif addımlar atmağa çalışması da təəccüblü görünməməlidir. Bəlli olur ki, Azərbaycan hakimiyyəti ilə nəinki Qərbin, elə Rusiyanın da münasibətləri olduqca gərgindir. Bu əslində hakimiyyətin apardığı başqalarını aldatmaq siyasətinin nəticəsidir. Bu gün artıq hakimiyyət törətdiyi əməllərə görə cavab verməli olur. Rusiyanın bu məsələdə neytrallığını saxlamasına, prosesi alovlandırmaq istəyinin qarşısının alınmasına çalışır.
Ekspert hesab edir ki, Rusiya Azərbaycan hakimiyyətinin mövqeyinin zəifləməsindən istifadə edərək öz şərtlərini diqtə edəcək. Moskva öz maraq və mənafelərinə uyğun olaraq bu prosesdən istifadə etməyə çalışacaq və Azərbaycan hökumətinin onun qarşısını almağa çalışması müsbət nəticə verməyəcək. Yalnız Azərbaycan hakimiyyəti Rusiyanın ciddi proyektlərində iştiraka razılıq versə, onun köməyinə ümid edə bilər.

Fizzə