Azərbaycan büdcəsindən nə qədər pul oğurlanır?

Büdcənin gəlir və xərcələmələrində ciddi problem və nöqsanlar var

Bəlli olduğu kimi, 2013-cü ilin dövlət büdcəsinin layihəsi artıq təqdim edilib. Xatırladaq ki, büdcə gəlirləri gələn il 19 milyard 154 manat, büdcənin xərcləri isə 19 milyard 810 manat təşkil edəcək. Büdcə gəlirlərinin 60 faizi və yaxud  11 milyard 350 milyon manatı Neft Fondundan transfertlər hesabına təmin ediləcək. Göründüyü kimi, büdcənin əsas hissəsi yenə də Neft Fondundan götürülən vəsait hesabına olacaq.
Rəsmi dairə isə davamlı olaraq ölkədə yeni iş yerlərinin açıldığını bəyan edir. Yeni iş yerləri isə təbii ki, büdcəyə yeni daxilolmalar deməkdir. Lakin buna baxmayaraq dövlət büdcəsi daim neftdən gələn gəlirlərdən asılı olur. Belə çıxır ki, büdcənin gerçək siması gizlədilir və ya oğurlanır.
Büdcəyə vergi, gömrük və s. daxilolmalar normal olsa, Azərbaycanın dövlət büdcəsi nə qədər olar?

İqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı söyləyir ki, büdcə parametrlərinə, xüsusilə də gəlir mənbələrinə diqqət edəndə onun faktiki olaraq Neft Fondunun  büdcəsinin yarısı olduğu qənaətinə gəlmək olur. Iqtisadçıya görə, dövlət büdcəmizdə donor kimi Neft Fondu çıxış edir və 2012-ci ildə büdcədə fondun xüsusi çəkisi 60,3 faiz təşkil edir ki, o zaman büdcəyə NF-dan transfertlər 9,9, 10 milyard manat arasında olur. 2013-cü ilin büdcə layihəsində isə fonddan büdcəyə transfertlər yenə də 60,3 faiz olacaq: “Bu illər arasında fərq hiss olunmasa da məbləğ baxımından ödəmələrdə kifayət qədər artımlar var. Söhbət 11,9 milyard manat Neft Fondunun köçürmələrindən gedir. Ölkədə fəaliyyət göstərən neft korporasiyaları müxtəlif vergilər ödəyir, sosial ödənişlər edir. Onları da əlavə olaraq üzərinə gələndə büdcə daxilolmalarının neft sektorunda xüsusi çəkisi 74-75 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, büdcə gəlirlərinin əsas hissəsi neft sektorundan əldə edilir”. M.Talıblının fikrincə, Azərbaycanın indiki halda neft gəlirlərinin artması fonunda büdcə gəlirlərinin də artması tamamilə qanunauyğun görünür. Müsahibimiz hesab edir ki, bu, artıq büdcənin potensial maliyyə mənbələrinin inkişafı, aktivləşməsi və onların difiksal funksiyasının artması deyil. Bu, sadəcə olaraq Neft Fondunun aktivlərinin daha səxavətlə büdcəyə köçürülməsidir. Bir sözlə, hökumət fondun təhlükəsizlik yastığına kifayət qədər etibar edərək əlavə olaraq büdcə gəlirlərinin əhəmiyyətli hissəsinin qeyri-neft sektorundan əldə olunması üçün çalışmır. Bu isə çox mənfi haldır: “Bu arxayınçılıq büdcənin maliyyə mənbələrinin tükənməsi, onun qeyri-neft sektoruna daxil olması üçün ciddi əsaslar yaradır. Büdcənin gəlir hissəsi ölkədəki və ondan kənar iqtisadi şoklara daha həssasdır. Yəni ölkə iqtisadiyyatını faktiki olaraq hərarətləndirən onun neft sektoruyla bağlılığıdır. Hökumətin qeyri-neft sektorunun inkişafının qayğısına qalmaması nəticəsində qeyri-neft sektorundan büdcəyə daxilolmaların həcminin azalmaları ölkədə işgüzar sahibkarlıq mühitinə mənfi təsir göstərir. Bu, həmçinin vergi ödəyicilərinin sayını azaldır və demoqrafik balansı da dəyişir. Qeyri-neft sektorunun inkişafı ölkə büdcəsinə, onun ümumdaxili məhsuluna çox lazımdır. Indiki halda bu şərtlər altında, yəni büdcənin gəlir və xərcləmələrində ciddi problem və nöqsanlar var”.

Sabiq nazir müavini Oqtay Haqverdiyevin qənaətincə, ümumi daxili məhsulda neft sektorunun payı 50-55 faizdir. O.Haqverdiyevə görə, cəmi 45 faiz qeyri-neft sektorunun payına düşür: “Neft olmasaydı, dövlət büdcəsi 10 milyard manat olacaqdı”. Ölkədəki gizli iqtisadiyyata gəlincə, Oqtay müəllim onun 40 faiz təşkil etdiyini söylədi. Həmsöhbətimizə görə, bu, iqtisadiyyatın bütövlükdə vergiyə cəlb edildiyi təqdirdə, neft sektoru olmadan, büdcə 15 milyard manatdan ibarət ola bilərdi: “Lakin hazırda neft sektorunun daxilolmalarını götürməsək, büdcə 10 milyarda yaxındır”.
Sabiq YAP-çı deputat Nazim Məmmədov sözügedən məsələyə keçməzdən öncə dövlət başçısının Vergilər nazirliyi və iqtisadi qurumların qarşısında büdcənin cari xərclərinin vergilər hesabına formalaşması barədəki tapşırığını yada saldı: “Büdcənin cari xərci bir neçə il qabaq təqribən 5 milyard idi. Həmin xərcə əməkhaqları, pensiya fondunun transfetləri, qurumların, büdcə təşkilatları və digərlərinin saxlanması üçün vəsaitlər daxildir. Amma bu il cari xərclər təqribən 10 milyarda yaxındır. Bizim hesablamalarımız onu göstərir ki, əslində dövlət büdcəsindən bir neçə dəfə böyük ”kölgə iqtisadiyyatı” var. Onu aradan qaldıra bilsək, cari xərclərimizi vergilər hesabına formalaşdıra bilərik. Amma hazırda bunu etmək mümkün deyil. Çünki sosial sığorta haqqı ödəyənlər 1 milyon 800 min işçidən ibarətdir. Dövlət başçısı da ölkədə işsizliyin 5,5 faiz olduğunu bildirib. 4 milyon 500 mindən 5,5 faizi çıxsaq, təxminən 4 milyon 300 min qalır. Ondan da 1 milyon 800 mini çıxanda 2 milyon yarım vətəndaş qalır. Sual yaranır: Onlar işləyirsə, onların vergi və sosial ödəmələri hardadır? Fərz edək ki, 1 milyon 500 min nəfər, kənd təsərrüfatında sığorta olunanlar az vəsait ödəyir. Qalan bir milyonu orta aylıq əməkhaqqına vuranda azı 1 milyon işçi “kölgə iqtisadiyyatı”nda çalışır və müqavilə əsasında, muzdlu müqavilə, sahibkarlıq fəaliyyəti və digər fəaliyyətlə məşğul olmayaraq dövlət büdcəsinə heç bir ödəniş etmir. Ortalama 1 milyondan 2 milyona yaxın şəxs vergi və sosial müavinətlərə olan 25 faiz ödənişləri ödəsəydi, gəlir hesabına indiki fəaliyyətimizlə cari xərclərimizi həyata keçirə bilərdik və Neft Fondunun transfertləri infrastruktur layihələrinə yönəldilə bilərdi. Amma indiki durumda 3 milyarddan bir az çox vəsaiti yalnız cari xərclərə xərcləyirik”.

Nigar