İlham Əliyevin Saatlıya gözlənilən səfərində əhalinin onunla görüşməməsi üçün tədbirlər görülür
Ölkə başçısı Ilham Əliyevin Saatlı rayonuna səfəri gözlənilir. Səfərlə bağlı isə rayonda ciddi tədbirlər görülür. Rayon sakinlərindən “Azadlıq”a verilən məlumata görə, ölkə başçısının gəlişi ilə əlaqədar sakinlərindən ov tüfəngi yığışırılıb. Bundan başqa, rayonun mərkəzində fəaliyyət göstərən bütün dükan sahiblərindən şənbə və bazar günləri işə çıxmamaqla bağlı yazılı izahat alınıb. Onlara bildirilib ki, bu gün və sabah heç kim obyektlərini işlətməməlidir.
Bundan başqa, icra hakimiyyətinin tapşırığı ilə rayonun narazı kütləsi diqqət mərkəzində saxlanılır. Belə ki, ölkə başçısının rayona səfər zamanı ona yaxınlaşıb problemlərini dilə gətirmək istəyən adamlar, yaxud məktublarını vermək istəyənlərə nəzarət gücləndirilir. Problemləri daha çox olan kənd camaatıdır ki, onların da rayon mərkəzinə gəlişi yasaqlanıb. Məlumatlara görə, Ilham Əliyevin Saatlıda olduğu gün əksər kəndlərdən rayonun mərkəzinə girişdə postlar qurulacaq ki, bu da insanların gediş-gəlişinə maneəçilik yaradacaq. Bəzi sakinlərlə görüşən vəzifəli şəxslər onların şikayət məktublarını alıb Ilham Əliyevə çatdıracağı vədini verirlər. Məlumatı verən şəxs deyir ki, bəziləri buna inandığı üçün məktublarını veriblər: “Ancaq indiyəqədərki təcrübə göstərib ki, məktublar sahiblərindən alınandan sonra cırılaraq atılıb. Bu dəfə də eyni halın yaşanacğına heç bir şübhə yoxdur”.
Ramin DEKO