Respublikaçı dövlət katibi Obamanı dəstəklədi

Kolin Pauel indiki prezidentə səs verəcəyini açıqladı, partiyasının namizədini isə tənqid etdi

ABŞ-ın keçmiş prezidenti Corc Buşun birinci prezidentlik dövründə dövlət katibi olmuş Kolin Pauel qarşıdan gələn prezident seçkilərində Barak Obamaya səs verəcəyini açıqlayıb. Respublikaçı eks dövlət katibi “Yolumuza davam etməliyik. 2008-ci ildə olduğu kimi bu il də Obamaya səs verəcəm” deyib. Kolin Pauel Obamaya dəstək verməklə kifayətlənməyərək üzvü olduğu Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Mitt Romninin xarici siyasətlə bağlı mövqeyini də tənqid edib.

Rominin xarici siyasət müşavirlərini də tənqid edən Pauel həmin insanların Buşun ətrafında olanlardan daha neo-kon olduqlarını irəli sürüb. Pauel prezidentliyə namizədin təhsil və iqtisadi siyasətlərində çoxlu çatışmazlıqların olduğunu da bildirib. Keçmiş dövlət katibinin dəstək açıqlaması Obama və onun seçki komandasını sevindirib. Ağ Ev rəsmisi Cey Karney Obamanın Pauelə dəstəyə görə, təşəkkürünü bildirib.

Bundan başqa ABŞ-ın keçmiş prezidenti democrat Bill Klinton “O, hər şeyi düz edir” başlıqlı video-çarxda Obamaya qarşı yönələn tənqidlərə münasibət bildirib və bütün bunların ona tanış gəldiyini vurğulayıb:“Elə həmin insanlar bildirirdilər ki, gerçəkləşdirdiyim tədbirlər iş yerlərini azaldacaq. Məni ən pis sözlərlə adlandırırdılar. Yekunda biz 22 milyon yeni iş yeri açdıq, büdcə kəsirini aradan qaldırdıq”.