Hillari Klinton və Ketrin Eşton birgə açıqlama yayıblar
ABŞ Dövlət katibi Hillaiy Klinton və Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton Ukraynada qarşıdan gələn parlament seçkiləri ərəfəsində siyasi vəziyyətdən narahatlıq ifadə edən birgə açıqlama yayıblar. Xarici siyasət idarə rəhbərlərinin birgə açıqlamada deyilir ki, Ukraynada seçki ərəfəsində administrativ imkanlardan hakimiyyətin namizədlərinin xeyrinə istifadə olunması, bir neçə media orqanının üzləşdiyi problemlər narahatlıq yaradır.
Klinton və Eşton Ukrayna hakimiyyətini eks baş nazir Yuliya Timoşenko və başqa keçmiş yüksək vəzifəli rəsmilərə qarşı “planlı cinayət təqibi prosesləri”ni nəzərdən keçirməyə çağırıblar. Əlavə edək ki, oktyabrın 28-də keçiriləcək parlament seçkiləri 2010-cu ildə prezident seçilmiş Viktor Yanukoviçin hakimiyyəti illərində keçirilən ilk seçkidir. Həmin seçkidə Yanukoviçə uduzmuş keçmiş baş nazir Timoşenko hakimiyyətdə olduğu illərdə vəzifədən sui-istifadədə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.