Tikinti təhlükəsizliyi qaydalarına əməl olunmaması bir nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub
“Qış bulvarı” kimi tanınan ərazidə – paytaxtın Nəsimi rayonunda faciəli olay baş verib. Oktyabrın 26-da səhər saatlarında burada betonlama işi zamanı divar uçub. Rəsmi məlumatlara görə, bir nəfər ölüb, üç nəfər yaralanıb.
Daxili Işlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Nəsimi rayonu ərazisində inşa edilən yeraltı avtodayanacaqda beton tökülməsi zamanı divar uçub. Nəticədə orada işləyən Bakı şəhər sakini Şahin Novruzov hadisə yerində ölüb. Elşən Zamanov, Xanoğlan Köşarov və Xırdalan şəhər sakini Bayram Rüstəmov isə xəsarət alıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra yaralılar evə buraxılıb.
Ancaq “Azadlıq”a daxil olan məlumata görə, hadisə zamanı 3 nəfər yox, 5 nəfər yaralanıb. Hazırda həmin yaralılar Bakıdakı xəstəxanaların birində müalicə alırlar.
Ötən gün hadisə olan ünvana baş çəkib olayın təfərrüatlarıyla maraqlandıq.
Nəsimi rayonunda hamının “Qış bulvarı” kimi tanıdığı ünvanda yeraltı avtodayanacaq tikilir. Bayramı günü və olayla əlaqədar olaraq ərazidə heç bir işin getmədiyinin şahidi olduq. Bütün ərazi hasara alındığı üçün içəriyə keçmək də mümkün olmadı. Məcbur qalıb ətrafda yaşayan sakinlərlə söhbət etdik. Sakinlərin dediklərinə görə, avtodayanacağın tikintisi zamanı betonlama işləri aparılırmış. Bu zaman beton lövhələr yaratmaq üçün qurulan taxta karkas uçub. Şahin Novruzov adlı fəhlə təzəcə tökülmüş ağır beton kütləsinin altında qalaraq həyatını itirib. Sakinlər hadisə zamanı ən azı beş nəfərin yaralandığını bildirdilər: “Burada ən azı beş fəhlə ciddi bədən xəsarətləri alıb. Ancaq yalandan deyirlər ki, iki-üç nəfər yaralanıb. Yaralananların hamısı ”Semaşko”dadır. Indiyə qədər də müalicə alırlar. Onların vəziyyəti yaxşı deyildi”.
Sakinlər deyirlər ki, sözügedən ünvanda bu cür faciəli olaylar tez-tez təkrarlana bilər: “Çünki fəhlələrə təhülkəsizlik kəməri verilmir, başlarında ”kaska” olmur. Onların hüquqları qorunmur. Başları üstündə rəhbərlik olsa da, o ancaq işlə maraqlanır. Fəhlələrin həyatıyla burada maraqlanan yoxdur”.
Sakinlərdən ayrılıb əraziyə qayıdırıq. Heç kim gözə dəymədiyindən və hər tərəf bağlı olduğundan hasardan içəri boylanıb bir neçə şəkil çəkib geri qayıtmalı olduq…
Ramin DEKO